Xəzər dənizi akvatoriyasında seysmik aktivlik artıb
04 fevral 2010 20:00 (UTC +04:00)

Xəzər dənizi akvatoriyasında seysmik aktivlik artıb

21 rəqəmsal və 14 analoq seysmik stansiya şəbəkəsi ilə aparılan müşahidələr nəticəsində ötən il Azərbaycan ərazisində 3680 yeraltı təkan qeydə alınıb.


APA-nın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AMEA Rəyasət Heyətinin 2009-cu ilin nəticələrinə həsr olunmuş hesabat iclasında məlumat verib. O deyib ki, bu təkanlardan 1744-ü yerli, 1936-sı yaxın-uzaq zəlzələlər olub ki, bunlardan da 20-si hiss edilib.


Aparılan müşahidələr nəticəsində məlum olub ki, 2008-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlərin sayı artsa da, ayrılmış seysmik enerjinin miqdarı düşüb. 2009-cu ildə Azərbaycan ərazisində dərinliyi 10 km olan 130, 10-20 km olan 262, 20-30 km olan 130, 30-40 km olan 82, 40-51 və 46-50 km olan 44 zəlzələ qeydə alınıb.


Ölkə ərazisində yüksək seysmik zona kimi Böyük Qafqazın cənub-şərq yamacı, xüsusilə, Şamaxı-İsmayıllı rayonları seysmoaktiv ərazilər kimi qeydə alınıb. Ötən il Kür çökəkliyinin Mingəçevir su anbarını əhatə edən hissəsində də 2008-ci illə müqayisədə seysmik aktivliyin artması, Şamaxıdan cənuba doğru, Cəlilabad və Hacıqabul rayonlarında isə zəlzələlərin episentrlərinin sıxılması müşahidə olunub.


Q. Yetirmişli deyib ki, Xəzər dənizi akvatoriyasının seysmik aktivliyinin 2008-ci ilə nisbətən yüksəlməsi nəticəsində şimali Xəzərdə seysmikliyin əhəmiyyətli dərəcədə aktivləşməsi müşahidə olunub.


2009-cu ildə ən yüksək gərginlik-deformasiya vəziyyətinə Şamaxı, Şəki, İsmayıllı seysmogen zonalarında və Aydınbulaq-Ağdaş ərazilərində rast gəlinib. Dağ süxurları kütlələrinin paylanması prosesinin kifayət qədər yavaş gedir, buna görə də bu ərazilər 2010-cu ildə seysmik cəhətdən yüksək təhlükəli ərazilər olacaq.
# 841

Oxşar yazılar