Mərc oyunları 10 günə başlayır
06 sentyabr 2010 17:45 (UTC +04:00)

Mərc oyunları 10 günə başlayır

Bu haqda gənclər və idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır. Bir müddət öncə Nazirlər Kabinetinin iki sərəncamı imzalanıb. İşə başlamaq üçün son mərhələ isə Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin birgə imzaladığı bukmeyker kontorlarının vergi məsələsi ilə bağlı sənəd olacaq: “Ümumi razılıq var. Yaxın günlərdə bu işə başlamağa heç bir maneə görmürəm”.

Rəhimov bildirib ki, mərc oyunları dövlətin qaydaları, qanunları əsasında tənzimlənəcək. Ümumi dövriyyədən 6 faiz vəsait dövlət büdcəsinə ödəniləcək: “Bu işin təşkilində əsas rolu olan “Azinteltek” şirkəti 400-dək postterminal adlanan cihaz alaraq, mərc oyunlarının keçiriləcəyi obyektlərə paylayıb. Bütün nöqtələrdə treninqlər aparılır. Nazirlər Kabinetinin növbəti sərəncamı, Vergilər və Maliyyə nazirliklərinin birgə imzalayacağı sənəd hazır olduqdan sonra işə başlana bilər”.

Nazirin fikrincə, mərc oyunları leqallaşdırılanadək mövcud olan “qara bazar” qanunsuz fəaliyyət göstərib: “Mənim bir vətəndaş kimi xəbərim yox idi ki, Azərbaycanda belə “qara bazar” var. Bu iş başlanan kimi biz həqiqətən də öyrəndik ki, Bakı, Gəncə kimi böyük şəhərlərdə, müxtəlif yerlərdə “qara bukmeyker” nöqtələri, kafeləri fəaliyyət göstərir. Sözsüz ki, bu, qeyri-qanunidir. Onlar heç bir vergi ödəmirlər. Oradakı şərait heç bir qurumu qane edə bilməz. Fikrimcə, təkcə mərc oyunları ilə bağlı yox, “qara bazar”da işləyən bütün nöqtələr bağlanmalıdır. Baxmayaraq ki, dövlət tərəfindən mərc oyunları açılır və ya açılmır. Vergi verməyən, belə şəraitdə işləyən, heç bir qanuna əsaslanmayan nöqtələr bağlanmalıdır”.

Rəhimov onu da bildirib ki, Azərbaycanda mərc oyunları təşkil olunsa da, Unibank Premyer Liqasındakı oyunlara pul qoyuluşu etmək qadağandır və belə hal yoxdur.

Elşən Məmmədov
# 984

Oxşar yazılar