Qadınların ali təhsil almasına nə mane olur? - ARAŞDIRMA
11 oktyabr 2010 11:14 (UTC +04:00)

Qadınların ali təhsil almasına nə mane olur? - ARAŞDIRMA

Necə deyərlər, uşağını oxut və bununla da onun təminatlı gələcəyini quraraq sığortala.
Əslində, Azərbaycanda uşaqların təhsilinə göstərilən maraq elə də zəif deyil. Övladlarının ali təhsil almasına cəhd göstərən bir çox valideynlər onların oxuması üçün əllərindən gələni əsirgəmir, az qala aylıq gəlirlərinin yarısını uşaqlarının repetitor xərclərinə sərf edirlər (APA).


Oğlanlar ailənin gələcək çörək qazananları olduğu üçün onların ali təhsil alması daha vacibdir...

Amma iş ondadır ki, bəzi ata-analar belə xərcləri qızlara deyil, daha çox oğlanlara sərf etməyə üstünlük verirlər. Çünki bəzi ailələrdə "oğlanlar ailənin gələcək çörək qazananlarıdır, ona görə də onların ali təhsil alması daha vacibdir” fikri hələ də hegemonluq təşkil edir. Cəmiyyətdə belə bir fikrin hələ də hökm sürməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apardığı araşdırmalardan sonra da təsdiqlənib.

Komissiya 2009-cu ildə apardığı (Qeyd edək ki, TQDK-nın 2010-cu il üçün tələbə qəbulunun elmi-statistik təhlili hələ açıqlanmayıb) araşdırmalardan sonra belə nəticəyə gəlib ki, Azərbaycanda gender bərabərliyinə nail olmaq sahəsində vəziyyət qənaətbəxş olsa da, bu sahədə heç də bütün imkanlardan tam istifadə edilmir, qadınların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr var.

Komissiya gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin daha da
yaxşılaşdırılması üçün bir sıra tövsiyələr irəli sürüb. TQDK hesab edir ki, ilk növbədə qadınların ali təhsil almasına mane olan sosial, mədəni-məişət xarakterli maneələr aradan qaldırılmalı, "oğlanlar ailənin gələcək çörək qazananları olduğuna görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır" kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş, patriarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır. Çünki məhz belə baxışlara görə valideynlər, ilk növbədə öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər. Bununla yanaşı, informasiya və kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır. Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu da potensial imkanları olan bütün hazırlıqlı qızların ali təhsil almasını stimullaşdırsın. Təhsil ilə əmək bazarı arasında mövcud olan uyğunsuzluqları aradan qaldırmaq, tədris proqramlarını bazar iqtisadiyyatının yeni tələbləri ilə uzlaşdırmaq məqsəd ilə onlarda lazımi dəyişikliklər etmək lazımdır. Qızların təhsildən uzaqlaşmasına səbəb olan meyllərin-erkən nikahlar, ictimai-iqtisadi səbəblər və s. qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işləri aparılmalıdır. Gender təhsilinə, gender tədqiqatlarına və eləcə də valideynlər, tələbələr və idarə edənlər arasında gender biliklərinin artırılmasına xüsusi diqqət yetirilməlidir.


Qızların ali məktəbə daxil olmasına başqa səbəblər də təsir edibmiş...

Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd verən oğlan və qız abituriyentlərin say nisbəti geniş diapazonda dəyişir. Əgər 2009-cu ildə Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında ötən il qızların nisbi sayı yalnız 9-32 faiz olduğu halda, respublikanın şimal-qərbində yerləşən Zaqatala, Balakən və Qax
bölgələrindən olan abituriyentlər arasında bu göstərici 63-66 faiz olub. Amma ümumilikdə son 9 ildə qız abituriyentlərin ali məktəblərə qəbulolma faizi sürətlə artıb və oğlan abituriyentlərin qəbulolma faizinə yaxınlaşıb. TQDK-nın məlumatına görə, 1993, 1994 və 2002-ci illər istisna olmaqla, qalan illərin qəbul kampaniyalarında qəbul olanlar arasında oğlanların sayı qızların sayından çox olub. 1993, 1994 və 2002-ci illərdə qəbul olanlar arasında qız abituriyentlərin sayca üstünlük təşkil etməsi qəbul imtahanlarında müsabiqə vəziyyətinin nisbətən zəif olması ilə bağlıdır. Məhz bunun nəticəsidir ki, müsabiqə vəziyyəti aşağı olduqda orta bal intervalından qəbul olanların faizi artır. Bu da sayca daha çox qızların ali məktəblərə qəbul olmasına imkan verir. Bundan əlavə, qızların ali təhsil almasına stimul verən başqa bir amil də var. Məlum olub ki, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Gəncə, Qazax, Quba, Mingəçevir, Naxçıvan, Salyan, Sumqayıt, Şamaxı, Şəki və Zaqatala şəhərlərində filiallarının yaradılması kənd rayonlarında yaşayan və ali təhsil almaq istəyən qızlar üçün geniş perspektivlər yaradıb.


15 yaşdan sonra ər, yoxsa məktəb?

Təhsil Problemləri İnstitutunun direktoru, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü Abdulla Mehrabov da etiraf edir ki, regionlarda qızların təhsildən uzaqlaşdırılması problemi mövcuddur. Amma o belə hesab edir ki, bu problemi yalnız Təhsil Nazirliyi həll etməli deyil. A. Mehrabov problemin ən əsas həllini insanların maarifləndirilməsində görür. Onun sözlərinə görə, maarifləndirmə işində yerli icra orqanları və digər təşkilatlar, hətta qeyri-hökumət təşkilatları da iştirak etməlidir: “Çox xoşagəlməyən bir haldır ki, regionlarda qızın 15 yaşı olan kimi onu ərə verir və bununla da qızı məktəbdən uzaqlaşdırırlar. Belə hallar daha çox cənub zonasında baş verir. Bütün qurumlar, o cümlədən yerli icra hakimiyyətlərinin rəhbərləri bu problemin həllinə qoşulmalıdır. Problemi yalnız Təhsil Nazirliyi aradan qaldırmalı deyil”.

A. Mehrabovun sözlərinə görə, qızların ali təhsildən kənarda qalmasının əsas səbəbkarı onlar özləri olmurlar. Bu məsələdə əsas qərarı valideyn verir: “Cənub bölgəsində valideynin sözü qanun kimi qəbul olunur. Amma artıq dövr dəyişib, yəni uşaq öz təhsilinin taleyini özü həll etməlidir. Çox təəssüflər olsun ki, bəzən valideynlər hələ də “mən dediyim olmalıdır” deyərək qızlarının təhsilinin gələcəyinə dair qərar verirlər. Valideyn artıq dərk etməlidir ki, zaman o zaman deyil, indi XXI əsrdir”.


Qızlar niyə humanitar ixtisaslara meyl edir?

İnstitut direktoru bildirir ki, 1940-1950-ci illərdə orta məktəbdə işləyən müəllimlərin əksəriyyəti kişilər olub: “Amma illər keçdikcə prinsiplər dəyişdi, bazar iqtisadi münasibətləri formalaşdıqca ailə başçısı olan kişilər müəllimlik sənətindən tədricən uzaqlaşdılar. Azərbaycan ailəsində ailəni dolandırmaq ilk növbədə kişinin gəlirindən asılı olduğu üçün onlar artıq qadınlarla müqayisədə özlərini ağır işlərdə daha çox sınayırlar. Hazırda isə orta ümumtəhsil məktəblərində işləyən təxminən 200 minə yaxın müəllimin 70-80 faizi, bəzi regionlarda isə hətta 90 faizi qadındır: “Bu da onu göstərir ki, ümumilikdə qadınların əmək fəaliyyəti çox ciddidir, onların ali təhsilə cəlb olunması səviyyəsi də qənaətbəxşdir. Ancaq buna baxmayaraq, ailələr daxilində maarifləndirmə işinin aparılmasına ehtiyac var”.

A. Mehrabov ali məktəblərə sənəd verən zaman qızların yalnız müəyyən ixtisasları, xüsusən də humanitar sahələr üzrə olan ixtisasları seçməsini də tədqiqat tələb edən bir məsələ hesab edir: “Məncə, qızlar Neft Akademiyasına, Texniki, İnşaat universitetlərində müəyyən texniki ixtisaslara, məsələn, mühəndisliyə sənəd verə bilər. Amma qızlar bunu etmirlər. Qızlar daha çox humanitar sahəyə, xüsusən də müəllimliyə, eyni zamanda iqtisadiyyatla bağlı bəzi ixtisaslara sənəd verirlər”.

A. Mehrabov belə hesab edir ki, qızlar sənəd qəbulu zamanı texniki ixtisasları seçərkən ilk növbədə gələcəklərini düşünürlər: “Texniki sahə ağırdır. Bu sahələr yalnız kişi əməyi tələb edir. Mənə belə gəlir ki, qadınlar texniki ixtisasları seçərkən gələcəklərini fikirləşirlər. Onlar başa düşürlər ki, gələcəkdə real olaraq, hansı sahə üzrə əmək fəaliyyəti ilə məşğul ola bilərlər”.


Serialların təsiri altına düşən qızlar

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı bu fikirdədir ki, azərbaycanlılar övladlarının təhsilinə çox böyük əhəmiyyət verir: “Hətta ən imkansız valideynlər belə qız və oğlan uşaqları arasında fərq qoymadan min bir əziyyət hesabına övladlarının təhsil alaraq müəyyən peşə sahibi olmalarına səy göstərirlər. Bu düşüncə tərzi hələ də davam edir”.

Amma sosioloq qızların ali təhsilə cəlbi ilə bağlı problemlərin başqa səbəblərdən qaynaqlandığını fikirləşir. Onun qənaətinə görə, ali məktəbə qəbul şərtlərinin çətinləşməsi, yalnız əmək haqqı ilə ailəni dolandıran valideynlərin ildən-ilə artan repetitor xərclərini ödəyə bilməməsi ali məktəbə qəbul olan qızların sayında azalmaya gətirib çıxarır: “Belə xərclərə görə valideynlər uşaqlarını, xüsusilə qızlarını 9-cu sinifdən çıxararaq onları ya sənət öyrənmə kurslarını göndərir, yaxud da texnikumlara qəbul olunmalarına səy göstərir”.

Ə. Süleymanlı qız uşaqlarının ali təhsil ala bilməməsinin səbəbini onlar arasında erkən nikah hallarının artması ilə əlaqələndirmir. O belə hesab edir ki, qızları erkən ərə vermək üçün onların 9-cu sinifdən çıxarma halları Azərbaycanda kütləvi xarakter almayıb. Belə hallar yalnız bəzi regionlarda var. Buna görə də qızların ali təhsil almaları ilə bağlı yaranmış problemləri bu amillə əlaqələndirmək reallığa uyğun olmaz.

Maraqlı haldır ki, sosioloq qızların təhsildən yayınmasında serialları da “günahkar” bilir. Onun sözlərinə görə, qızlar serialların təsiri altına daha çox düşürlər. Amma qızların ali təhsil ala bilməməsinin səbəbləri axtarılarkən bu amil çox zaman nəzərdən qaçır: “Son dövrlər məktəblilərin kütləvi olaraq seyr etdikləri seriallar, orada nümayiş etdirilən dəbdəbəli həyat tərzi, eyni zamanda televiziya kanallarında daim reklam olunan “toy” müğənnilərinə oxşamaq və onlar kimi həyat tərzi sürmək istəyi gənclərin dərsdən yayınmasına səbəb olur. Belə hallar qızlarda özünü daha çox büruzə verir. Bunun üçün də bu məsələdə valideynləri həm təqsirləndirmək olar, həm də olmaz. Ona görə təqsirləndirmək olar ki, onlar övladlarına ciddi nəzarət edə bilmirlər. Digər tərəfdən, bu da bir həqiqətdir ki, müasir dövrdə gənclərin tərbiyəsində və şəxsiyyətlərinin formalaşmasında medianın və onları əhatə edən mühitin təsiri daha böyükdür. Bəzi hallarda bu təsir valideynlərin tərbiyəsinin təsirini də üstələyir və nəticədə arzu edilməyən vəziyyət meydana gəlir”.

Ə. Süleymanlı bildirib ki, qızlar ali təhsil almaq istəyərkən onların seçdikləri ixtisaslar üzrə cəmiyyətdə formalaşmış fikirləri də nəzərə alırlar: “Şübhəsiz ki, seçimin bu cür olmasında cəmiyyətdə ixtisaslar, peşələr haqqında uzun illər boyu formalaşmış gender stereotipləri böyük rol oynayır. Uzun illərdən bəri insanlar arasında müəllimliyin qadın ixtisası olması haqqında təsəvvür formalaşıb. Müəllim işləyənlər üçün bütün günü iş yerində olmaq məcburiyyəti olmur. Buna görə də qadınlar, xüsusilə ana olan qadınlar üçün müəllimlik ən münasib iş kimi qəbul edilir. Bunun nəticəsində bu gün orta təhsil müəssisələrində qadın müəllimlərin dominantlığının şahidi oluruq. Məktəbdə kişi müəllimlərin sayının az olması isə öz növbəsində bu gün cəmiyyətdə ciddi müzakirə olunan başqa sosial məzmunlu problemlərin meydana gəlməsinə səbəb olur”.

Ə. Süleymanlı deyib ki, Azərbaycanda təhsil haqqını çox yüksəldən özəl təhsil müəssisələrinin sayı ildən-ilə artır. Bu da Azərbaycan övladlarının, xüsusilə imkansız ailələrin uşaqlarının təhsil alma imkanlarını məhdudlaşdıraraq çox arzuolunmaz nəticələrə gətirib çıxarır: “Ümid edirəm ki, bu tendensiya daha böyük bərabərsizliyə yol açmadan müəyyən ölçülər çərçivəsinə salına biləcək. Unutmayaq ki, bu övladlar bizim gələcəyimizdir və onların təhsilindən bizim gələcəyimiz də çox böyük şəkildə asılıdır”.

Sosioloqun sözlərinə görə, son illər bank, kommunikasiya, turizm və digər sektorlarda çalışan qadınların sayının artması da müşahidə edilir. Ə. Süleymanlının qənaətincə, bu sahələr üzrə çalışan qadınların əmək haqlarının yüksək olması, eyni zamanda buna oxşar amillərdən irəli gələn digər uğurlarının sayının çoxalması ali məktəbə ixtisas seçimi edən gənc qızlara da tədricən öz təsirini göstərir. O belə hesab edir ki, gələcək illərdə bu təsirin müsbət nəticəsini, xüsusilə ali məktəbə ixtisas seçimi əsnasında qızların həmin ixtisaslara maraq dairəsinin genişlənməsi ilə bağlı kəmiyyət göstəricilərinin yüksəlməsini hiss edəcəyik.

Ə. Süleymanlı qadınların təhsili ilə bağlı problemlərinin həlli üçün maarifləndirmə işlərinin aparılmasını çox əhəmiyyətli sayır. Amma o, bu prosesə ziyalıların, sənət adamlarının, ictimai xadimlərin, medianın da bu prosesə çox yaxından dəstək verməsini vacib hesab edir. Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru maarifləndirmə ilə yanaşı, bu problemin digər həlli yollarını da görür: “Hesab edirəm ki, dövlətin müvafiq qurumlarının xüsusi olaraq, az təminatlı ailələrin istedadlı övladlarına-həm qızlara, həm də oğlanlara maddi dəstəyi artırması çox zəruridir. Belə ki, bir qisim ailələr maddi imkansızlıq ucbatından öz istedadlı övladlarını oxuda bilmirlər. Bu məqsədlə vəsaitin ayrılması onların təhsil probleminə yardım edə bilər”.
# 4485

Oxşar yazılar