FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirib
06 oktyabr 2010 17:41 (UTC +04:00)

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təlim keçirib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti bu gün ARDNŞ-in Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 1 saylı sexinin 1 saylı çənlər parkında «Rezervuarlarda yanğınların söndürülməsi» mövzusunda taktiki təlim keçirib.

APA-nın məlumatına görə, təlimi fövqəladə hallar nazirinin müavini, genneral-mayor Etibar Mirzəyev müşahidə edib.

Təlimin ssenarisində zavodda xam neft saxlanılan rezervuarlardan birində şərti olaraq baş vermiş yanğınla əlaqədar əraziyə FHN qüvvələrinin cəlbi, qüvvə və vasitələrin iştirakı ilə söndürülməsi və yanğın baş verən çənlərin soyudulması nəzərdə tutulub.

E. Mirzəyev bildirib ki, təlimdə qarşıya qoyulan məqsəd tam yerinə yetirilib. Yanğınsöndürənlər bütün tələbləri yerinə yetirərək qarşılıqlı əlaqələri həyata keçiriblər: «Təlimdə ilk dəfə olaraq Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının özlərinin hazırladıqları köpük darağından istifadə olunub. Bu da çox böyük effekt verib. Belə bir hadisə real həyatda baş verərsə, Bakı qarnizonunun texnikasının və şəxsi heyətinin 80%-ə yaxını cəlb olunmalıdır».

Nazir müavini qeyd edib ki, Azərbaycan FHN neft-qaz infrastruktrunda baş verə biləcək yanğın hallarının qarşısını almaq üçün zəruri olan texniki imkanlara malikdir. Bu yaxınlarda Ağstafa rayonunda Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri ətrafında da belə təlim keçirilib.

Qeyd edək ki, bu gün keçirilən təlimə 20-dən artıq müxtəlif təyinatlı texnika və 50-dən artıq yanğınsöndürən cəlb olunub.
# 1002

Oxşar yazılar