Çeçenistan prezidentsiz qaldı
02 sentyabr 2010 18:41 (UTC +04:00)

Çeçenistan prezidentsiz qaldı

İndiyə qədər Çeçenistan Respublikasının prezidenti adlanan Ramzan Kadırovun vəzifəsi ləğv edilib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, o, bundan sonra “Çeçenistan rəhbəri” adlanacaq.

Çeçenistan parlamenti Kadırovun vəzifəsinin dəyişdirilməsi barədə məsələyə sentyabrın 2-də baxıb. Deputatlar müzakirələrin nəticələrinə uyğun olaraq Konstitusiyaya dəyişikliklər etmək və prezident vəzifəsini “Çeçenistan rəhbəri” adlandırmaq barədə qərar qəbul ediblər.

Xatırladaq ki, Rusiya Federasiyası subyektlərinin rəhbərlərinin vəzifəsinin adını dəyişmək təşəbbüsü ilə Ramzan Kadırov avqustun 12-də çıxış edib. Onun fikrincə, Rusiyada bir prezident olmalıdır və bu da Dmitri Medvedevdir. Artıq avqustun 14-də çeçen deputatlar Kadırova yeni vəzifə tapıblar – “Çeçenistan rəhbəri”.

Onu da qeyd edək ki, Şimali Qafqaz respublikalarının liderləri – İnquşetiya, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz prezidentləri Kadırovu dəstəkləyiblər və vəzifələrinin adının dəyişməsi ideyasına müsbət yanaşıblar. Amma Tatarıstanda Çeçenistan rəhbərinin təklifi soyuq qarşılanıb. Ümumilikdə isə Rusiyada 13 regionun rəhbəri prezident postunda əyləşib.
# 1377

Oxşar yazılar