Premyer Liqanın komandası müflis oldu
27 fevral 2010 11:30 (UTC +04:00)

Premyer Liqanın komandası müflis oldu

İngiltərənin “Portsmut” futbol klubu Premyer Liqa tarixində ilk dəfə bankrot olduğunu bəyan edib.


Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, “Portsmut” borclarını ödəmək qabiliyyətində olmadığını rəsmən açıqlayıb.


Klubun Britaniyanın vergi xidmətinə 12 milyon funt, digər kreditorlara isə 70 milyon funtdan çox borcu var. İndi rəhbərlik kreditorlara borcları ödəməyə qadir olan yeni imkanlı təşkilat tapmalarından ötrü klubu daxili inzibatçılara verib. Bu cəhdlər uğurla nəticələnməsə, müvəqqəti administrasiya komandanı dağıdacaq. “Portsmut”un əmlakı isə borcları ödəmək məqsədilə satılacaq.


Azarkeşlərindən “Pompey” ləqəbi alan “Portsmut” klubu 1898-ci ildən mövcuddur. Son 7 mövsümdə bu klub Premyer Liqada çıxış edir. Lakin hazırda turnir cədvəlinin sonuncu pilləsindədir. Komandanın baş məşqçisi İsrail yığmasının və “Çelsi” klubunun sabiq çalışdırıcısı Avram Qrantdır. Reqlamentə əsasən, bankrot elan olunacağı halda, “Portsmut” 9 xaldan məhrum olacaq. Bu isə komandanın gələn mövsüm faktiki aşağı liqaya enəcəyi deməkdir.
# 813

Oxşar yazılar