Sınaq imtahanları başlayır
11 mart 2010 18:00 (UTC +04:00)

Sınaq imtahanları başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanları keçirir.

TQDK-dan Lent.az-a bildiriblər ki, ilk sınaq imtahanının Bakı, Naxçıvan, Gəncə, Lənkəran və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur. İmtahanlara abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı yaxın günlərdə TQDK-nın internet səhifəsində yerləşdiriləcək.
Komissiyada bildirirlər ki, bu imtahana yazılış internet vasitəsilə aparılır. Bunun üçün abituriyentlər qiyməti 3 manat olan və bir imtahana yazılmaq imkanı verən TQDK-nın “ödəmə kartı”nı əldə etməlidirlər. Həmin kartları TQDK-nın “Abituriyent” satış köşkündən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar.

Komissiya tərəfindən ödəmə kartlarının elektron satışına da imkan yaradılıb. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün Komissiyanın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart/ yaradılıb.

Xatırladaq ki, sınaq imtahanlarında iştirak etmək könüllüdür. Bu imtahanlar abituriyentlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcək. İmtahanlarda istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.

Elxan SALAHOV
# 2361

Oxşar yazılar