Araz Zeynalov: “Kimsə vesti.az-ı rəqib sayırsa, bu bizim problemimiz deyil” - MÜSAHİBƏ
16 mart 2010 10:15 (UTC +04:00)

Araz Zeynalov: “Kimsə vesti.az-ı rəqib sayırsa, bu bizim problemimiz deyil” - MÜSAHİBƏ

“Hərdən dostlarım zarafatla mənə deyir ki, sən adamlara da mövzu kimi baxırsan”

Vesti.az portalının baş redaktoru Araz Zeynalovun APA-ya müsahibəsi

- Bu gün rəhbərlik etdiyiniz internet portalının bir yaşı olur. Ancaq adama elə gəlir ki, bu media qurumunun bir yox, on yaşı var. Sizin təəssüratınız necədir?

- Çox yaxşı haldır ki, Sizdə belə təəssürat yaranıb. Elə Sizin sualınızın qoyuluşu göstərir ki, “Vesti.az”ın fəaliyyəti alınıb. Ancaq reallıq budur ki, bu gün biz bir yaşımızı qeyd edirik.

- Sizin adınızı çəkən adam mütləq “Panorama” sözünü də deməli olur...

- Hə, bu qəzetdə on il əvvəl baş redaktor işləmişəm. Sonra mətbuatdan getmişdim.

- Hara getmişdiniz?

- Hara gedəcəyəm? İşləmirdim. Bu qəzet bağlandıqdan sonra fəaliyyət göstərmirdim. Bir neçə təkliflər olsa da, tərəddüd edirdi. Aradakı onillik zamanı tərəddüd dövrü kimi qiymətləndirmək olar.

- Bəs necə oldu qayıtmağınız?

- Vesti.az portalı ilə bağlı təklif gələndə dəyərləndirdim və artıq göründüyü kimi bir il vaxt keçib.

- Jurnalistikaya qayıdanda nə gördünüz?

- Fərq çox böyükdür. Texniki imkanlar artıb. O vaxt internetə daxil olmaq belə çox çətin idi. İndi isə internetsiz mümkün deyil. Gənclərin bilgi almaq imkanları çoxalıb. Bu mənada, on il bundan qabaqkı jurnalistika ilə indiki arasında fərq yetərincədir. Bu fərqin həm yaxşı, həm də pis tərəfləri var. Yaxşını onda görürəm ki, indi istedadlı gənc jurnalistlər yetişir. Pisi isə ondadır ki, bəzi gənc jurnalistlərdə özündən razılıq hissi artıb. Bəlkə də bu yaxşıdır...

- Azərbaycan dilli mətbuatda işləmək maraqlıdır, ya rusdilli?

- Mən Azərbaycan dilli qəzetdə - “Azərbaycan gəncləri” qəzetində əmək fəaliyyətinə başlamışam. “Panorama” qəzeti isə həm rus, həm də Azərbaycan dilində nəşr olunurdu. Oxucuları fərqlənsə də, jurnalistikanın dilində fərq görmürəm. Belə demək mümkündürsə, jurnalistikanın dili yoxdur.

- Vesti.az rus dilində fəaliyyət göstərsə də, azərbaycanlı düşüncəsi ilə işləyir. Oxucular bunu necə qarşılayır?

- Bu amili çox vaxt bizə də deyirlər. Bu, təbii haldır. Mənə elə gəlir ki, biz Azərbaycanın butun regionlarındakı problemləri daima önə çəkirik. Ola bilər ki, kiminçünsə Azərbaycanın hansısa kəndində su xəttinin olmaması və onunla əlaqədar yaranan problemlər elə-belə xəbərdir, amma bizim üçün bu əsl ciddi problemdir. Biz o kəndin bələdiyyəsindən, o rayonun İcra Hakimiyyəti rəsmilərindən tutmuş bütün lazımi orqanları “bezdirəcəyik”. Bəlkə elə buna görə bizi azərbaycanlı düşüncəsi ilə işləyən rusdilli sayt hesab edirlər. Əleyhinə deyilik. Biz rus dilində fəaliyyət göstərən Azərbaycan portalıyıq.

- Azərbaycanda fəaliyyət göstərən rusdilli portallar arasında reytinqiniz necədir?

- Bunu biz özümüz deyə bilmərik. Hər halda işimizə kənardan verilən qiymət daha obyektiv olar. Ancaq belə götürəndə oxucu məktublarına istinad etsək, deyə bilərəm ki, fəaliyyətimiz məqbuldur. Yəni bu bir ildə biz özümüzü tanıtdıra bilmişik. Və təkcə Azərbaycan hüdudlarında yox, ondan kənarda da.

- Qarşıdakı ildə nələri planlaşdırırsınız?

- Çalışacağıq ki, uğurumuzu möhkəmləndirək və təbii ki, irəli gedək. Hər halda işləyəcəyik. Nəticənin necə olacağını isə gələn il bugünkü gün görəcəyik.

- Hər media qurumunun bir rəqibi var. Bəs Vesti.az-ın rəqibi hansı media orqanıdır?

- Mən bu portala kiminləsə rəqabət aparmaq niyyəti ilə gəlməmişəm. Biz öz işimizi görmüşük və görəcəyik də. Əgər kimsə buna görə bizi rəqib sayırsa, bu bizim problemimiz deyil. Ümumiyyətlə, hesab edirəm ki, əgər rəqabət varsa, sağlam prinsiplər əsasında və professional etika çərçivəsində aparılmalıdır.

- Bir də mətbuatdan getmək fikriniz yoxdur ki?

- Hər şey ola bilər. Ancaq mən özümü jurnalistikadan ayrı təsəvvür eləmirəm. Hərdən dostlarım da zarafatla mənə deyir ki, sən adamlara da mövzu kimi baxırsan. Bundan sonra jurnalistikadan getsəm də, jurnalistika hər zaman mənimlə olacaq.
# 1499

Oxşar yazılar