Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır
07 sentyabr 2010 16:12 (UTC +04:00)

Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

Görüş Bakı vaxtı ilə saat 23:45-də Köln şəhərindəki “Reynenerqiştadium”da baş tutacaq. Matçı FİFA referisi Markus Strömberqssonun rəhbərliyi altında isveçli hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri qismində Stefan Vittberq və Fredrik Nilson yardımçı olacaqlar. Dördüncü hakim isə Daniel Stalhammerdir.

Almaniya millisi artıq cari seçmə tsikldə bir oyuna çıxıb. Bundestim sentyabrın 3-də səfərdə Belçikanı yenib – 1:0. Yığmamızın isə ilk sınağı məhz bu günə təsadüf edəcək. Avqustun 30-dan Almaniyada olan komandamız bir yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Millimiz yarımhəvəskar “Rust”u böyük hesabla yenib – 4:0.

Hər iki komanda qarşılaşmaya itkilərlə çıxacaq. Millimizin heyətində zədə üzündən müdafiəçi Ruslan Abışovla Vladimir Levin matçı kənardan seyr edəcək. Bundestimə isə Belçika ilə əvvəlki görüşdə dizindən zədə alan müdafiəçi Marsel Yansen kömək edə bilməyəcək.

Oyun öncəsi keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts son dünya çempionatının bürünc mükafatçıları ilə səfər matçında sürpriz gözləmədiyini açıqlayıb: “Artıq 8 gündür ki, komanda üzvləri bir yerdədir. Uşaqlar oyuna çox həvəslə hazırlaşırlar. Ümid edirəm ki, 50 min azarkeşin təzyiqinin öhdəsindən gələ biləcəklər. Amma sürpriz olacağına inanmıram və heç gözləmirəm. Çünki Almaniya çox güclü rəqibdir. Bakıda isə nəinki Almaniya, istənilən komanda ilə oyunda sürpriz edə bilərik. Heç bir komanda Bakıda asan oyuna ümid etməsin”.

Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə yalnız qələbə haqda düşündüyünü bildirib. O, yığmamızı nəinki Kölndə, hətta Bakıda da məğlub etmək niyyətində olduqlarını bildirib: “Azərbaycan yığmasının bizə qarşı necə oynayacağından xəbərdarıq. Rəqib futbolçular öz cərimə meydançalarının önünə toplaşacaq. Oyunumuzu pozmaqla yanaşı, xoşbəxtliyi əks-hücumlarda axtaracaqlar. Ona görə də oyunun tempinə daim nəzarət etməli, rəqibə top verməməliyik. Belədə çoxlu qol vurmaq imkanımız olacaq. Azərbaycan yığmasına dostum Foqts rəhbərlik etsə də, bu komanda ilə iki oyundan 6 xal götürməyi planlaşdırmışam. Azərbaycanı həm evdə, həm də səfərdə yenməliyik. Heç bir problem planlarımızı poza bilməz. Yəni, heç-heçə və ya məğlubiyyət variantlarını müzakirə etmək istəmirəm”.

Qeyd edək ki, görüş AzTV və “İdman Azərbaycan” televiziyaları vasitəsilə canlı yayımlanacaq.

Ümumiyyətlə, sentyabrın 7-də 9 qrupda 23 görüş keçiriləcək:

A qrupu

23:00. Türkiyə - Belçika
23:30. Avstriya – Qazaxıstan
23:45. Almaniya – Azərbaycan

B qrupu

20:00. Rusiya – Slovakiya
23:00. Makedoniya – Ermənistan
23:45. İrlandiya – Andorra

C qrupu

23:30. Serbiya – Sloveniya
23:50. İtaliya – Farer adaları

D qrupu

22:30. Belarus – Rumıniya
23:15. Albaniya – Lüksemburq
24:00. Bosniya və Herseqovina – Fransa

E qrupu

23:00. İsveç – San-Marino
23:30. Macarıstan – Moldova
23:30. Hollandiya – Finlandiya

F qrupu

22:00. Gürcüstan – İsrail
22:30. Malta – Latviya
23:30. Xorvatiya – Yunanıstan

G qrupu

22:30. Bolqarıstan – Çernoqoriya
23:45. İsveçrə - İngiltərə

H qrupu

23:15. Danimarka – İslandiya
23:30. Norveç – Portuqaliya

İ qrupu

23:15. Çexiya - Litva
24:00. Şotlandiya – Lixtenşteyn.

Bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
# 621

Oxşar yazılar