Mərkəzi Bankdan “MİGOM” pulköçürmə sisteminə qadağa - EKSKLÜZİV
08 iyun 2010 15:45 (UTC +04:00)

Mərkəzi Bankdan “MİGOM” pulköçürmə sisteminə qadağa - EKSKLÜZİV

Azərbaycanın Mərkəzi Bankı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “MİGOM” sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib.

Mərkəzi Bankdan Lent.az-a verilən eksklüziv məlumata görə, Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilib.

“MİGOM” pul köçürmə sistemi tərəfindən qeyd olunan halların təkrarlanmasını və edilən xəbərdarlıqlara baxmayaraq, işğal altında olan ərazilərdə qanunsuz fəaliyyətin davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank 2010-cu il 08 iyun tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırıb.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək” – deyə məlumatda qeyd olunur.
# 644

Oxşar yazılar