Lənkəranda məscid atəşə tutuldu: 1 ölü, 1 yaralı
03 sentyabr 2010 10:35 (UTC +04:00)

Lənkəranda məscid atəşə tutuldu: 1 ölü, 1 yaralı

Azərbaycanın Lənkəran rayonunda silahlı insident baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 3-də saat 00.15 radələrində rayonun Qumbaşı kəndi ərazisində qeydə alınıb.


Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinə yığışmış yerli sakinlərə “Vinçestr” markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1963-cü il təvəllüdlü Elşad Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.


Hadisə ilə bağlı Lənkəranın hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
# 576

Oxşar yazılar