Olimpiya çempionumuz qaraciyərindən müalicə olunur – MÜSAHİBƏ - EKSKLÜZİV
23 iyun 2010 10:30 (UTC +04:00)

Olimpiya çempionumuz qaraciyərindən müalicə olunur – MÜSAHİBƏ - EKSKLÜZİV

1992-ci il Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Nazim Hüseynovun Lent.az-a eksklüziv müsahibəsi


- İyunun 23-də Beynəlxalq Olimpiya günü qeyd olunur. Yəqin ki, bu, həm də bir Olimpiya çempionu kimi Sizin bayramınızdır…

- Mən də Beynəlxalq Olimpiya günü münasibətilə bütün Azərbaycan xalqını, bütün idmançıları təbrik edirəm. Doğrudan da bu gün ölkəmizdə idman çox yüksək səviyyədə inkişaf edib. Olimpiya kompleksləri inşa olunub, idmançılarımız 2000-ci il Sidney Yay Olimpiya Oyunlarından etibarən olimpiadalardan qızıl medallarla qayıdıblar. Bu da 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra baş verib. Əminəm ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında medalların sayı daha da çoxalacaq. Növbəti olimpiadada ən azı 2-3 qızıl medalımız olacaq.



- Hazırda nə işlə məşğulsunuz?


- Mən Milli Olimpiya Komitəsinin təftiş komissiyasının sədr müaviniyəm. 2009-cu ilin idman yekunlarına həsr olunan tədbir zamanı cüdo üzrə digər olimpiya çempionumuz Elnur Məmmədli mənə yaxınlaşdı. Bildiyiniz kimi, cüdoda qaydalar dəyişib. Artıq əllə ayağa fənd atmağa qadağa qoyulub. Məmmədli isə olimpiadada əllə ayağa fəndlər tətbiq etməklə qızıl medal qazanıb. Mən bir növ hazırda icazə verilən fəndlərlə olimpiya çempionu olmuşam. Ona görə də Elnur Məmmədli ona yeni qaydalara uyğunlaşmaqda kömək istədi. Düzdür, qaydalar dəyişəndən sonra Elnur Misirdə keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Lakin o, Tunis və Rumıniyada təşkil olunan turnirlərdə uğurla çıxış edə bilməyib. Bu da Məmmədlinin yeni qaydaları hələ tam mənimsəməməsi ilə əlaqədardır. London olimpiadasına isə artıq 2 il qalıb. Hazırda qara ciyərimdə problem var. İkinci kurs müalicədən keçməliyəm. Prezidentimizin tapşırığı ilə məni müalicəyə göndərirlər. 6 aydan sonra gənclərdən ibarət yığmamızda baş məşqçi kimi fəaliyyətə başlayacağam. Eyni zamanda Elnur Məmmədliyə kömək edəcəyəm.


- Bu məsələ artıq dəqiqləşib?


- Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov bir müddət öncə bu haqda məni məlumatlandırıb. Təyinatım məşqçilər kollegiyasının iclasında təsdiqlənəcək. Fikrimcə, 2011-ci ildən işə başlayacağam və digər məşqçilərlə birgə London olimpiadasında layiqli çıxış etməyə qadir cüdoçular yetişdirəcəyik. Gənclərdən ibarət millimizdə Vüqar Şirinli, İlqar Müşkiyev kimi perspektivli cüdoçular var. Onları da qarşıdakı olimpiadada görürəm. Amma hər şey məşq prosesindən asılıdır.

- Qara ciyərinizdəki problem nədən ibarətdir?

- Vaxtilə mənim qara ciyərimdə xəstəlik olub. Cüdoçumuz Mehman Əzizovla birgə müayinə olundum. Artıq birinci kurs müalicədən keçmişəm. Gələn ay ikinci kurs müalicəyə başlamalıyam. Artıq analizləri Türkiyədəki klinikaya göndərmişəm. Sağ olsun, Milli Olimpiya Komitəsi və federasiyamızın prezidenti Füzuli Ələkbərov, onlar mənə kömək etdilər.

- Birinci kurs müalicəni nə vaxt keçmisiniz?

- Bu kursu İsraildə keçdim. Lakin müalicənin səviyyəsi məni qane etmədi. Orada 6 aylıq kurs keçdim, amma tam sağalmadım. Xəstəliyin izləri qalmışdı. Gələn ay analizlərimin cavabı gəlməlidir. Bundan sonra Bakıda müalicəyə başlamalıyam. Dərmanlar isə İsveçrədən gələcək.

Elşən Məmmədov
# 1587

Oxşar yazılar