Bakıdan Gəncəyədək...

Günel Mövlud
(Yazmamaq haqqında yazmaq...)

Yazıçını hamı tərk edir, yazmaq ehtiyacı isə qalır...

Başımı divara vurmadan tanımaq səni ...(Yusuf Hayaloğlu). Əgər adamın əsəbləri pozulursa, içindəki ağrı onu bir tanış səs, bir nimdaş paltar, nə bilim, yad adamın üzündəki bir təmiz təbəssümə sığınmağa, bunlardan təsəlli almağa məcbur edəcək qədər çoxalırsa, bu, hələ qorxulu deyil. Qorxulusu, lap çox ağrıyıb, qurtarandan sonra başlayır: sən daha ağrımırsan və bu daha dəhşətlidir. Elə ki gəlib, «bizim münasibətlərimiz heç də elə deyil ki, ona görə belə əzab çəkəsən» (F. Kafka) mərhələsinə çatırsan, vəssalam. Bundan sonra yaşamaq deyil, mövcudluq aşaması başlayır.

Sən təkcə nəsə yemək, su içmək, hava almaq, həyatı mexaniki keçirmək üçün yaşayan, mövcud olan orqanizmə çevrilirsən, vəssalam. Qısacası, keyiyirsən. Aradabir yatağına uzanıb, yatdığın halda, gecəyarısı məsələn, mətbəxin ortasında, özü də ayaq üstə oyanmağını, bu vəziyyətindən dəhşətə gəlib, sonra da qəfildən sakitləşməyini nəzərə almasaq, səninlə başqa heç nə baş vermir. Belə günlərdə, ya daha pis halda, aylarda yuxuda daha çox şey baş verir, nəinki həyatda.

Əgər sən bütün bunlarla yanaşı, hələ bir, Allah qoymasa, yazıçısansa, vəssalam, mədəni dildə desək, eşşəyin öldü. Candərdi-canharayı yazdıqların, «milli dəyər vahidi» ilə hesablasaq, qəpiyə dəyməz. Belə yazıların içində burnu fırtıqlı, hamının zəhləsini tökən və heç kimə lazım olmayan şəxsi kədərdən başqa heç nə olmur. Bu kədər sənə nə qədər «ot yoldursa» da, yazıda başqalarına keyidici iynə vurulandan sonra çəkilən dişin təsirini bağışlayır – adam balası kimi desəm, oxuyanın heç tükünü də tərpətmir.
Axırda da əlac, hər şeyin günahını soğulan istedadının boynuna yıxıb, onun bir az nəfəs dərməyinə macal verməyə qalır. Bir də, ömründə bircə dəfə başını avara-avara işlərə qoşmaq, yeni təəssüratlar, təzə macəralar axtarmaq, ya da, eləcənə uzaq, sakit kədərinlə baş-başa qalmaq üçün harasa getməyə...amma insanı hamı tərk edir, yazmaq ehtiyacı isə qalır, hətta bu, yaza bilməməyini yazmaq ehtiyacı olsa belə...

Gözümü açanda özümü Bakı-Gəncə avtobusunda görürəm. Yanımda əyləşən ortayaşlı kişi «əhhh!» eləyərək, əlindəki «Yeni Müsavat» qəzetini büküb, qarşıdakı oturacağın arxasındakı tora dürtür. Və «Oxu məni» qəzetini açaraq, orta səhifədə həmin qəzetin 20 illik yazarı, «göylərdən bir ovuc ulduz dərəcəm, sənə göndərəcəm hədiyyə kimi» sətirlərinin müəllifi Emil Tahiroğlunun serial-romanını həvəslə oxumağa girişir. Lap qarşıdakı oturacaqlardan birində oturub, əslinin tər-təmiz Gəncəli olmağını «oturacaq qonşuları»nın gözünə soxan, «korennoy» gəncəliliyi ilə qışqıra-qışqıra fəxr eləyən cavan oğlanın səsi eşidilir. Oğlan çox uzaqdan başlamışdı eeee, mən ondan diqqətimi ayırıb, digər sərnişinlərə yönəldəndə, vətənpərvərliyi daş çatladan bu qeyrətli dəliqanlı Nizami Gəncəvidən də o yana getmişdi. Hiss olunur ki, başdan bir az o söz...
«Korennoy» gəncəlinin haylı-küylü, aradabir Cavad xanın-zadın yanına gedib, çıxan nitqinin fonunda arxadakı oturacaqlarda qoşa əyləşmiş iki qadının sakit və əsəbi söhbətləri eşidilir. Bir azdan, bu qadınların səslərinin nazik-qalınlığından, tez-tez damarı qaçan dialoqlarından gəlin-qaynana olduqları məlum olur. Amma vəziyyət öyrəşdiyimiz, yüzillərdən bəri gələn gəlin-qaynana münasibətləri, yəni, «zalım qaynana və fağır gəlin» məsələsi deyil. Əksinədir.


Qarının ifrat qocalığı (yaşı yəqin ki, səksəni keçmişdi) onun mənəm-mənəmliyini, hökmranlığını çoxdan darmadağın eləmişdi. Orta statistik ağbirçək indi belə uzun yaşamağın zəhərli meyvələrini dadırdı: gəlininin sərt münasibətini, acı sözlərini udmalı idi. Amma qarı gəlinindən nə qədər acı sözlər eşitsə də, bir neçə dəqiqədən sonra sanki o sözləri eşitməyibmiş kimi, onu mehribanlıqla dindirirdi. Əlacsızlıqdan doğan yaltaqlığındanmı? Yoxsa...Sözlərini o dəqiqə unudacaq qədər qocalmışam mən (Nitsşe).


Gəlin-qaynananın bir-birinə qarşı yönələn əsəbiliyi sovuşandan azacıq sonra, qayınana söhbəti nətəhərsə, hərləyib-fırlayıb, Gəncədə məskunlaşan qaçqınların üstünə gətirib-çıxartdı. Yanındakılar, danışıqlarından gəncəlilikləri məlum olan qadınlar da qarını dəstəklədilər. Hamısı birləşib, Gəncənin şəhər mədəniyyətini, şəhər ovqatını itirib, itin yiyəsini, dəli qızın ərini tanımadığı «Həsənsoxdu dəyirmanı»na çevrilməyinin bütün günahını burada məskunlaşan qaçqınların boynuna yıxdılar. Bircə o qaldı ki, Gəncəni güllük-gülüstanlığa çevirən Sovet rejiminin çöküşünü, nə bilim, dünyadakı maliyyə böhranının-zadın da babalını qaçqınlara yükləyələr. Qarı lap dil-boğaza qoymurdu:
- Köpəkuşaqları, az qala iyirmi ildi, bura köçüblər. Amma mal-heyvanın iyi hələ də üstlərindən çəkilməyib. Özlərini də öldürəsən, bir də torpaqlarına qayıtmazlar. Nə veclərinə, indi-indi rəngləri durulur...
Qadının sözləri məni bir az da kədərləndirdi (cümlənin tən yarısı Orxan Pamukundu).
17 il əvvəl kəndimizdən necə qaçmağımız yadıma düşdü. Bir də yadıma düşdü ki, mən hələ heç vaxt kəndimizdən qaçmağımıza görə kədərlənməmişdim.
...Səbəbi nə, səni bir xəncər yarası kimi xatırlamamın? (Bu kimin idi, ay Allah?)

Avtobus Kürdəmirdə dayandı. Çay-yemək fasiləsi idi. Bu fasilə mənə heç nə demirdi, bircə bəsit məlumatdan başqa: deməli, bundan sonra hələ dörd saat yol getməliyik. Uşaqlıqdan yolun çox uzun olmağı xoşuma gəlir. Gedəcəyim ünvan hara olursa, olsun, ora çatmağa tələsmirəm. Tədricən bu hiss məndə «birazdan çatacağam» narahatlığına, sonra getdiyim ünvana çatmağın patoloji qorxusuna çevrildi. Axı indiyə qədər getdiyim heç yerdə məni sevgi gözləməyib.
Arxadakı qarı isə bərk susadığını deyirdi. Gəlindən səs çıxmadı. Yan-yörədəki qadınlar iki-iki, üç-üç avtobusdan düşdülər. Qarı hələ də yavaşca çay üçün azaylanır, gəlin hələ də susurdu. Arxaya çevrilib, baxdım. Gəlin gözlərini yumub, özünü yuxululuğa vurmuşdu...
Kədər – mərhəmətin anasıdır. (Con Steynbek). Üzümə candərdi bir təbəssüm qondurub, qarını çay içməyə dəvət elədim. Bunu minnət kimi başa düşməsin deyə: «Mən də təkəm, tək oturmaq istəmirəm, yoldaşlı içərik» dedim. Qarı utana-utana razılaşıb, arxamca düşdü. Avtobusdan birinci düşüb, qarıya aşağı enməsi üçün kömək eləmək istəyəndə, o nədənsə bərk təəccübləndi.


Biz - dünyanın bir-birinə iki ən ögey, ən yad qadını, avtobusdan düşərək, siqaret çəkən, laqqırtı vuran, kiməsə zəng eləyən, tualetə tələsən, yeməkxanaya cuman adamların arası ilə irəlilədik. Yeməkxanaya girib, bir vaxtlar yəqin ki, bəmbəyaz olan, indisə şair kədərini lap tüğyan vəziyyətinə gətirən bozluğa qərq olmuş, üstəlik, boz səthini çatlaqların, cızıqların basdığı kauçuk masalardan birinin arxasında oturduq. Arıq, uzun, nimdaş əyin-başı ilə ürəyimi bir azca da sıxan oğlan gəlib, həris gözlərini düz gözümün içinə zilləyərək, nə istədiyimi soruşdu.


Boğazımdan heç su da keçməzdi. Amma burada onsuz da özümə görə oturmamışdım. Çay istədim və sifarişimin qarının eynəsini o qədər də açmadığını hiss eləyərək, oğlandan yeməyə nə təklif eləyə biləcəyini soruşdum. Gördüm ki, qarı sualımdan bir az canlandı. Qarının ağzında, damağının düz ortasında bir-birinə sığınmış üçcə yetim dişə baxıb, «lüləkabab» variantının üzərində dayandım. Qarının mənə heç bir dəxli olmayan söhbətinə qoşulmamağım kobudluq və laqeydlik kimi çıxmasın deyə, artıq masanın üstünə düzülən qabları, çəngəlləri salfetlə təzədən silib, təmizlədim. Qarı bir ucdan üyüdüb, tökürdü və mən diqqət kəsilmədiyim söhbətin arasında ancaq “dustaq nəvə”, “bıçaqlamaq” kimi sözlər eşidirdim. Başqa vaxt olsaydı, qarının yəqin ki, çox maraqlı olan həyat hekayətindən bir müsahibə, bir köşə, bir yazı çıxarardım. Amma indi canımda jurnalistikadan, yazıçılıqdan heç işıq ucu boyda da bir şey yox idi...
Qarı iştahla yedi, mənsə ona həmrəylik göstərim deyə, dişlədiyim çörək dilimini yarım buraxdım...

Bəzən dişlək vurub,
qoyduğun bir dilim çörəkdə,
yarısını içdiyin bir fincan çaydadır uzaq...
çörəyin dişləyində,
çayın yarımlığında...(Xaqani Hass)

Qarı aradabir ora-bura devikib, sonra gözlərini bic-bic qıyaraq, məndən nəsə soruşurdu. Gözlərinə diqqətlə baxdım. Mənə elə gəldi ki, onun gözlərindəki, fitrətindən deyil qorxaqlığından yaranan biclik, çoxbilmişlikdi. Onun qocalığının, bir vaxtlar, “eramızdan milyon il əvvəl” yəqin ki, mavi rəngdə olmuş gözlərindəki bulanıqlığın, damağının ortasındakı üçcə yetim dişin kədərinin yanında öz şəxsi kədərim mənə nəsə düşük, əttökən, bayağı bir şey kimi göründü. Göründü, amma azalmadı...

- Soruşuram ki, haralısan, qızım?

Arvad bayaqkı qaçqın söhbətini yadına salıb, naqolay vəziyyətə düşməsin deyə, yalandan “Gəncəliyəm” dedim. Rəfiqəmin yaşadığı məhəllənin adını bilməyim məni yalançı çıxmaqdan qurtardı. Üstəlik, qarı elə də söhbətcil qız olmadığımı görüb, öz “taleyi” ilə barışdı və çay stəkanından ikiəlli yapışaraq, ovcunu qızdıra-qızdıra çayını içməyə başladı.

Biz yeməyimizi yeyib, qalxanda bayaqkı oğlan pulun qalığını mənə uzadaraq, fürsətdən istifadə eləyib, əlini barmaqlarımın üzərində sürüşdürdü. Onun bu ədəbsizliyi məni hirsləndirmədi. Eləcənə, sakit və ağrısız kədərimi bir az da artırdı, vəssalam.
Qarının gəlini onu avtobusun yanında gözləyirdi və bu qədər vaxtı itib-batdığına görə arvad babat danladı da. Qarı gəlinindən üzrxahlıq, mənə isə təşəkkür elədi. Adamlar bir-birini itələyə-itələyə avtobusa mindi və biz tərpəndik.

Avtobusa oturandan yarım saat sonra qarı ilə gəlin təzədən özlərinin kobud doğmalıqlarına qayıtdılar – məişət çapında qeybətlər, müzakirələr, münasibətlər bir-birini əvəz elədi. Mən yenə öz sakit, qüssəli ögeyliyimlə baş-başa qaldım...

...“Korennoy gəncəli» artıq gəlib, müasir Gəncəyə çıxmışdı. İndi də dünyanın ən böyük paxlavası ilə fəxr eləyirdi. Avtobusdakılardan biri oğlanla məzələnmək istədi:

- Qardaş, o paxlavadan sənə nə qədər çatdı?

Oğlan bu təhrikedici sualı qulaqardına vurub, beyqəfil şeir oxumağa başladı:

- Deyir: Ey könül, aldanma hər “can” deyənə
Mətləbi ürəkdən duyanı axtar!
Deyir: əvvəlcə eşqiylə ağladıb səni,
Sonra göz yaşını siləni axtar!

...Zırramana şükür, İlahi! Heyif ki, Balzak demişkən “belələri üçün Qrev meydanı yoxdur”. Bu anda təsəvvür eləmək istədim ki, əgər Kant, Hegel, Markes-zad Gəncədə doğulmuş olsaydılar, yəni bu oğlanın yerlisi olsaydılar, indi avtobusdakıları hansı aqibət gözləyərdi? Bir neçə dəqiqədən sonra fikirləşdim ki, bəs Kantgil Gəncədə doğulmuş olsaydılar, onların özlərini hansı aqibət gözləyərdi? Budur əsas məsələ. Ağlıma heç nə gəlmədi.


Gəncəyə çatanda avtobusda oturmaqdan hövsələsi daralmış qarı, yerini dəyişib, lap ön oturacağa keçdi. Avtobus dayanıb, adamlar yerə tökülüşəndə qarı məni evlərinə dəvət eləməyi unutmadı. Gülümsəyib, təşəkkür elədim. Qadın ünvanımı götürüb, bizə qonaq gələcəyini, sonra məni evlərinə qonaq aparacağını dedi. “Gözləyəcəm” dedim. “Qadın kimi Tanrı möcüzəsi gözləməyi bacarmır. O ancaq hava udur, nəfəs alır, mövcud olur...(U. Folkner)”.

Avtobusdan düşdüm, Gəncənin qışda belə özəlliyini qoruyan havasını udanda ruhum bir az da rahatlandı:

Qoxusunu unutduğun anda bitir dost
Sevdasını unutduğun anda bitir mahnı
Ağrısını unutduğun anda bitir kişi...(G. Mövlud)

Yazı bitdi. Mövcudluqsa davam eləyir...

LENT

25 May 2019

Digər xəbərlər >>>