Sinəsi açıq Türkiyə

Günel Mövlud
Oğuz elinin başı şəkərbura-paxlavaya qarışanda, dingilim müğənnilər, rəqqasələr, aparıcılar efirdə ağızlarına və ağıllarını gələni danışıb, saxta-saxta bayram ovqatı yaratmağa çalışanda, qonşu Oğuz elində tamam başqa bir hava vardı. Türkiyəni nəzərdə tuturam. O başqa havanın nə olduğuna keçməzdən əvvəl, icazə verin, Türkiyə və türklər barədə bir-iki cümlə deyim.

Xalqımızın əcaib bir xasiyyəti var. Məsələn, bizim xalqın Rusiya və ruslara münasibətinə baxaq. Ərazisi dünyanın altıda birini tutan, Dostoyevskisi, Tolstoyu, Bunini dünya nəsrinə, Çaykovskisi, Prokofyevi, Borodini dünya musiqisinə meydan oxuyan o zırpılıqda ölkəni bizimkilər əyyaşlar və fahişələr ölkəsi kimi tanıyır. Filosoflar ölkəsi Almaniya bizim üçün ancaq görməmişliklə sürdüyümüz, şüşələrini qara pərdələrə tutduğumuz maşınları istehsal eləyən bir məmləkətdir, vəssalam. Bu baxımdan, elə “qardaş” dediyimiz Türkiyəyə münasibətdə də çox irəli getməmişik. Türkiyə də bizim üçün uzaqbaşı pop və arabesk musiqisinin ölkəsidir. İbrahim Tatlısəs, İsmail YK, Əmrah-zad yetişdirən diyardır. Bəli, bu xalq üçün Rusiya - araq və fahişə, Almaniya – “Mercedes”, Türkiyə - müğənni istehsalçısıdır.

Mənsə Türkiyədən danışırdım. Biz illərdir ki, bu ölkənin çalıb-oynayan, atılıb-düşən, döşünü, göbəyini açıb, yanbızını burcudan tərəfini görmüşük. Yəni beynimiz, zövqümüz nəyə açıqdısa, nəyə hazırdısa – onu. Bizim beynimiz türklərin iki yüz il sonranı düşünüb, inqilab uğrunda dar ağacına gedən Dəniz Gəzmişini, əyalətlərdəki minlərlə qız uşağını oxutmaq üçün həyatını verən Türkan Saylanını görmək, tanımaq üçün açıq deyil. Ölənləri keçdik, heç bu gün bütün türk qaramatına, korazehinliyinə, savadsızlığına, şousuna, televiziyasına öz intellekti, xarakteri, mövqeyi ilə meydan oxuyan Okan Bayülgənini tanımağa da açıq deyil.

Kor-kor, gör-gör – biz on beş metrlik paxlava ilə öyünüb, Rəqsanənin səy-səy mahnılarına qol götürüb, süzəndə, əlimizdən qaval, qoltuğumuzdan nağara, ağzımızdan zurna əskik olmayanda, türk telekanallarının əksəriyyəti Türkan Saylanın “Ata, məni məktəbə göndər” layihəsini müzakirəyə çıxartmışdı. Məlum oldu ki, bizim ancaq çalıb-oxuyan tərəflərini gördüyümüz nə qədər müğənnilər, aktrisalar bu layihəyə qoşulub, maddi, təşkilati dəstək verib.

Məsələnin əsas tərəfi heç bu da deyil. İşin maraqlı tərəfi budur ki, Türkan Saylan Türkiyə hakimiyyətinin gözünün düşmənidir. O yazıq qadının başına olmazın oyununu açdılar, üstünə min cür şər atdılar. Ölüm ayağında olan Saylanı Ergenekonla, nə bilim, daha hansı örgütlərlə əlbir olmaqda ittiham elədilər. Dəxli yoxdu, bu, həmin sənət adamlarını nə Türkan Saylan haqda rəğbətlə danışmaqdan, nə onun qoyub getdiyi layihəyə dəstək verməkdən çəkindirmir. Hamı cəhənnəm, “Aşka sürgün” kimi bayağı serialda oynayan gənc aktrisa Beren Saat belə ictimai mövqedən, “toplumsal sorunlarda tavır sərgiləmək”dən danışır. Bu da sizə “pop, arabesk, göbək atmaq” və daha nə bilim, nələr! Çalmaq-oxumaq, yanbız burcutmaq-zad məsələsində bizimkilərlə Türklərin arasında bir fərq var. Bizdə ziyalının, intellektualın, sənətkarın da əsl mahiyyəti manıslıqdı, şou-biznesdi, maşınının pəncərəsində qara pərdə, gözündə düşük qara eynəkdi. Türklərin isə ən dingilim adamlarının da canında bir azca ziyalılıq, ictimaiyyətçilik var. Etirazınız varsa, ağırbaşlı bir xalq şairimizi, xalq artistimizi, ən savadlı aparıcılarımızı siyasi, heç olmasa, ictimai məsələlərlə bağlı bircə kəlmə dindirin (dindirə bilsəniz!), sonra yanını burcudan türk müğənniləri ilə, aktrisaları ilə müqayisə eləyin.

Bayramınız mübarək!

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>