Məscidə silahlı basqınla bağlı axtarışda olan şəxslərin adları açıqlandı
03 sentyabr 2010 13:26 (UTC +04:00)

Məscidə silahlı basqınla bağlı axtarışda olan şəxslərin adları açıqlandı

Lənkəranda baş vermiş silahlı insidentlə bağlı axtarışda olan şəxslərin adları açıqlanıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bunlar Masallı rayon sakinləri Zamin Sadıqov, Elvin Mirzəyev, Arif Feyzullayev, Orxan Dəyyazov, Sadiq Həsənov və Lənkəran rayon sakini Emin Bəşirovdur. Hazırda adıçəkilən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyi (DİN) də insidentlə bağlı məlumat yayıb. APA-nın DİN-in internet saytına istinadən xəbərinə görə, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirib, Ramin Ağamoğlanova isə xəsarət yetiriblər. R.Ağamoğlanov xəstəxanaya yerləşdirilib.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulub, digərlərinin də tutulması üçün ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə “Vinçester” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisə iştirakçılarından ikisi -Masallı sakinləri Ramil İlham oğlu Hümbətov və Emin Bağırov saxlanılıb.

Lənkəran rayon prokuroru Ramiz Nəbiyev isə APA-ya açıqlamasında hadisənin dini zəmində baş verməsi barədə yayılmış şayiələri qəti inkar edərək, hazırda faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib: “Hadisə Qumbaşı kənd məscidinin yaxınlığında baş verib. Bir qrup Masallı sakini yığışıb gələrək orda şəxsi münasibətlər zəminində insident yaradıb. Hazırda tərəfimizdən hadisə şahidlərinin dindirilməsi həyata keçirilir”.
# 698

Oxşar yazılar