Elton Quliyev: “Müstəntiqlikdən getmək üçün 33 dəfə raport yazdım” - MÜSAHİBƏ
27 aprel 2009 11:00 (UTC +04:00)

Elton Quliyev: “Müstəntiqlikdən getmək üçün 33 dəfə raport yazdım” - MÜSAHİBƏ

“Baba ağıllanmış atadır”

Lent.az-ın “Sən haradsan” rubrikasında qonağımız vəkil Elton Quliyevdir. Onun geniş təqdimata ehtiyacı yoxdur. Bəlkə də bəxti həm də onda gətirib ki, ölkəmizdə bu ada nadir hallarda rast gəlirik. İngilis adıdır, ona görə bəzilərinə qəribə gəlir. Gənc yaşlarında partiyaya keçəndə o vaxt ona adı ilə bağlı iynəli suallar da veriblər ki, sən sovetlərdə doğulmusan, niyə ingilis adı daşıyırsan? O da söyləyib ki, atası müharibədə olanda səngərdə yanında Elton adlı bir ingilis olub və həmin ingilis sovet əsgərlərinə kömək edərkən özü ölüb, atası da ona görə adını belə qoyub. Təbii ki, bu uydurmadır, amma bu nağıl həmin an onu vəziyyətdən yaxşı çıxarıb. Onu yaxından tanıyanlar nə qədər hazır cavab, gərgin vəziyyətlərdən minimum itkilərlə çıxdığını, emosiyalarına kifayət qədər hakim olduğunu yaxşı bilirlər.

...Ədliyyə Nazirliyin iddiası əsasında bir neçə jurnalistin məhkəməsi keçirilir. Vəkil Elton Quliyev ittihamçının arqumentlərini alt-üst edir. Hüquqi dartışmada uduzduğunu görən ittihamçı əsəbi halda hakimə üz tutur ki, mən etiraz edirəm, Elton müəllim əlini cibinə qoyub danışır. Təbii, bütün zaldakıları gülmək tutur, amma vəkil çox sakit halda bu etirazın da əsasız olduğunu izah etməyə başlayır: “Cənab hakim, qarşı tərəf o vaxt etiraz edə bilərdi ki, mən əlimi onun cibinə qoyaraq çıxış edim. Əlim öz cibimdə olduğuna görə, bu etirazı əsasız hesab edirəm”...

Ənənəyə uyğun olaraq ilk sualımız “Sən haradasan” oldu:

- Həmişəki kimi, vəkilliklə məşğuluq. Çoxlarına önəmli, özəl bir iş kimi görünən cild-cild işlər bizim üçün adi gündəlik işdir.

- Yaşınızı gizlətmirsiniz ki?

- Yox, xeyli yaşım var - 53.

- Bu yaşda tutduğunuz yer sizi qane edir?

- Həyatda tutduğun yerlə razı olmaq elə həyatdan razı olmaq deməkdir. Həyatdan razıyam. Həyatda əslində elə bir yerdə durursan, amma bu məkanın görünən və görünməyən tərəfləri var. Bəlkə də bu yer başqa bir mühitdə olsaydı, həmin yeri səciyyələndirən xüsusiyyətlər başqa cür olardı. Amma həyatı bir palitra olaraq qəbul etsək, onun bəzi rəngləri xoşuma gəlmir. Əslində Allah insanı elə yaradıb ki, məhz o özü həyatını rəngə boyamalıdır. Amma bu palitrada elə rənglər var ki, bizdən soruşmadan onu çəkirlər. Hansı ki, mən o rəngləri başqası ilə əvəz edərdim, başqa kolorit verərdim. Buna isə imkan yoxdur.

- Universiteti bitirəndə neçə yaşınız vardı?

- 21.

- Həmin günlərdə 50 yaş və ondan sonranı təsəvvürünüzdə necə canlandırırdınız? Həmin təsəvvürlərlə real həyatda təzadlar oldumu?

- Yaşlılıq dövrü ilə bağlı təsəvvürlərim var idi. Ən azı fikirləşirdim ki, bir gün gələcək, ən azı bu qədər enerjili olmayacam. Amma bu məsələnin kiçik tərəfləridir. Bir gün atamla birlikdə Torqovı küçəsindən keçib, piyada evə gedirdik. Qarşımızdan yaşlı adamlar keçirdilər və onlar atamla görüşdülər. Mən bir az öndə dayanıb, onlara baxırdım. Atam gəlib dedi ki, bu insanlar hazırda təqaüdədirlər, amma vaxtilə Mərkəzi Komitədə işləyiblər. O zaman mən müstəntiq idim. Atam dedi, oğul, sən elə bir yerdə işləyirsən ki, bu iş insanların taleyi ilə birbaşa bağlıdır, səndən razılar da olacaq, narazılar da. Elə yaşa, elə işlə ki, qocalanda Torqovıda kimlərdənsə gizlənmədən, sərbəst gəzə biləsən. Ondan sonra yaşlılığı daha çox təsəvvür etməyə başladım. İndi deməzdim ki, təzadlar var. Onu da deyim ki, həyata baxışda, insanlara münasibətdə və düşüncə tərzində 21 yaşımla indikində elə böyük fərq görmürəm. Çünki heç vaxt xəyallarla, illüziyalarla yaşamamışam.

- Realist olmusuz?

- Deyərdim ki, kifayət qədər sentimentalizm də var. Bütün hallarda həyata onun müvəqqəti olduğunu nəzərə alaraq baxmışam. Həyatdan mənim üçün vacib olan şeyləri almağa çalışmışam. Bu sarıdan, mənim üçün qiymətli olan dəyərlər həmin qiymətini dəyişməyib. Həyat təcrübəsi, insanların xarakterində olan bəzi xislətlər haqqında təsəvvürlər artıb. İnsanın yaşlanması elə o təsəvvürlərin nəticəsidir. Mənim bir dostum var, söhbət edəndə deyir ki, sənin neçə yaşın var? Onun nə dediyini bilirəm. Yaş üç cür olur: fizioloji, xronoloji və psixoloji. Deyirəm ki, indi sən hansını soruşursan? Xronoloji yaş 53-dür. Bu, rəqəmdir və danmaq mümkün deyil. Fizioloji yaş bəlkə 50-dən bir az aşağı olar. Bir xəstəlik keçirdim və onu nəzərə alaraq bunu söyləyirəm. Özümə tənqidlə yanaşıram. Amma psixoloji yaş heç 53-ə yaxın gələ bilmir (gülür). Deməyə də çəkinirəm, amma hər halda 35-dən yuxarı deyil.

- İnsanları ittiham etdiyiniz vaxt da olub, indi isə müdafiə edirsiniz. Sizcə, bunlardan hansı insan taleyində ən çox rol oynayır?

- Əgər iş insan taleyi ilə təmasda olursa, vəziyyət hər iki halda çətindir. Bu çətinliyi nə qədər dərindən dərk etsən, insanlarla münasibət qurmaq bir o qədər asanlaşır. Əgər işinə insan taleyi aspektindən yox, adi bir iş kimi baxacaqsansa, onda vəziyyət qəlizləşəcək. Müstəntiq də, vəkil də ən birinci hüquqşünasdırlar. Müstəntiq eyni zamanda vəkil də ola bilir. O, qanunun tələbinə əsasən ədalətlidirsə, insan taleyində yaxşı rol oynayır. Ədalətli olmaq onun elə birinci vəzifəsidir. Qanun bu səlahiyyəti versə də təəssüf ki, hazırkı müstəntiqlərin bir çoxu belə deyil. Mən də müstəntiq olmuşam, amma heç bir prokuror, rəis qanunlardan kənar olaraq işimə müdaxilə etməyib. Yəni “filankəsi həbs et, o birisini az et” kimi müraciətlər olmayıb. İşimdən narazı qalan olubsa bunu yazılı göstərişlə bildiriblər. mən də ya bu yazılı göstərişi icra etmişəm, ya da ki, narazı qalaraq ondan daha yuxarı instansiyaya yaşılı şəkildə etirazımı bildirişəm. O vaxt müstəntiqin böyük hörməti var idi. İndiki kimi deyildi. Hazırda isə müstəntiq elə vəziyyətdədir ki, bir sahə müvəkkili ondan daha səlahiyyətli görünür. Obyektiv müstəntiq günahkarı məsuliyyətdən, günahsızı azadlıqdan məhrum etməz. Əslində normal müstəntiqin işi ağırdır, o, qarşısında duran kazusu elə həll etməlidir ki, ona səhv tapılmasın.

- Onda sualı belə formalaşdırmaq olar – müstəntiqlikdən işin ağırlığına görə getdiniz?

- Söhbət ağırlıqdan getmir. İşə başlayandan 7 ay sonra istintaqdan getmək haqqında birinci raportumu yazdım. O vaxt mən dissertasiya müdafiə etmək, elmlə məşğul olmaq istəyirdim. O dövrdə isə qanunsuz bir qərar var idi ki, vəzifəli şəxs dövlət qulluğunda ola-ola elmi fəaliyyətlə məşğul ola bilməz. Artıq mövzu da, elmi rəhbər də seçilmişdi. Mənim işdən getmək istəyim DİN-in səlahiyyətli şəxsləri arasında çaxnaşma saldı, hətta bir insident də yaşandı. Mənə dedilər ki, bura yarımhərbi bir yerdir və buradan getməyin iki yolu var: xəstəlik, bir də diskreditasiya. Hətta mən b dəfə dedim ki, işə gəlməyəcəm və siz də bu səbəbdən məni qovmalı olacaqsınız. Dedilər ki, bu yalnız sənin rütbənin aşağı salınmasına səbəb ola bilər. 1977-ci ilin avqust ayında işə girdim, 1978-ci ilin mart ayında ilk raportu yazdım. Müəyyən periodla raportları yazırdım. Eşitmişdim ki, artıq onları qeydiyyata salmadan belə cırıb atırlar. Bunu bilə-bilə, onların əsəbləri ilə oynamaq üçün hərdənbir yenə yazırdım. Bu minvalla, 1991-ci ilə qədər 33 raport yazmışdım. Bir dəfə 1988-ci ildə növbəti raportu yazanda çağırdılar ki, axı sən nə istəyirsən? Dedim elmi işlə məşğul olmaq istəyirəm, dedilər get işini yaz, amma bizdən əl çək. Mən də Moskvada SSRİ prokurorluğunun institutunda işi ilkin müzakirələrdən keçirdim, məqalələr çap olundu, minimumlar verildi, müzakirədə çox bəyənildi. Amma... Bilirsiniz, mən əsas istədiyim o idi ki, ən gənc yaşımda müdafiə edim, gənc alim olum. O vaxt isə yaşım 30-u keçmişdi, ona görə də istəmədim. Elə işi bu etapda da saxladım. Heç vaxt titulların arxasınca qaçmamışam. Kitab beynimdə hazırdır, onu kağıza köçürmək üçün sadəcə vaxt yoxdur. Hərdən dost-tanışla, həbsdə olan müvəkkillərlə zarafatlaşanda deyirəm, məni həbs etsəydilər, oturub bu kitabı yazıb bitirərdim.

- Ən yüksək statusda kimi müdafiə etmisiz?

- Mənim üçün müdafiə etdiyim şəxslərin içərisində ən böyüyü bir seyid olub. O, həddən artıq kasıb idi. 21-ci əsrdə evində radiosu, telefonu olmayan bir şəxs idi. O, mənim üçün çox yüksəkdə duran bir adamdır. Sadəcə yalan danışmaqdan çox qorxan bir adam idi. Onun sürdüyü avtomobillə bir vəzifəli şəxsin uşağının maşını toqquşmuşdu və ağır yol qəzası baş vermişdi. Günah da uşaqda idi. Məmurlar ona küllü miqdarda pul təklif etmişdilər ki, sən bu işi boynuna götür, biz onsuz da sənin işini məhkəmədən qurtaracağıq. Hətta demişdilər ki, bu qədər pulu heç vaxt görməmisən, al, otur evində. Bu da mənim yanıma gəlmişdi ki, bəs başıma belə iş gəlib, indi mən yalan danışa bilmərəm, Allahdan qorxuram. Mən onu müdafiə etdim, həbsdən da azad oldu, hətta bəraət də ala bildim. Səmimi deyirəm, mənim üçün ən böyük statusda olan bu cür insanlardır: kasıb, yardımsız olduğu halda, dinini, vicdanını itirməyib, heç nəyin bahasına yalan danışmayanlar.

Vəzifə baxımdan isə mülki qaydada prezidenti, parlament spikerini və xeyli sayda naziri müdafiə etmişəm.

- Kimi müdafiə etmək sizin üçün daha maraqlı olub, görüşünə həvəslə getmisiniz, necə deyərlər, darıxmısınız həmin görüş üçün?

- Öz müvəkkillərimə hüquqi yardımdan əvvəl daha çox həbsdədirsə, psixoloji cəhətdən yardım etməyə üstünlük vermişəm. Hüquqi yardım öz yerində. Hərdən ilk görüşlərdə sənə hüquq öyrətməyə də cəhdlər olur, sonra iki-üç gündən sonra başa düşürlər ki, bu sahədə artıq mənə nəsə öyrədə bilməzlər. Amma onu da deyim ki, müvəkkillərimin hamısı bir insan materialı olaraq mənə çox maraqlıdır. Darıxmağa gələndə, belə bir hadisə olub. İsaxan Aşurovu 5 günlüyə inzibati qaydada həbs etmişdilər, yaman darıxırdım, tez-tez yanına getdim (gülür). İsaxan mənim dostumdur. Dost isə o adamdır ki, sən ona özün kimi baxa biləsən, güvənəsən, fikirlərini sərbəst bölüşəsən, sənin kimi düşündüyünə inanasan, etibar edəsən, onun yoxluğunu hiss edib, darıxasan. Dost da sənə eynilə səni qədər inanmalıdır. Yəqin ki, bütün insanlar mənimlə razılaşar, amma mənim üçün ən ağır hesab edilən xəyanətdir. Mən hətta dostlarımdan hansınınsa bunu edə biləcəyini təsəvvür edəndə həddən artıq pis oluram. Hətta dostlarımdan olmayanların belə xəyanətini görəndə bunu çox ağır yaşayıram. Mən bunu çox kiçik yaşlarımda münasibətdə olduğum adamdan gördüm. Həmin insanı bağışlamadım, 6-cı barmağım kimi kəsib atdım, yoxdur belə adam.

- Xeyli müddətdir, görünmürsünüz...

- Əslində mən həmişə çalışmışam ki, ortalıqda olmayım, tanınmayım, amma iş fəaliyyətimə görə bu qaçılmaz oldu. İndi də işim həddən çoxdur. Son bir-iki ildir çox böyük həcmli işlərdə iştirak edirəm, onların da xeyli yazı-pozusu var. Buna görə də medianın, cəmiyyətin maraq göstərdiyi işlərlə məşğul olmağa sadəcə vaxt yoxdur.

- Bildiyimizə görə, artıq neçə vaxtdır baba olmusunuz. Baba statusu insanın həyatında nəyisə dəyişirmi, baba statusu ilə ata statusunun arasında fərq varmı?

- Var. Baba ağıllanmış atadır. Baba artıq övladına başqa gözlə baxır. Ata təcrübəsiz, uşağına oyuncaq kimi baxan və onun özbaşına böyüyəcəyinə əmin olan, özünün iştirakını sadəcə oğlum və ya qızım var deyib, onları təqdim etməkdə görən, maddi cəhətdən təmin edən biridir. Baba isə uşaqlarını böyüdərkən buraxdığı səhvləri başa düşən, onları yenidən düzəltməyə imkanı yaranan birisidir. Deyirlər, nəvə baladan şirindir. Bilirsiniz niyə belə deyirlər, çünki vaxtilə balanı bu qədər qiymətləndirmək imkanın olmayıb, indi onu daha artıq qiymətləndirirsən.

- Azərbaycanda indi bir Elton Quliyev də var, sizin nəvəniz. Tanınmış bir şəxsin adını və soyadını daşımaq məsuliyyətli olacaq...

- Bu adı ona mən vermədim. Azərbaycanda çox maraqlı bir iş də var ki, bəzən insanlar böyüyün adını qoyanda gəlib ondan icazə alırlar. Oğlum mənə müraciət etdi ki, biz istəyirik uşağa sənin adını qoyaq, icazə verirsənmi? Mən təəccübləndim ki, icazə nəyə lazımdır? Dedim, mən bu adı inhisara götürməmişəm, amma sən yenə də normal bir ad fikirləş. Onu da deyim ki, heç bir ad, soyad, atanın, ananın kimliyi uşağın boynuna məsuliyyət qoymur. Uşaq o məsuliyyəti hiss etmirsə, nədən danışmaq olar?

- Bildiyimizə görə, atanız güclü xarakterə sahib olan və öz dövründə kifayət qədər tanın bir insan olub. Bəs onun sizin həyatınızda buraxdığı hər hansı bir iz varmı, onun oğlu olmaq məsuliyyət yaradıbmı? Siz özünüz oğlunuzun həyatına biz iz sala bilirsinizmi?

- Atamı itirəndə 22 yaşım vardı. Şübhəsiz ki, atanın insan həyatında bir izi olur. Məsələn, oğlum bəzi yerlərdə yüngül addımlarla keçir, həmin izləri isə bəzən mən dərinləşdirirəm. Amma uşaq başa düşməsə bu izlərin dərinləşməsi də mümkün deyil. İndi atam da , oğlum da mənim üçün əvəzolunmaz, dəyəri ölçülə bilməyən varlıqlardır. Həyatım boyu çalışmışam ki, övladlarım haradasa, nə vaxtsa atalarının kim olduğunu deməyə çəkinməsinlər. Alınıb-alınmadığını isə onlar daha yaxşı bilərlər.

- Normal şəraitdə sizə iş seçmək imkanı verilsəydi, ədliyyə sisteminə, yoxsa prokurorluğa gedərdiniz?

- Heç birinə. Bu gün ideal şəraitdə “özünə bir peşə seç” desələr, kənarda, mobil telefon tutmayan, elektriki olan, amma telefon əlaqəsi olmayan bir daxma istərdim. Amma yanında yaxşı bir hamam, bir at, bir də yazı-pozu üçün normal şərait istərdim.

- Nə yazmaq istəyirsiniz ki?

- Bir fəlsəfi kitab ola bilər. Bəlkə də...

- İndi kitab yazmağınıza mane olan nədir?

- Vaxt.

- Bəs vaxtınızın olmamasının səbəbi?

- İşlərin çoxluğu, məsuliyyəti. Bundan başqa, hamı öz işini məsuliyyətlə görsə, vaxt da çox ola bilər. Məsələn, işıqları söndürürlər və yanmır, gedirsən bunun dalınca problemi həll etməyə, deyirsən ki, əgər bu işıq yanmalıdırsa, nə üçün sönür və ya sönməlidirsə, nədən bunu yandırırsınız? Hansı ki, bu qətiyyən sənin işin deyil, zibili gəlib aparıb atmalıdırlar, atmırlar, bu işi də sən görürsən və s. Bundan başqa, səhər saat 9-a məhkəmə təyin edirlər, saat 11-dir, amma proses başlamır. Niyə? Zal yoxdur. Heç də az olmayıb ki, biz zalların qarşısında keşik çəkək və zal boşalan kimi özümüzü ora təpək ki, hakim gəlib prosesi aparsın. Vəziyyət gülməlidir. Bax bunlar xırda-xırda yığılır və insanın həyatından xeyli vaxt aparır.

Səbinə Əvəzqızı

# 2534
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar