Limonovun anası
10 mart 2010 11:00 (UTC +04:00)

Limonovun anası

“Mən görürəm ki, bütün insanlar bədbəxtdir. Bu adamlarla neyləyək?”

Eduard Limonov “Uğursuz adamın gündəliyi”

Bu məmur-müğənni, ağsaqqal-ağbirçək, ata-oğul, gəlin-baldız, yeznə-qayınlar ölkəsində bayramlar bir növ yavaş-yavaş yadırğamaqda olduğun sevgiliyə oxşayır: əhəmiyyəti o qədər azdır ki, adamı əsəbiləşdirməyə də çatmır. Amma o qədər də əhəmiyyətsiz deyil ki, onu görməzdən gələsən və heç yoxmuş kimi davranasan. Üstəlik, dünyadakı ən səmimi feodalların məmləkətində bir solçu təqviminin - 8 martın bayram kimi qeyd edilməsinin doğurduğu acı təbəssüm...bir də, göndərilənlər siyahısı qardaş məzarlığına bənzəyən kütləvi təbrik mesajları...

Xilas yolu həmişəki kimi, bu dəfə də ədəbiyyatdır: Limonovun “Analar günü” hekayəsi 8 mart günü yerinə düşdü.

Milli-bolşevik, “dələduz” Limonov Amerikada yaşadığı müddətdə bir gün həmin günün “analar günü” olduğunu eşidir. Mətnləri ən vulqar ifadələr, ən pis söyüşlərlə dolu olan yazıçı, həmin gün bir şüşə şərab götürüb, yaşadığı binanın yuxarı mərtəbəsində otaq kirayələyən fahişələrə qonaq gedir. Bir yerdə plastik qablarda şirniyyat yeyib, plastik stəkanlarda şərab içirlər. Əslən Corciya ştatından olan fahişələr anaları haqda uşaqlıq xatirələrini danışırlar. Oxuculardan kimsə həvəsə gəlib, “Analar günü” (Mothers day) adlanan bu hekayəni oxuyacaqsa, məsləhət görürəm ki, fahişələrin xatirələrini daha diqqətlə oxusun. Amma korlanmış oxucu o qədər də ümidvar olmasın - xatirələrdə heç bir özəllik-filan yoxdur, çünki fahişələr nə qədər fərqli qadınlar olsalar da, onları doğan analar elə hamının anası kimi sıradan qadınlardır. Hətta amerikalı fahişələri doğan qadınlar da...

Məni təsirləndirən və bu günün əsəbi bozluğunu yumşaldan şey, Limonovun yazısındakı səmimiyyət oldu. Ömrü boyu anasına həqarətlə yanaşan, bəzən fərqli görünmək üçün, bəzən elə-belə, heç bir səbəb-zad olmadan onu təhqir eləyən yazıçı, Corciyalı fahişələrin yanında anasını, uşaqlığını xatırlayır. Onu anası ilə bir yerdə görüb “Ediçkanı kifir, yaşlı bir qadınla gördüm” deyən dostuna qəzəblənir. Xəyalən “Mənim anam kifir deyil, alçaq, kifir deyil!” deyə, hətta dostuna hücum da eləyir.

Və hekayədə istər insan, istər yazıçı kimi səmimiyyətinə, təmizliyinə qibtə olunası cümlələr: “Əgər anam kiminlə, hansı şəraitdə yaşadığımı bilsəydi, çoxdan ürəyi partlayardı. Mən nəinki onun həmişə ehtiyat elədiyi, məni qoruduğu “pis yola” düşmüşdüm, mən sadəcə olaraq, hələ bir dəfə də olsun, “abırlı yola” düşməmişdim. Amma indi mən – sənin yuyunub təmizlənmiş, yorğun və hüznlü oğlun, bu otaqda, şam işığında bu qara, yekəpər, içki qoxulu qadınların yanında, fahişə Bazukanın dizinin dibində oturanda, sənə həmişəkindən daha yaxın idim, ana! Məhz bu qadınlar, cibində 20 dollar tapılan istənilən kişiyə bədənlərinin istənilən hissəsini təslim etməyə hazır, cəhənnəm odu kimi laqeyd olan qadınlar məni sənə tərəf itələdilər, ana!”

Heç nə... elə-belə.

Otaq dolusu fahişənin yanında bizi xatırlayacaq və bunu etiraf edəcək qədər səmimi kişilər sarıdan qıtlıq çəkirik...

Limonovun anası olmaq istədim.
# 804

Oxşar yazılar