“Neftçi”nin prezidenti: “Gede diskotekada oynayanda heç nə demədik ki...” - MÜSAHİBƏ
16 mart 2009 10:00 (UTC +04:00)

“Neftçi”nin prezidenti: “Gede diskotekada oynayanda heç nə demədik ki...” - MÜSAHİBƏ

Bu gün “Neftçi” futbol klubunun prezidenti, Azərneftyağ Neft Emalı Zavodunun direktoru Əkbər Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Ə.Hacıyev müsahibəsində son zamanlar ən titullu klubumuzda baş verən proseslərə münasibət bildirib. O, Lent.az-ın da suallarını cavablandırıb:

- Hans Yurgen Gedenin istefası nə ilə əlaqədar idi?

- Bu barədə yenidən danışmağa lüzum yoxdur. Gede getdi, qurtardı. Səbəblər də açıqlandı.

- Konkret, narazılığınız nədən idi: nəticələrdən, yoxsa?

- İşindən narazı idik. Müqavilədəki bəndlərə əməl etmədi. Müqavilədəki şərtlər tamam başqa idi.

- Vaxtından əvvəl istefaya göndərdiyiniz üçün Gedeyə kompensasiya ödəyəcəksiniz?

- Xeyr. Kompensasiya verilməyəcək. Qanuna əsasən, iki aylıq əmək haqqı əvvəlcədən ödənilib.

- Hesab etmirsiniz ki, Gedenin gətirilməsi səhv addım idi?

- Yox. Səhv olsaydı, o işdən çıxarılmazdı. Axı bizim səhvimiz nədir ki? Gəlib, öz öhdəsinə düşən işi bacarmayıb, buna görə işindən azad olunub.

- Bəlkə onu insani keyfiyyətlərinə görə kənarlaşdırmısınız?

- Əsla. Onun insani keyfiyyətlərinin mənə dəxli yoxdur. Diskotekada oynayanda ona bir söz demədik ki... İşində düz olardı. Amma işini yaxşı yerinə yetirmədiyi üçün çıxarılıb.

- Bəs onun köməkçisi Rob Reekersin də istefaya göndərilməsi gözlənilirmi?

- Xeyr. Hələ ki, işini davam etdirir. İnternat-məktəbimizdə işləyəcək, uşaqları hazırlaşdıracaq.

- “Neftçi”nin bu mövsüm heç bir iddiası qalmayıb. Qalan oyunlara hansı məqsədlər üçün çıxacaqsınız?

- 5-liyə və ya 6-lığa düşmək üçün. Medallara və kuboka iddiamız tükənib deyə, oynamaqdan imtina edəsi deyilik ki... Paralel olaraq, gələn mövsümə hazırlaşacağıq.

- Bəs gələn mövsüm məqsədiniz nə olacaq?

- “Neftçi”nin həmişə məqsədi nə olub?

- Amma artıq 4 mövsümdür ki, nə çempion ola, nə də kuboku qazana bilirsiniz...

- Nə olsun?

- Heç bir tədbir görmək niyyətiniz yoxdur?

- Tədbir nəyə deyirsiniz?

- Son 4 mövsümdə “Neftçi”də 4 baş məşqçi dəyişib. Amma ciddi uğur olmayıb...

- Demək, baş məşqçinin tez-tez dəyişdirilməsi yaxşı hal deyil. Bundan sonra məşqçi dəyişdirilməyəcək. Gələn mövsümə də komandamızı Boyükağa Ağayev hazırlaşdıracaq.

- Stadionunuz nə vaxt hazır olacaq?

- Gələn mövsüm ev oyunlarımızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyik. Tofiq Bəhramov adına Respublika stadionunda bu mövsümün sonunadək çıxış edəcəyik.

- Komandanıza xeyli legioner transfer olunub...

- Onlardan bizə lazım olmayanlar mövsümün sonunda göndəriləcək. Əsas güc cavan və əvəzedici komandamızdan gələn futbolçulara veriləcək. Legionerlər isə ciddi sınaqdan çıxarılacaqlar. Güclüdürlərsə, oynayacaqlar. Tələblərimizə cavab verməyənlər isə göndəriləcəklər.

- Hazırkı legionerlərinizin səviyyəsi Sizi qane edir?

- Yox.

- Hamısını?

- Hamısını deyə bilmərəm. Bir də ki bu, baş məşqçinin işidir. Mövsümün sonunda onu hansı legionerin çıxışı qane etməsə, göndərərik.
# 1504

Oxşar yazılar