Aleks Ferqyuson Ueyn Runi ilə bağlı xəbəri təsdiqlədi
20 oktyabr 2010 16:48 (UTC +04:00)

Aleks Ferqyuson Ueyn Runi ilə bağlı xəbəri təsdiqlədi

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu haqda Ferqyuson açıqlama verib.

Təcrübəli mütəxəssis bildirib ki, bu yaxınlarda Runi ilə görüşü olub. Hücumçu klubdan ayrılmaq haqda qərarının qəti olduğunu söyləyib. 25 yaşlı forvardın “qırmızı şeytanlar”la müqaviləsi 2012-ci ilin iyununda başa çatacaq.

Ferqyuson Runinin qərarından xeyli təəccübləndiyini etiraf edib: “Hələ bir neçə ay öncə Ueyn dünyanın ən yaxşı klubunda oynadığını deyirdi. Amma indi “Mançester Yunayted”lə müqaviləni uzatmaqdan imtina edir”.

İngiltərə mətbuatı isə Ueyn Runi ilə Aleks Ferqyuson arasındakı münasibətlərin soyuduğunu yazır. Runinin cari mövsüm cəmi bir neçə dəfə əsas heyətdə meydançaya çıxmasının bununla əlaqədar olduğu bildirilir. Baş məşqçi iki dəfə Runinin yoxluğunu zədəli olması ilə əlaqələndirib. Lakin hücumçunun özü deyib ki, heç bir zədəsi yoxdur. Hücumçu “Mançester Yunayted”i Avropada transfer pəncərəsinin açılacağı 2011-ci ilin yanvarından tez olmayaraq, tərk edə bilər. İngiltərə millisinin futbolçusuna “Mançester Siti” və “Real” iddialıdır. “Çelsi” də Runu uğrunda mübarizəyə hazırlaşır.

Qeyd edək ki, Ueyn Runi “Mançester Yunayted”ə 2004-cü ilin avqustunda “Everton”dan keçib. Hazırkı klubunun heyətində Runi 3 dəfə İngiltərə çempionluğu, 2 dəfə İngiltərə Kuboku və Superkubokunu, habelə Çempionlar Liqası və klublararası dünya çempionluğunu qazanıb.
# 1021

Oxşar yazılar