Qızıl və gümüş medalların verilməsi qaydaları təsdiqləndi
16 yanvar 2010 15:30 (UTC +04:00)

Qızıl və gümüş medalların verilməsi qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiqləyib.


Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, təltif olunmaq üçün namizədliyi irəli sürülən şagirdin məktəbi 75 faiz əla qiymətlə bitirməsi və bütün fənlərdən illik qiymətlərinin “əla” olması vacibdir. Fənn olimpiadaları və bilik yarışlarında mükafata layiq görülmə də qızıl və ya gümüş medala sahib olmaq üçün zəruri kriteriyalardan biri hesab olunur.


Medalla təltif üçün namizədliyin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurası baxır və müvafiq qərar qəbul edir. Sənədlər Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq quruma təqdim edilir.

Qaydalara əsasən, qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. Məzunların qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. Qızıl və ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır.
Elxan SALAHOV
# 792

Oxşar yazılar