“Facebook”da “ölüm qrupu” qurulub
26 avqust 2010 14:49 (UTC +04:00)

“Facebook”da “ölüm qrupu” qurulub

İnternetdəki “facebook” sosial şəbəkəsində qurulmuş bir qrupun üzvləri bir-bir öldürülür. Lent.az-ın BBC-ə istinadən verdiyi xəbərə görə, 83 nəfərin adının yazıldığı “qara siyahı” Kolumbiyanın bir şəhərində insanları və polisi təşvişə salıb.


Puerto Asis şəhərində yaşayan 83 nəfərin adı bir qrupda birləşdirilib və hər birinə “Ya bu şəhəri tərk edin, ya da öləcəksiniz” deyə məktublar göndərilib. Bu məktublar əvvəlcə xoş olmayan zarafat kimi başa düşülmüşdü.


Lakin son 10 gündə siyahıda adı olan 3 nəfər öldürülüb. Bu hadisələrdən sonra “qara siyahı”nın zarafat olmadığını başa düşən polis həmin “facebook” səhifəsinin arxasında kimin dayandığını araşdırmağa başlayıb.


Siyahıda adları olan Dieqo Ferney Carmallio və Ebiart Alehandro Munoz motosikletləri ilə gəzərkən vurularaq öldürülüb. Daha sonra isə ölümlə təhdid edilən Norbey Aleksandr Varqas da bir silahlı hücum nəticəsində ölüb. Bu qətllərdən sonra şəhər əhalisi qorxmağa başlayıb. Məktubu alan şəxslərdən bir neçəsi artıq şəhəri tərk edib.
# 719

Oxşar yazılar