Fransada çadranı qadağan edən nazir müsəlman qızla evlənir
26 avqust 2010 12:43 (UTC +04:00)

Fransada çadranı qadağan edən nazir müsəlman qızla evlənir

Fransanın immiqrasiya, inteqrasiya və milli məsələlər üzrə naziri Erik Besson gənc müsəlman xanım Yasmin Torcmanla evlənmək niyyətində olduğunu açıqlayıb. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı Erik Besson və 23 yaşlı müsəlman xanımın gözlənilən nikahı Fransa mətbuatının əsas müzakirə mövzusudur.

Məsələ ondadır ki, məhz Erik Bessone ictimai yerlərdə qadınların çadra ilə gəzməsinin qadağan edilməsi barədə təşəbbüsün müəllifidir. Fransa parlamentinin aşağı palatası bu ilin iyulunda çadra ilə ictimai yerlərdə gəzməyi qadağan edən qanun layihəsini qəbul edib. Senat sentyabrda bu qanunu müzakirə edəcək.

Qeyd edək ki, Erik Besson 49 yaşlı həyat yoldaşı Silviya Bruneldən 1 il əvvəl ayrılıb və Paris İncəsənət Məktəbinin tələbəsi olan Yasmin Torcmanla eşq yaşamağa başlayıb. O, uzun müddət sevgilisinin adını gizlədib. Yasmin Torcman Tunisin ilk prezidenti Habib Burqibin ikinci həyat yoldaşı Vassil Burqibanın qızlığa götürdüyü Həcərin qızıdır.

Gözlənilən toyla bağlı fransız nazir bəyanat yaymaq məcburiyyətində qalıb. Bəyanatda qeyd olunur ki, İslam dininə hörmət etsə də, bu dini qəbul etmək niyyətində deyil və toyu da dünyəvi bir toy olacaq.

O da məlum olub ki, toy sentyabrın 16-a planlaşdırılıb. Toyda ən yaxın şəxslər, o cümlədən prezident Nikolas Sarkozi iştirak edəcək.
# 692

Oxşar yazılar