“İran müxalifəti xaricdən 1 milyard dollar alıb”
27 avqust 2010 16:06 (UTC +04:00)

“İran müxalifəti xaricdən 1 milyard dollar alıb”

İran nəzarət Şurasının sədri ayətulla Cənnəti bildirib ki, müxalifət ötən il hakimiyyətə qarşı çıxışlarına görə, “xaricdən bir milyard dollar pul alıb”.

Onun fikrincə, indiki şəraitdə “bununla bağlı sənədlərin açıqlanması arzuolunmazdır”.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına əsasən, ölkə məclisinin üzvü Həmid Resai deyib ki, xaricdən “müxalifətə verilən məbləğ bir milyarddan da artıqdır”. Onun dediyinə görə, bu pullar keçmiş prezident Məhəmməd Xatəmiyə “Səudiyyə Ərəbistanına səfəri zamanı verilib”.

Ötən gün İranın milli təhlükəsizlik və informasiya naziri Heydər Möseli həmin xəbəri təsdiqləyib. “SalamNews”un məlumatına görə, jurnalistlərin sualını cavablandıran nazir deyib: “Məlumat etibarlıdır. Əlimizdə yetirincə faktlar var. Həmin sənədlərə əsasən ABŞ, İsrail və Britaniya müxalifətə böyük məbləğdə pul verib”.

Xatırladaq ki, seçkidən bir müddət sonra ölkənin ali rəhbəri ayətulla Xamneyi sabiq prezident Məhəmməd Xatəmi, prezidentliyə keçmiş namizədlər Mirhüseyn Musəvi, Mehdi Kərrubi, hətta keçmiş prezident və dini ekspertlər şurasının sədri Haşimi-Rəfsəncanini nəzərdə tutaraq, onların “xarici dövlətlərə işlədiyinə inanmadığını” bildirmişdi.

ETTELAAT-ın başçısı onu da vurğulayıb ki, keçmiş prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə İranın atom-nüvə proqramı ilə bağlı Qərblə danışıqlar aparan heyətə başçılıq etmiş Hüseyn Musəvinin də “xarici ölkələrə casusluq etdiyi təsdiqlənib”. Qeyd edək ki, Musəvi 2001-2005-ci illərdə İran Təhlükəsizlik Şurası başçısı müavini olub. İSNA onun casus olması haqda belə məlumat yayıb: “Musəvian xarici dövlətlərin vətəndaşlarına gizli informasiya ötürüb. Bu, klassik casusluğa ən bariz örnəkdir”.

Bundan başqa, Musəvi bir müddət Almaniyada səfir işləyib. O, 2007-ci ildə “casusluq” ittihamı ilə 2 azadlıqdan məhrum edilib. Onda bu həbsi İranın hakim eltiasında “daxili çəkişmə” kimi dəyərləndirilir.

ETTELAAT başçısının bəyanatından əvvəl isə İran nüvə komissiyasının indiki başçısı Əliəkbər Salehi Musəvinin “casusluğuna” münasibət bildirərək, deyib: “Onun casus olmasını heç kim, heç vaxt təsdiqləməyib”.

Sədrəddin Soltan
# 598

Oxşar yazılar