Nəqliyyat Nazirliyinin yeniliyi sərnişinləri nəqliyyatsız qoyub
06 oktyabr 2010 19:34 (UTC +04:00)

Nəqliyyat Nazirliyinin yeniliyi sərnişinləri nəqliyyatsız qoyub

Metronun “Neftçilər” stansiyası qarşısından NZS qəsəbəsinə işləyən 60 saylı marşrut avtobusunun xətti 4 aydır ki, bağlanıb.

Bakının Xətai rayonu, NZS qəsəbəsinin bir qrup sakininin Lent.az-a yazdıqları məktubda belə deyilir. Sakinlər bildirirlər ki, uzun müddət 60 saylı marşrut avtobusundan rahat şəkildə istifadə ediblər. Lakin 4 ay əvvəl Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Bakı sərnişin nəqliyyatı” MMC həmin marşrut xəttini bağlayıb.

“Hazırda biz nəqliyyatsız qalmışıq, sakinlər məcbur olub 2-3 kilometr aralıdan keçən başqa marşrut avtobuslarından, taksilərdən istifadə edir. Buna görə də işə, bazara gedən sərnişinlər həm hər gün saatlarla vaxt itirir, həm də hər ailə nəqliyyata 5-10 manat əlavə xərc çəkməli olur. Qəsəbənin nəqliyyatsız qalması barədə dəfələrlə «Bakı sərnişin nəqliyyatı” MMC-yə müraciət olunsa da, problem həll olunmur» - sakinlərin yazdığı məktubda belə deyilir.

Lent.az-ın əməkdaşı 60 saylı avtobusun marşrut xəttinin bağlanmasına aydınlıq gətirmək üçün “Bakı sərnişin nəqliyyatı” MMC-yə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Həsənov faktı təsdiqləyərək bunu Bakının nəqliyyat infrastrukturunda aparılan yeniləşmə ilə əlaqələndirib. O qeyd edib ki, nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə əlaqədar Bakının müxtəlif ərazilərindən NZS qəsəbəsinə işləyən bir neçə marşrut bir xəttə birləşdirilib. Bu səbəbdən də 60 saylı marşrut xətti ləğv olunub.

Samir Həsənov deyib ki, hazırda ləğv olunmuş 60 saylı marşrut xəttinin əvəzində NZS qəsəbəsinə yeni avtobuslar təyin olunub: “Biz bu məsələni sərnişindaşıma xidməti göstərən şirkətlərlə məsləhətləşmə əsasında həll etmişik. Ona görə də 60 saylı marşrut xətti bərpa olunmaycaq”.

Qəsəbə sakinlərinin 60 saylı marşrut xəttinin bağlanmasından narazılığına gəlincə, “Bakı sərnişin nəqliyyatı” MMC-nin nümayəndəsi bu barədə onlara müraciət daxil olmadığını söyləyib. Onun sözlərinə görə, narazılıq olsa belə, bu NZS qəsəbəsində yaşayanların əksəriyyətinin fikri deyil. Samir Həsənov hesab edir ki, hazırda həmin qəsəbədə sərnişindaşıma xidməti əvvəlkindən daha yaxşı təşkil olunur.

Xatırladaq ki, NZS qəsəbə sakinlərinin Lent.az-a ünvanlandıqları məktubun bir surətini də “Bakı sərnişin nəqliyyatı” MMC-nin direktoru Davud Əfəndizadəyə ünvanlanıb.

Elxan SALAHOV
# 1113

Oxşar yazılar