Yanvarın 20-də Bakıətrafı zonada elektrik qatarları pulsuz işləyəcək
14 yanvar 2010 17:30 (UTC +04:00)

Yanvarın 20-də Bakıətrafı zonada elektrik qatarları pulsuz işləyəcək

Azərbaycan dəmiryolçular 20 Yanvar faciənin ildönümü ərəfəsində silsilə tədbirlər keçirirlər. Artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov “20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş Tədbirlər planı”nı təsdiq edib.

Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, tədbirlər planına əsasən, faciə zamanı şəhid olmuş dəmiryolçuların ailələrinə birdəfəlik maddi yardım ediləcək, bütün idarə, müəssisə və təşkilatlarında Qanlı Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, elmi-texniki kitabxanada ədəbi-sənədli stend hazırlanacaq. Həmçinin “Azərbaycan dəmiryolçusu” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunacaq. Onun sözlərinə görə, artıq tədbirlər planının icrasına başlanıb.

Nadir Əzməmmədov deyib ki, tədbirlər planına uyğun olaraq, yanvarın 20-də Abşeron şəhərətrafı zonada səhər saat 6.00-dan 23.00-dək elektrik qatarlarında pulsuz gediş-gəliş təşkil ediləcək. Saat 12.00-da isə anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq və lokomotivlər fit verəcək. Dəmiryolçular həmin gün Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Xatırladaq ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları müstəqillik arzusu ilə ayağa qalxmış xalqımıza qarşı vəhşilik törədiblər. Bu dəhşətli hadisədə 132 nəfər heç bir günahı olmadan qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib, yüzlərlə bina dağıdılıb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Elxan SALAHOV
# 635

Oxşar yazılar