Ksiusların ölkəsi

Günel Mövlud
Kim deyirsə ki, Azərbaycan xalqı savadsızdır, getsin, öz işi ilə məşğul olsun. Hələ heç bir ölkədə bizdəki qədər ziyalı, intellektual, oxumuş adam yoxdur. Mən sizə Azərbaycanlılar göstərrəm ki, yeriyən ensiklopediyadır, canlı estetika lüğətidir. Ən savadsız, korəfəhm hesab elədiyimiz millət vəkilimizi dindir, Səlcuqilərdən girib, Sasanilərdən çıxar. Hətta Aqil Abbas da çox savadlı adamdır.

Düzdü, belə yerdə adama deyərlər ki, tarixi ta siyasətçi də bilməyəndən sonra çoban ha bilməyəcək? Amma söhbət təkcə tarixdən getmir axı, bizim təşər-təşər gəzən ziyalılarımızın onlara sərf eləyən bütün məsələlərdən məlumatları var, özü də nə qədər istəsən.

Bu artıq başqa söhbətin mövzusudur ki, bildikləri, oxuduqları, öyrəndikləri belələrinin həyat və yaradıcılığında özünü hansı şəkildə büruzə verib, nəyə xidmət edib, hansı addımları atmağa, ən əsası isə, hansı addımları atmamağa səsləndirib?

Bunu qoyum, ona keçim: mənim Orduxan adında bir babam vardı. Vardı deyəndə ki, kişi çoxdan Allahın rəhmətinə gedib. Çoban idi. Ölünün arxasınca danışmazlar. Amma sizə deyim ki, mən hələ 29 illik uzun və mənasız həyatımda onun kimi gönüqalın, hozu, bir az da mədəni dildə desək, patriarx adam tanımamışam. Və yəqin ki, bundan sonra da tanımayacağam. Kişinin üzündə o qədər mənasız milli zəhm-qaramat var idi ki, evə girəndə evdəki zənən xeylaqları girməyə hər hansı münasib bir deşik axtarırdılar.
Sözüm onda yox. Babam 70 illik əliçomaqlı həyatında bircə dənə kitab oxumuşdu. Boş-bekarçılıq imiş, dirsəklənib qoyun sürüsünün arxasında, hardansa qoltuğunun altına keçmiş “Əsli və Kərəm” dastanını alıb əlinə. Ta, kişi bu kitabı neçə aya, neçə ilə oxuyub, başa çatdırmışdı, bilmirəm. Amma onu bilirəm ki, Orduxan babam “Əsli və Kərəm” dastanını oxuyandan sonra qızının heç birini qızın özü sevmədiyi oğlana ərə vermədi, nə də qızın könülsüz olduğunu bildiyi halda, hansısa qızın qapısına elçi getmədi. Hərfi güclə tanıyan çoban babama bircəcə dənə yüngülvari ədəbiyyat nümunəsi bax, belə təsir eləmişdi…

Amma bu ölkənin Hegeldən vurub, Kantdan çıxan, antik ədəbiyyatdan tutmuş Şahbaz Xuduoğlunun “Ən yeni ədəbiyyat” seriyasına qədər bütün ədəbi əsərlərdən xəbəri olan ziyalılarına baxın… Belələri qədimli-müasirli müəlliflərin o qədər qan-tər töküb, mənəviyyat, əsəb, can, ruh xərclədiyi kitabları oxuyandan sonra yenə də öz şərəfsizliyində, ləyaqətsizliyində qalır, rüşvət alır, özündən statusca xırda adama yuxarıdan aşağı baxır, kolbasa sexlərini ifşa edib, sonra kolbasa reklamını oxuyur…

İlahi, bu ölkədə neçə-neçə ziyalı ömründə bircə kitab oxuyub, oradan yanlış olduğunu öyrəndiyi işi heç vaxt görməyən Orduxan babama uduzur…

Səbəb? Səbəb çox sadədir. Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərində bir yer var: adaxlısının könlünü xoş eləmək üçün ona ev hədiyyə eləmək istəyən Bayyarado San Roman qızdan bu qəsəbədə ən çox hansı evi bəyəndiyini soruşur. Qız heç nə demir, amma sözarası deyir ki, qəsəbənin ən gözəl evi dul Ksiusun evidir. Amma o öz evini heç vaxt satmaz – həmin evdə onun çox sevdiyi mərhum arvadının xatirələri yaşayır.
Bayyarado San Roman qıza heç nə demir və ağlasığmaz bir məbləğ götürüb, qoca Ksiusun evinə gedir. Evini satın almaq istədiyini bildirib, pul bağlamasını Ksiusun qarşısına qoyur. Əsəri müxtəlif yaşlarımda oxumuşam. Amma heç bir yaşda Ksiusun düşdüyü vəziyyəti həzm edə bilməmişəm:
“Təsəvvür elə ki, sənin qarşında bu qədər pul ola, sənsə hansısa sentimental səbəblərə görə bu puldan imtina etməli olasan?!”. Nəticə? Kişi arvadının əzizi xatirəsi kimi qoruduğu evi elə həmin gün də Bayyarado San Romana satır…

Bu ölkə oxumuş, ziyalı Ksiusların ölkəsidir, sizi lənətə gələsiniz!

Əksini iddia edən, buyursun…

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>