Azərbaycanda 1,7 milyon nəfərin fərdi şəxsi hesabı var
05 oktyabr 2010 12:21 (UTC +04:00)

Azərbaycanda 1,7 milyon nəfərin fərdi şəxsi hesabı var

2010-cu il oktyabrın 1-ə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7, 4 faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 011 nəfərə yüksəlib.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir - 974 922 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 787 089 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 416 127 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 392 574 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 343 110 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 143 376 nəfərdir.

Fərdi uçot əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Elxan SALAHOV
# 571

Oxşar yazılar