Foqts: “Moskvaya alverə gəlməmişik” - MÜSAHİBƏ
27 mart 2009 11:00 (UTC +04:00)

Foqts: “Moskvaya alverə gəlməmişik” - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiyanın “Sovetskiy sport” qəzetinə müsahibə verib. Moskvanın “Domodedovo” hava limanında almaniyalı mütəxəssislə aparılan söhbət kifayət qədər maraqlı alınıb. Lent.az 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Rusiya – Azərbaycan matçı öncəsi götürülən müsahibəni təqdim edir:

- Gerr Foqts, yenidən Rusiyaya xoş gəlmisiniz...

- Çox sağ olun. Moskvaya qayıtdığım üçün şadam. İndiyədək burada neçə dəfə olduğumu artıq yaddan çıxarmışam. Deyəsən, 10-12 dəfədən az deyil.

- Rusiya paytaxtı Sizin yaddaşınızda necə qalıb?

- Moskvadan suvenir alaraq, evimə aparmışam. Bu əşya ağacdandır.

- Matroşka?

- Bəli. O, hələ indi də mənim evimdə saxlanılır.

- Bu dəfə suvenir almayacaqsınız?

- Yox, Siz nə danışırsınız? Mənim xeyli işim var. Biz Moskvaya alverə gəlməmişik.

- Sonuncu dəfə Sizinlə 2008-ci il Avropa çempionatı vaxtı söhbətləşmişdim. O vaxt Siz tribunadan Rusiya millisinin oyununu izləyirdiniz...

- Yadımdadır. O vaxtlar mən almaniyalı jurnalistlərə oyunları işıqlandırmaqda kömək edirdim. Məşqçi həmkarlarımla görüşdüm. Eyni zamanda, Azərbaycanın 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibləri Rusiya və Almaniyadan “casusluq” edirdim.

- Avropa çempionatında Rusiya və İspaniya yığmaları arasında keçirilmiş qrup matçının 1:1 hesabı ilə nəticələnəcəyini bildirmişdiniz. Lakin matç 1:4 hesabla nəticələndi.

- Bəli, o zaman mən proqnozumda çox böyük səhvə yol vermişdim. Amma hər halda Rusiya yarımfinaladək irəlilədi. Elə o vaxt Rusiyanın üstünlüyünün möhkəm yarımmüdafiə və cəld cinahlardan ibarət olduğunu anladım. Komandanız bu üstünlüyünü sonrakı matçlarda da göstərdi.

- Rusiyanın eyni üstünlüyünü martın 28-də də nümayiş etdirəcəyini gözləyirsiniz?

- Yalnız onu deyə bilərəm ki, sizin komanda öz meydanında səfərdəkinə nisbətən yaxşı oynayır. Bundan əlavə, Qus Hiddinkin komandasının dünyada ən güclü yığmalardan olduğunu hesab edirəm.

- Hiddinkin özü ilə tanışsınız?

- Nəinki tanışıq, onu özümə dost sayıram. Sonuncu dəfə biz iki ay öncə Avstriyanın Vyana şəhərində keçirilən Avropa məşqçilərinin forumunda söhbətləşmişdik. Qus – əla məşqçi və xoş insandır. Onunla söhbətləşmək həmişə maraqlıdır.

- Çoxları hesab edir ki, Sizin üçün Rusiyanı yenmək şərəf məsələsidir. Axı öz həmyerlilərinizə kömək etməlisiniz. Hiddinkin komandası isə qrupda Almaniyanın əsas rəqibidir...

- Başa düşmürəm, nə danışırsınız? Mən şəxsən heç kimə kömək etməyə hazırlaşmıram. Ümumiyyətlə, Azərbaycan da qrupdan çıxa bilər.

- Məgər almaniyalı dostlarınız Sizdən Rusiyanı yenməyi xahiş etməyiblər?

- Azərbaycandan olan dostlarım mənə uğur arzulayıblar. Bütün Azərbaycan xalqı bizdən yaxşı oyun gözləyir. Təkrar edirəm, biz hələ də dünya çempionatına vəsiqə qazanmağa namizədik. Heç kimə heç bir kömək etməyəcəyik.

- Elə isə Azərbaycanı Moskvada heç-heçə və ya minimal hesablı məğlubiyyət qane edirmi?

- Deyəsən, Siz zarafat edirsiniz. Məni yalnız qələbə qane edir.

Qeyd edək ki, Moskvadakı “Lujniki” stadionunda keçiriləcək Rusiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Elşən
# 1716

Oxşar yazılar