İsgəndər Həmidov: “İnanmazdım ki, həyatımda belə bir boşluq yaranacaq” - MÜSAHİBƏ
19 yanvar 2010 14:15 (UTC +04:00)

İsgəndər Həmidov: “İnanmazdım ki, həyatımda belə bir boşluq yaranacaq” - MÜSAHİBƏ

Lent.az-ın “Persona” rubrikasının qonağı Xalq Cəbhəsinin qurucularından biri, sabiq daxili işlər naziri, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının keçmiş sədri İsgəndər Həmidovdur. İsgəndər Həmidov bizimlə söhbətdə yaşam tərzi, xarakteri, dostları, ailə həyatı, övladları, arzu və niyyətlərindən danışdı.

- İsgəndər bəy hazırda necə yaşayır, hansı işlə məşğuldur?

- Həbsdən sonra məndə bir xüsusiyyət əmələ gəldi. Özümə qapanmağı bacarıram. Mən özümü biləndən imkanım yaxşı olub. Valideynlərimin, özümün imkanım yaxşı olub. Həmişə dostlarla 10 dəfə çörək yeyəndə, çay içəndə, 7 dəfə hesabı mən vermişəm. İndi o işlər yoxdur, mən də uzun müddət həbsdə oldum. 20 ildir ki, mənim evimə 1 manat gəlmir. Ona görə özümə qapanıb, evdə oturmağa çox üstünlük verirəm. Lap bərk darıxanda, qəlbim ağrıyanda maşına oturub, Mənsum İbrahimovun, Babək Niftəliyevin muğamatına qulaq asa-asa, ağlaya-ağlaya Ağcabədinin, Bərdənin, Ağdamın birləşən yerinə gedirəm. Orada bir çəkillikdə, tut meşəliyində balaca bir kababxana var. Oturub, üzümü Şuşa tərəfə tutub, hava uduram, özümü aldadıram ki, gəldim, Qarabağın havasını uddum. Elə o yerdə Canəli Əkbərovun kasetinə qulaq asıram. Canəli Əkbərovun səsində bir cingilti, döyüş sədaları var. Gəlirəm evə. Köhnə dostlarım zəng edirlər ki, gəl, şahmat oynayaq. Onlarla şahmat oynayıram. Qalan vaxtlarda 3-4 saat mütaliə edirəm, türkçülüklə bağlı araşdırmalar aparıram. Özümün də bir-iki cızma-qaram var. Mən yazı yazmağı sevmirəm. Türkçülüklə bağlı tanınmış alimlərlə əlaqələrim, yazışmalarım var.
Bax belə. Gənc vaxtlarda olur, insan özü-özünə yer tapa bilmir, axtarışda olur. Mən də həmin axtarış ərəfəsindəyəm. Hələ özüm-özümü axtarıram. Filosofların bir kəlamı var. Deyirlər ki, ömür-billah yaşa, ömür-billah öyrən. Bax, bu kəlam mənim ömrümə düşür. Amma məndə boşluq var. Bəli, mətinlik, sınmazlıq, hamısı qalıb. Həmişə çalışmışam ki, dediyim sözə əməl edə bilim. Mən hələ 1988-1989-cu illərdə demişdim ki, 60 yaşımda siyasətdən gedəcəm. Hətta yoldaşlarım güləndə dedim ki, ya müstəqillik uğrunda mübarizə apardığımız üçün bizi öldürəcəklər, ya da biz qalib gələcəyik, Azərbaycan müstəqil olacaq, sonra siyasətdən gedəcəm.

- Elə bu sözə görə də siyasətdən getdiniz?

- Heç kəs bilməyə bilər. Amma insan özü özünü aldada bilməz. Ona görə də mən siyasətdən getdim. Lakin indi özüm özümü aldada bilmirəm. Yer tapa bilmirəm, vurnuxuram. Gedirəm çayxanaya, nərd, şahmat oynayıram. Dostlarla görüşürəm. Birdən dostlar ov vurub gətirirlər. Amma görürəm ki, bunlar hamısı mənim üçün o boşluğu doldurmur.
Çox ağır olsa da, mənim yerlilərim, qarabağlılar bu dərdi ortaq daşıyırlar. Ata-ananın məzarına qulluq etmək vaxtı sən bu imkanlardan məhrumsan. Bu dərd insanı öldürür, o dünyaya aparıb gətirir. Mənim elə həftəm, günüm yoxdur ki, Kəlbəcəri, Şuşanı, Laçını yuxuda görməyim. Mən Bakıda böyümüş, tətil vaxtlarında Kəlbəcərdə olmuşam. Ancaq yuxularımda elə yerləri görürəm ki, oralarda az olmuşam. Sonra gəlib o insanlardan soruşuram ki, Şuşada, Kəlbəcərdə, Laçında belə yer var, deyirlər ki, var. Sanki o yerlərdən bir çağırış var. Özümüzü aldada-aldada günümüzü keçiririk.

- Belə demək mümkünsə, əvvəllər həyatınızın bu dövründə belə bir həyat yaşayacağınızı ağlınıza gətirməmisiniz.

- Mən heç vaxt inanmazdım ki, həyatımda belə bir boşluq yaranacaq. Təsəvvür edirdim ki, Azərbaycan müstəqil olacaq, ərazi bütövlüyümüz bərpa olunacaq. Bir ay Gədəbəydə, bir ay Daşkəsəndə, bir ay Qazağın dağlıq hissəsində, bir ay Kəlbəcərdə, bir ay Şuşada, bir ay Laçında olacam, illər gəlib belə keçəcək. Amma bu gün paradoks yaranıb...
Bu gün SSRİ-nin saxlanılmasının, referendumun əleyhinə səs vermiş 42 nəfərin heç biri pensiya almır. Amma Ali Sovetin üzvləri pensiya alırlar. Bu qədər mənəvi cəhətdən sıxıntıya məruz qalacağımızı təsəvvür etmirdim. Mən daxilən üsyankar bir insanam. Özüm özümlə belə bir mübarizə aparacağımı da bilmirdim. Elə bil ki, daxilimdəki bir vulkan məni ağuşuna alıb, o dağa, bu daşa vurur. Başımı qaldırıb reallığa baxıram, sonra deyirəm ki, yox, ağzımdan söz çıxıb, sözümə əməl etməliyəm. Lap ölüm də olsa, əməl edəcəm də.
Bəzilərinə sual verirlər. Nə qədər yalan danışmaq olar?! İndi aldadacağımız bir mühit, predmet yoxdur. Çünki öz xalqımızdır, danışdığımız yalan, etdiyimiz günah xalqa qarşı yönəlib. Bu məni ağrıdır.

- Fikirləşəndə heç özünüzü qınayırsınızmı ki, günah mənim xarakterimdədir.

- Əgər Allah-təala məni yenidən həyata qaytarsa, yenidən anadan olsam, təzədən öz həyatımı yaşayardım. Baxmayaraq ki, bunun əziyyəti, həbsxanası olacaq. Siz mənim bir səhvimi bilirsinizsə, mən özümün 10 səhvimi bilirəm. Amma mənim yaxşı işlərim də, səhvlərim də - hamısı Azərbaycana qulluq edib. Ona görə dəyişmək istəmirəm. Haradasa özüm üçün səhv saydığım bir addım bu millətin xeyrinə işləyib. Bu xalqın bütün nümayəndələri “bəçeşm” deməli deyil ki! Bir üsyankarlıq, bir qabağa düşən olmalıdır. Ona görə də mən həyat tərzimi dəyişmək istəmərəm.
Tənha deyiləm. Dost, tanışlar yetərincədir. İndi mənə xalqın içərisində olan hörmət, istək əvvəlkindən çoxdur. Həyat tərzimi ən azı ona görə dəyişməzdim ki, ən gözəl dövrü yaşamışam, Azərbaycanın müstəqilliyini görmüşəm. Müstəqilliklə bağlı qərarın qəbulunda iştirak etmişəm və müstəqil Azərbaycanda yaşayıram. Müstəqillik uğrunda mübarizəyə qədər mən OBXSS deyilən bir qurumda şöbə rəisi olmuşam. O həyatı küçə həyatına, mübarizə həyatına, mitinq həyatına dəyişməzdim. Oturardım, indiyə qədər də vəzifədə işləyərdim. O, elə bir yer idi ki, hamının işi düşürdü. Amma sakit həyat tərzi mənim üçün deyil. Təsəvvür edin, dağlara çıxıram, hamı maşınla gedir, mən 10-12 kilometr yolu piyada gedirəm. Özüm üçün axtarışdayam.
Mən bir az mühafizəkaram. Bu gün televiziyaya çıxıb, ata və analara mənəviyyat dərsi keçməyin əleyhinəyəm. Mənəviyyatsız insanların mənəviyyat dərsi keçməyi mənə ağır gəlir. Bəzi insanlara “Xalq artisti” adı verilməsi mənə pis təsir edir. Mübarizədə olan insanların heç nəyi yoxdur, Azərbaycanın müstəqilliyinin əleyhinə olmuş, rus qoşunlarını bura dəvət etmiş insanların hamısı “İstiqlal” ordeni alıblar. Mənim həyatım çətin, amma şərəfli həyat olub. Lakin şərəfsiz yaşayanlar bu dünyadan da şərəfsiz gedəcəklər. Belə şeylər məni narahat edir.
Başqa cür yanaşsaq, xasiyyətdə dəyişikliyi kim istəməz? İstəyərdim ki, bir az mülayim olaydım, balalarımı elə tərbiyə edəydim ki, onlar da bir az biclik, fırıldaq, əliəyrilik biləydilər. Bu günə qədər övladlarımın heç biri işləmir. Millət adı çəkiləndə balalarımın ikisi də ayaq üstə durur. Elə işlər var ki, fanatizmi böyütmək olmazdı. Bu məsələlərdə dəyişiklik etmək istərdim. Amma bundan sonra nəyi dəyişim? Bu, mənim taleyimdir.

- Yeri gəlmişkən, nazir vəzifəsindən gedəndən sonra vəzifənin sarsıntısını keçirdinizmi?

- Həyatımı 3 yerə bölərdim. Birincisi, daxili işlər naziri olan dövrə qədər, ikincisi, nazir olduğum, üçüncüsü vəzifədən sonra, həbsxana illəri da daxil olmaqla, yaşadığım həyatım. Ən ağır günlərim daxili işlər naziri olduğum dövrlərdə olub. Xarici görünüşümdən də görünürdü ki, o zaman bükülmüşdüm, belim əyilmişdi, indi dikəlmişəm. Hər kəs vəzifəyə bir prizmadan baxır, mənim üçün ən ağır dövr olub. Nazir olmamışdan əvvəl də camaatın içərisində piyada gəzmişəm, indi də gəzirəm. Piyada gəzməyi çox sevirəm, maşını da özüm sürürəm. Sadəcə, daxili işlər naziri olanda ətrafımda o qədər ikiüzlü, yaltaq insanlar var idi ki, yaxşı insanları görə bilmirdim. Vəzifən olmayandan sonra yaxşı insanlarla daha çox ünsiyyətdə olursan. Ətrafında vəzifəyə görə səninlə yaxınlıq edən, yarınan insanların heç bir olmur. Məsələn, ola bilərdi ki, bu gün daxili işlər naziri olaydım, siz məndən müsahibəni orada gəlib alaydınız. Mən sizin necə insan olduğunuzu hiss etməzdim. Vəzifə bunları araşdırmağa qoymur. Amma vəzifə olmayanda belə məqamlara insan fikir verir, səmimilik insana xoş gəlir. Bayaq maşından düşəndə 2 nəfər mənimlə görüşdü. Bununla fəxr edirsən. Bu, insana daha çox ləzzət edir. Amma vəzifədə olanda sənə yarınanlar çox olur, “səndən ötrü ölümə gedərəm” deyən yalançı, fırıldaq insanlar ətrafında yer alır. Ona görə də vəzifəsiz günlər mənə daha xoşdur.
Vəzifənin bir şeyi var ki, xidməti maşın verirlər. Bir də 3 nömrəli telefonun olur, o da yaltaqlanmaq üçündür. Zənglərin yarısında sənə yaltaqlanırlar, zənglərin də yarısında sən kiməsə yaltaqlanırsan. Bu da mənim həyatımdan getdi. (gülür)

- Bəs siyasətdə necə, dostlar qazana bildiniz, yoxsa siyasətin də dostları vəzifə dostları kimidir?

- Siyasətdə mən həmişə dost sözündən qaçıram. Dost ağır sözdür, hecaya bölünməyən türk sözüdür. Mənim siyasətə qədər, vəzifəyə gəlməmişdən əvvəl dostlarım vardı, bu gün də onlarla dostluq edirəm. Həyatda dostlarım çox deyil, 2-3 nəfər dostum olub. O dostluğumuzu da saxlayırıq.
Dostlarımla həmişə bir yerdəyik. Hər gün, hər an 2-3 dostumun köməyini hiss edirəm. Ən azı məni evdən çıxarmaq üçün deyirlər ki, gəl, şahmat oynayaq. Onlar şahmatı məndən zəif oynayırlar, başa düşürəm ki, məni niyə çağırırlar. Ya da deyirlər ki, gəl bulağın üstünə gedək, hava udaq. Çox sağ olsunlar.

Siyasətdə həmkarlarım, həmrəy, yoldaş olduğum insanlar olub. Bir-ikisindən başqa, hamısıyla əlaqələrim normaldır. Hər insan daxili tələbatından çıxış edir. Məsələn, mənim üçün məqbul deyil ki, hər il camaata deyim ki, bu il keçən illərdən seçiləcək. Həm də bu sözü özümün heç nə etmədiyim halda deyim. Mən bir iş görsəm, bilsəm ki, hansısa dəyişiklik etməyə iqtidarım, gücüm çatır, o halda bu sözü deyərəm. Mənim üçün məqbul deyil ki, seçki komissiyalarını saxtakar adlandıram, sonra da həmin komissiyanın qərarı əsasında sevinəm ki, mənim partiyamdan da kimlərsə seçilib. Siyasətçi üçün iki məsələ önəmlidir. Siyasətçi populyar olmayan qərarları qəbul etməyi bacarmalıdır. Əgər siyasətçi populyarlıq xatirinə qərar qəbul edirsə, o siyasətin axırı yoxdur. Həyat da onu göstərdi. Siyasətçinin qərarı cəmiyyətin qərarı ilə üst-üstə düşməyə bilər, amma Vətənin, millətin, torpağın xatirinə o qərarı qəbul etməyi bacarmaq lazımdır.
Ona görə də siyasətdəki həmin insanlarla çalışıram ki, siyasətdən az danışam. Siyasətdə olanlarla, Bozqurd Partiyasının özəyini yaradanlarla, üzvlərlə xeyirdə-şərdə görüşürük. Siyasətdən kənar söhbətlərimiz olur. Türkçülükdən, insanlıqdan söhbət edirik.
Mən həsəd aparmağı yox, dostlarımın, tanışlarımın yaxşı işlərinə sevinməyi bacarıram. Onlar üçün hansısa bir işi düzəldəndə çox sevinirəm.
Bir məqamı da qeyd etmək istəyirəm. Məni son 4-5 ildə tanıyanlar deyirlər ki, sənin bu qədər mütaliə etdiyini bilmirdik. Taleyimiz elə olub ki, xalq hərəkatından sonra öhdəmə düşən vəzifələrin hamısı vurmaqla, tutmaqla, kəsməklə bağlı olub. Amma bu o demək deyil ki, mən kitab oxumuram.

- Belə başa düşdüm ki, siyasətdə tanınmış, populyar şəxslərlə dostluq münasibətləriniz yoxdur?

- Yaxşı yoldaşlıq münasibətləri var, yaxşı həmfikirlər var. Amma dost ayrı sözdür. Dost odur ki, gərək o birisinin ayağına daş dəyəndə başını qoyasan. Dostların yalnız evləri ayrı olmalıdır. Əgər bir dost çox gözəl yaşayır, o biri acından ölürsə, elə dostluq ola bilməz.

- Mövzunu dəyişək. Ailədə böyük övlad olmusunuz?

- Böyük qardaşım olub, rəhmətə gedib. Oğlanların içərisində böyük mən olmuşam. Anam rəhmətə gedəndə mənim 11 yaşım vardı. Ulduz adlı bacım var, indi Gəncədə yaşayır, xəstədir, o bizi saxlayıb. Mənim 18 yaşım olanda atam rəhmətə gedib. 7 qardaş-bacı olmuşuq, hamımız oxumuşuq. Mehriban ailə olmuşuq.

- Ailəniz Bakıda yaşayıb?

- Tərtərdə, sonra Bakıda yaşamışıq.

- Atanızdan sonra ailənin yükü yəqin ki, sizin çiyninizə düşüb?

- Mən 18 yaşımdan işləmişəm. Bel ilə işləməmişəm. Amma qolumuzu çırmayıb, hər işin öhdəsindən gəlmişik ki, ailəmizdə atanımızın-anamızın yoxluğu hiss edilməsin. Bacım Ulduz buna imkan verməyib, sonra da qardaşlarımın hamısı çalışıb. Kiməsə əl açıb, nə isə istəməmişik. Çalışmışıq ki, özümüz nail olaq. Uzun müddət böyük qardaş kimin ailənin məsuliyyəti üzərimdə olub.

- Bu məsuliyyəti uzun müddət daşıyan insan kimi hansı qərarınızı ən böyük səhv sayırsınız?

- Əgər indi olsaydı, kiçik bacımın o adama getməyinə razı olmazdım. O qərarı mən qəbul etmişəm. İndi bacım rəhmətə gedib. Kiçikləri naz-nemət içərisində böyütmək, fiziki əməkdən uzaqlaşdırmaq da düzgün olmayıb. Bunun da məsuliyyəti mənim üzərimdədir. Bizim ailədə mənim-sənin söhbəti olmayıb. Qardaş-bacını valideynsizlik sıx birləşdirib. Amma kaş deyəydim ki, buna əl vurma, ona dəymə. Səninki varsa, mən onun arxasınca getməmişəm, səninkini götürüb geyinmişəm, xərcləmişəm. Amma gərək özün çalışaydın, qazanaydın. Yoxsa mənim-sənin söhbəti olmayanda, o insanları işləməkdən çəkindirir. Gərək o münasibətlərə bir az başqa cür baxaydım. Bu gün də nəyim varsa, onlara qurbandır, qurban etməyə hazıram. Amma onunla bərabər, gərək çalışaydım ki, özləri də işləməyi, onu qazanmağı bacarsınlar. Həyatda mübarizə aparmağı bacarsınlar.
Bu yaxınlarda mikrorayonda qazdan ev partladı, küçədə bir gəlinə dəydi. O gəlin mənim bacım oğlunun yoldaşı idi. Barışa bilmirəm. Elə bilirəm ki, günah məndədir. O qəzanı mən etməmişəm, Allahın işidir. Ancaq onların evlənməyini, elçiliyini mən etmişəm. Bəlkə də özümə kritik yanaşıram...
Çalışmaq lazımdır ki, uşaqlar müstəqilliyə öyrənsinlər, bir işin öhdəsindən gələ bilsinlər. Hər dəfə səndən soruşmasınlar ki, bunu necə, nə təhər edək, filan işi görüm, yoxsa yox. Qoy uşaq bunu özü etsin.

- Övladlarınızdan necə, nə dərəcədə razısınız?

- İkisi də ali savadlıdır, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitiriblər. Hər ikisi evdə, işsizdirlər. Allah-təalanın mənə verdiyi ən böyük nemət bu iki övladımdır. Türkçülüyü, millətçiliyi onların qanına o qədər hopdurmuşam ki, başqa bir şeyi qəbul etmirlər. Birini evləndirmişəm, birini də evləndirəcəm.

- Niyə işsizdirlər?

- Ancaq İsgəndər Həmidovun oğlu olduqları, Həmidov soyadını daşıdıqları üçün. Hər ikisi BDU-da magistr pilləsini, həm də əla qiymətlərlə bitirib. Rektorluğun məktubu var ki, belə övlad böyütdüyü üçün valideynlərinə təşəkkür edirik. Övladlarım instituta qəbul olan vaxt da, institutu bitirən vaxt da mən həbsdə olmuşam. Yəni mənim onların instituta qəbul olmağında, institut bitirməyində heç bir rolum yoxdur. Ancaq bir daha qeyd edim ki, onlar oxuduqları dövrdə BDU-nun müəllimləri onlar çox vicdanlı hərəkət ediblər. İstəsəydilər, hər şey ola bilərdi. Həmin müəllimlərin adlarını çəkərəm, amma qorxuram ki, sabah onları işdən çıxararlar. Övladlarımdan razıyam, övladlarım da məndən razıdır. Amma bəzən övladlarımın yanında utanıram. Onlar mənə görə işsiz qalıblar. Mənim bunu bilməyim kifayətdir ki, ürəyimdə özüm özümü tənə edim. Bunu da Allahın ümidinə buraxıram.

- Həyatınızda xanımınızla bağlı seçiminizi nə dərəcədə uğurlu sayırsınız, heç tərəddüd keçirdiyiniz məqamlar olubmu?

- Xanımım sabah, birisi gün nənə olacaq, ona görə danışa bilərəm. Şeyx Şamildən soruşurlar ki, sən necə Şeyx Şamil oldun. Deyir ki, məni Şamil kimi ailəm tanıdı, sonra balalarım, daha sonra kəndimiz, nəhayət, bütün Dağıstan. Azərbaycan kişisinin kişi kimi püxtələşməyinin, yaşamağının birinci səbəbi qadınıdır. Azərbaycan qadınının qiyməti yoxdur. Azərbaycan qadını istəsə, kişini heç edər, kim olursan, ol. Sən prezident də, nazir də, sərkərdə də ola bilərsən, amma qadının elə bir hərəkət edər ki, başını qaldırıb camaatın üzünə baxa bilməzsən. Lakin qadının elə də edə bilər ki, sən heç kim olmasan da, amma hər yerdə hamının üzünə dik baxarsan, deyərsən ki, ən azı namusum var. Mən bu baxımdan xoşbəxtəm. Mənim bütün əziyyətlərimin 99 faizini o çəkib. Bizim evdə heç vaxt artıq söhbət olmayıb. Bir dəfə mənə deyilməyib ki, sən düz edirsən, ya da düz etmirsən.
Bizim övladlarımız ya ananın, ya da küçənin tərbiyəsi altındadır. Əgər övladlarımdan bu gün razıyamsa, deməli, onların anasından iki qat razıyam, o, uşaqları tərbiyə edib. Konkret mənə gələndə, uşaqların böyüyən vaxtı türmədə olmuşam, uşaqları o böyüdüb.
Hər bir insanın 75 faizini onun xanımı təşkil edir.
Mən xanımımla bağlı peşman deyiləm, bir an da tərəddüd keçirməmişəm. Həm də yaxşı kişinin qadını pis ola bilməz. İkinci də, qadının günahı yoxdur. Pis qadın yoxdur, pis kişi var. Pis kişinin pisliyi nəticəsində qadın pis yola gedə bilər. Biz deyiriksə ki, Dubayda bizim 6 min qadınımız həbsdədir, bu, 6 min qadının günahı deyil. 60 min Azərbaycan kişisinin günahıdır! Ayağını bir dəfə yuxarı qaldıranın altına bir “CİP” alıb qoyur, ehtiyacı olana ailəsini, uşağını saxlamaq üçün 10 manat vermir ki, onların ailəsi Dubayda pis günə düşməsin. Azərbaycan qadını dünyada qadınların şahıdır. Mən çoxlu sayda türkdilli dövlətlərdə olmuşam. Almaniyanı, Fransanı demirəm. Türkdilli dövlətlərin içərisində ən şərəfli, namuslu bizim qadınlardır.
Televizorlardan çirkab yağır. Azərbaycan qadınıdır ki, ona dözür. Allaha şükür ki, ailəmdən bu baxımdan razıyam.

- Sonda İsgəndər Həmidovun arzusunu da bilmək istərdik.

- Kəlbəcər adlı bir rayon, onun Bağlıpəyə kəndi var. O kəndin Taqqıldaq adlı bir yaylağı var. Taqqıldaq yaylağında da Qanlı göl adlı bir göl var. Orada bir ay dincələm. Sonra Laçından keçib, Şuşada bir ay dincələm. Ən böyük arzum budur.
Millətimiz də layiq olduğu güzərana çatsın. Bu gün kimlərsə 100 milyona pul demirsə, ancaq kimlərsə çörək pulu tapa bilmirsə, bu, anormallıqdır. 100 milyonu olan da olsun, o birisinin də 1 milyonu olsun. Varlıların əlindən pul almağın tərəfdarı deyiləm, amma kasıblarımızı da varlandırmalıyıq.
Onu da istərdim ki, çəpik çalmaqdan uzaqlaşaq, bizə “çəpik millət” deyirlər. Mən bir nəfəri pisləyirəm, mənə çəpik çalırlar. O məni pisləyir, eyni adamlar ona da çəpik çalırlar. Real millət olaq. Anlayaq ki, bu gün qarşımıza hansı məqsəd qoyuruq və hansı addımları atmalıyıq. O halda görəcəyik ki, zaman-zaman Dərbənd də, Təbriz də bütöv Azərbaycanın tərkibindədir. 20 il əvvəl məni tutanda ittiham aktında yazmışdılar ki, pantürkistəm, dəliyəm, sərsəməm, turançılıqdan danışıram. Amma bu gün türk dövlətlərinin Parlament Assambleyası yaranır. Biz bilməliyik ki, türkük, türkük, türkük...
Bu gün kəlbəcərlilərə kürd deyirlər. Kəlbəcərdə 2 kürd kəndi var, kürd əmimiz oğludur, heç kim heç nə demir. Ancaq mən türkəm axı! 65 min əhalinin 62 mini türkdür.
Bu gün bir dəstəmizə “ayrım” deyirlər. Ayrım haradan yaranıb? 11-ci legion Azərbaycana girəndə Borçalı, Qazax tərəfdə deyiblər ki, “ay rum”. “Quran”da da “ay rum” sözü yazılır. İndi o tərəfin əhalisinə “ayrım” deyirlər. Elə deyil, onlar da elat türküdür.
Bu gün deyirlər ki, guya bizim xalq bu ərazilərə gəlmədir. Biz gəlmə deyilik, gəlmə ola bilmərik. Homer “İlliada” əsərində yazır ki, Axilles Troya ilə döyüşdə meydana çıxır, deyir ki, ey at əti yeyən, at südü içənlər, təslim olun. At əti yeyən, ət südü içən türklərdir. Əgər Anadoluda türkün şəhər dövləti olubsa, deməli, türklər buranın yerli əhalisidir. Əgər Ərəbistanda eramızdan əvvəl etrusk türkü yaşayıbsa, mən necə Azərbaycana gəlmə olmalıyam?!
Deyirlər ki, burada albanlar olub. Albanlar da türk tayfalarıdır. Biz bu torpaqların yerli sakinləriyik, o birilər bizim yanımıza gəlib, sığınıblar. Ari nəzəriyyəsi də türklərlə bağlıdır. Hindistana Altaydan ala gözlü, sarı saçlı türklər gedib, dəmirdən qılıncları olub, ona görə də onlara ali irq kimi baxıblar. Hitler də ali irq nəzəriyyəsini oradan götürüb. Belə bir xalqın torpağı niyə işğal altında olmalıdır?...
Hərbi sənayemizi bərpa etməliyik. Bu gün iqtidarın da, müxalifətin də bir vəzifəsi var. İlin əvvəlində vətənpərvərliyi artırıb, ilin sonunda söndürmək. Bu səfər iqtidar müharibə çağırışı etdi, müxalifət dedi ki, hələ danışıqlar tükənməyib. Belə-belə millətin içərisində vətənpərvərlik hissi öldürülür.
Millətimiz bəndədən yox, Allahdan qorxmalıdır. Bəndə xofu yaltaqlığa, rəzilliyə gətirir.
Sonda bir arzum da odur ki, uşaqlarıma bir iş tapam, işləyələr ki, gözlərinə düz baxım, utanmayım. Yeri gəlmişkən, bir ağır məsələni də deyim. Bu gün oğluna qız axtarırsan. Amma 20 il əvvəl Azərbaycanda elə dilemma yox idi. Bu gün televiziyada göstərilən mənəviyyatsızların hansı azərbaycanlı anası olacaq? Arzum budur ki, hər şey yerini alaydı, belə problemlər olmayaydı. Mən gerilik tərəfdarı deyiləm, inteqrasiya olmaıldır. Amma niyə elə başa düşürük ki, qloballaşmaq şou, lüt gəzməkdir? Bu gün yaponlar qloballaşmayıb? Amma öz adət-ənənələrini itirməyiblər ki! Bu gün kimono deyəndə yapon yada düşür.
Nə deyim. Arzu sona yetəndə insanın da həyatı sona yetir. İnsanın arzusu sona yetməməlidir....

Ramiz Mikayıloğlu
# 2470

Oxşar yazılar