Azərbaycanı sərt qış gözləyir
06 oktyabr 2010 14:49 (UTC +04:00)

Azərbaycanı sərt qış gözləyir

Bu qış Azərbaycanda da hava şəraiti ötən ilkindən sərt keçəcək. Ancaq bu soyuqlaşmanın okean sahillərinə yaxın ərazilərdəki kimi kəskin xarakter alacağı ehtimalı azdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov bu il Avropanı son 1000 ilin ən sərt qışı gözləməsi barədə xəbərdarlıqları Lent.az-a şərh edərkən belə deyib. Onun sözlərinə görə, Atlantik okeanında Qolfstrim cərəyanının istilik halı əvvəlkindən daha soyuqdur. Bu soyuqluq isə şimala doğru tədricən artır.

Gülmalı Süleymanov deyir ki, bu il qışın daha sərt keçəcəyi barədə xəbərdarlıqları Türkiyə ilə yanaşı, Rusiya mətbuatı da yazır. Onun sözlərinə görə, Rusiyada qışın sərt keçəcəyi ilə bağlı hətta dövlət səviyyəsində danışıqlar da gedir.

Azərbaycana gəlincə, İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru deyir ki, bu qış ölkəmizdə də ötən illə müqayisədə daha sərt keçəcək. Ancaq Rusiyadakı kimi ekstremal vəziyyət gözlənilmir: “Okean sahillərinə yaxın ərazilərdə, məsələn, Rusiya və Türkiyədə qış sərt keçə bilər. Lakin bu, bizdə bir qədər mülayim olacaq. Çünki Qafqaz dağları və Xəzər dənizi Azərbaycanı bu cür iqlim dəyişmələrindən Azərbaycanı bir qədər qoruyur. Ona görə də sərt soyuqlaşma Azərbaycanda o dərəcədə kəskin olmur”.

Xatırladaq ki, Türkiyə mətbuatının yaydığı məlumatlarda şimal qütbündən gələn soyuq hava kütlələrinin mülayimləşmədən Avropaya çatacağı deyilir. Elə Gülmalı Süleymanov da deyir ki, Azərbaycana soyuq hava kütlələri əsasən, şimal və şimal-qərb istiqamətindən gəlir. Onun sözlərinə görə, yay aylarının isti keçməsi növbəti qışa təsiri danılmazdır: “Atmosfer axınları həmişə tropiklərdən gəlib Rusiyanın üzərindən keçib Avropaya gedirdi. Bu il isə o axınlar yüksək təzyiq altında Rusiyanın ərazisi üzərində dayandı. Bundan sonra həmin ərazilərə hava axınları davam etmədi və isti axınlar yüksək təzyiq altında 3 ay Rusiyanın başı üzərində qaldı. Bu səbəbdən də bu il bölgədə qış daha sərt olacaq”.

İqlimşünas deyir ki, adətən yay isti keçəndə qış sərt olur. Ötən yay Azərbaycanda Rusiyadakı qədər isti keçmədiyini xatırladan Gülmalı Süleymanov qışın da qonşu ölkədəki kimi sərt olmayacağını proqnozlaşdırır: “Yayda Rusiyada 40-41 dərəcə isti olanda Azərbaycanda temperatur 38-40 dərəcə təşkil edirdi. Eləcə də qışda ola bilər ki, Rusiyada çox güclü şaxtalar düşsün, amma Azərbaycanda o qədər soyuq olmayacaq. Ancaq bu qış keçən ilkindən sərt olacaq”.

Bununla belə, direktor ən sərt soyuqların hansı aylara təsadüf edəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir. Onun sözlərinə görə, havanın temperaturuna dair nəinki uzunmüddətli, heç 3-5 günlük proqnozlar da özünü tam doğrultmur. Bu səbəbdən də qışda ən sərt soyuqların nə vaxt və neçə gün davam edəcəyini indidən proqnozlaşdırmaq olmaz.

Elxan SALAHOV
# 2751

Oxşar yazılar