Quş ovuna qadağa götürülə bilər
07 oktyabr 2010 17:33 (UTC +04:00)

Quş ovuna qadağa götürülə bilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində quş ovuna qoyulan qadağanın ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət edib. Lakin Nazirlər Kabineti yayda göndərilən bu müraciətə hələ cavab verməyib.

DBX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, Nazirlər Kabineti müraciətə cavab vermədiyindən 2005-ci ilin oktyabrından Azərbaycanda quş ovuna qoyulan qadağa hələ öz qüvvəsində qalır. Onun sözlərinə görə, quş qripi ilə bağlı monitorinqlər də hələ davam edəcək.

Mətbuat xidmətinin rəhbəri deyib ki, bu ilin ötən 9 ayında respublika ərazisində quş qripi ilə bağlı 4 dəfə monitorinq keçirilib. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ovçular Cəmiyyətinin nümayəndələri ilə birgə keçirilən monitorinqlər Abşeron, Salyan, Şabran və Lənkəran rayonlarının park və qoruqlarını əhatə edib. Onun sözlərinə görə, 2007, 2008, 2009 və 2010-cu ilin ötən dövrü ərzində ev və çöl quşlarının müayinəsi ilə bağlı aparılan monitorinqlərdə, quşlardan götürülən qan nümunələrində heç bir xəstəlik əlamətləri aşkar edilməyib. Həmçinin regionda epizodik vəziyyət stabildir. Bu səbəbdən də DBX ölkədə quş ovuna qoyulan qadağaların götürülməsini məqsədəuyğun sayır.

Yolçu Xanvəli deyib ki, bu il ərzində daha 2 dəfə – noyabr və dekabr aylarında monitorinqlər aparılacaq.

Elxan SALAHOV
# 589

Oxşar yazılar