Medvedev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
03 sentyabr 2010 00:48 (UTC +04:00)

Medvedev Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Sentyabrın 2-də Rusiya prezidenti Bakıda Fəxri xiyabana gəlib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Rusiya dövlətinin başçısı müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Dmitri Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzüb.

Sonra Dmitri Medvedev Şəhidlər xiyabanını ziyarət edib. Rusiya prezidenti və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət ediblər.

Rusiyanın dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.


Səfərin ilk gününün sonunda Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib.

Dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən prezident İlham Əliyev deyib ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaq. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu bildirib.

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırıb və bildirib ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcək. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğulayıb və bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcək. Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğulayıb.

Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə təşəkkürlərini çatdırıb.
# 806

Oxşar yazılar