Foqts: “İlk seçmə oyunumuzu avqustda Bakıda keçirəcəyik” - MÜSAHİBƏ
17 fevral 2010 10:30 (UTC +04:00)

Foqts: “İlk seçmə oyunumuzu avqustda Bakıda keçirəcəyik” - MÜSAHİBƏ

“Həmin vaxt üçün yoldaşlıq görüşü keçirməyə rəqib tapa bilməsək, buna çalışacağıq”


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Unibank Premyer Liqasının XXI turunda “Neftçi” – “Xəzər-Lənkəran” matçını izləyib. Lent.az-ın məlumatına görə, Foqts oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşması haqda hansı fikirdəsiniz?


- Futbolun bəzəyi qoldur. Azarkeşlər də bura qol görməyə gəlmişdilər. Təəssüf ki, bu oyunda alınmadı. Biz mübarizənin daha çox mərkəzdə getməsinin şahidi olduq. Qol vurmağa çalışmaq lazımdır.

- Hər iki komandada Azərbaycan millisinin futbolçuları çıxış edirdi. Onlar haqda hansı fikirdəsiniz?

- Mən onlardan bu gün gördüyümdən daha çox şey gözləyirəm.

- Yeni futbolçu kəşf edə bildinizmi?

- Bəli, amma legionerləri.

- Türkiyə yığmasına yeni baş məşqçi təyin olunub. Qus Hiddinkin təyinatına münasibətiniz necədir?

- Onu təbrik edirəm.

- Fevralın 22-də 2012-ci il Avropa çempionatının seçmə mərhələsində A qrupunun təqvimi müəyyənləşəcək. İlk oyunda hansı rəqiblə qarşılaşmaq istərdiniz?

- İlk rəqibimizin hansı komanda olmasının və harada oynamağımızın elə bir fərqi yoxdur. Onsuz da bütün rəqiblərlə üz-üzə gələcəyik. Biz qrupda favorit deyilik. Azərbaycanın adı püşkatmada sonuncu - 6-cı səbətdən çıxıb. Ona görə də digər yığmalar təkliflərini irəli sürəcək, biz isə dinləyəcəyik. Ümidvaram ki, sonda ortaq məxrəcə gələ biləcəyik.

- Sizin təqvimlə bağlı təklifləriniz var?

- Var. Amma indi mətbuata açıqlamaq istəmirəm.

- Martın 3-də seçmə mərhələdəki rəqiblərimizin iştirakı ilə yoldaşlıq görüşləri keçiriləcək. Siz bu oyunları izləməyə köməkçilərinizi göndərəcəksiniz?

- Almaniya – Argentina matçına baxacağam. Rəqiblərin oyunlarını izləmək üçün hələ tezdir.

- Millimizin daha çox hansı mövsümdə oyun keçirməsinin tərəfdarısınız?

- Yay aylarında Bakıda oynamaq bizim üçün daha yaxşı olardı. Çünki Almaniya, Belçika, Avstriya kimi yığmaların isti hava şəraitində oynamaqla bağlı problemləri var. Amma bu, bizim üçün üstünlükdür. Burada yayda isti havanın olduğunu Almaniya millisi də bilir. Ona görə də Frankfurt şəhərində təqvim müzakirə olunarkən, bu amili də nəzərə alacaqlar. Amma o dəqiqdir ki, hansı mövsümdən asılı olmayaraq, bütün rəqiblərimizlə oyunları keçirməliyik.

- Ötən il millimiz Bakıda Avropa çempionu İspaniya ilə yoldaşlıq görüşü keçirdi. Cari seçmə tsikldə də Almaniya və Türkiyə kimi güclü rəqiblərin olduğunu nəzərə alaraq, bu cür səviyyəli komandalardan biri ilə yoxlama matçı planlaşdırılıb?

- Hazırda yox. Çünki FİFA təqvimində yoldaşlıq görüşü üçün ayrılan martın 3-də biz Lüksemburqla qarşılaşacağıq. Növbəti belə oyun avqustda olacaq. Məncə, böyük ölkələr öz aralarında yoxlama matçı keçirmək istəyir. Hazırda planda belə bir oyun yoxdur. Olsa, biz hazırıq. Ötən il İspaniya Konfederasiyalar Kubokuna hazırlaşdığından, AFFA-nın baş katibi Elxan Məmmədov yığmamız üçün Avropa çempionları ilə görüşmək imkanı yaratdı.

- İndi də dünya çempionatına hazırlaşan ölkələr var...

- Düzdür, dünya çempionatına hazırlaşan ölkələr mayda 3 yoxlama görüşü keçirəcək. Amma onlar güclü komandalara qarşı oynamağa çalışır. Onların planında Azərbaycan kimi kiçik futbol ölkəsi nəzərdə tutulmayıb. Avqustda yoldaşlıq görüşü keçirmək üçün rəqib tapa bilməsək, çalışacağıq ki, seçmə mərhələdə ilk oyunumuzu Bakıda keçirək. Bəzi federasiyalarla yoldaşlıq görüşü üçün danışıqlar aparırıq. Alına da bilər, alınmaya da... Öncə qrupların təqvimi müəyyənləşməlidir, sonra da yoldaşlıq görüşləri üçün danışıqlar aparılmalıdır.

Elşən Məmmədov
# 752

Oxşar yazılar