Nazpəri Dostəliyeva: “O səsi eşidəndə hirsimdən elə bil cərəyan vurdu”
13 yanvar 2010 16:00 (UTC +04:00)

Nazpəri Dostəliyeva: “O səsi eşidəndə hirsimdən elə bil cərəyan vurdu”

Xalq artisti Nazpəri Dostəliyevanın Lent.az-a müsahibəsi

- Nazpəri xanım, piratlar qalib gələcək, yoxsa siz?

- Mən mübariz insanam, yəqin ki, mübarizəm nəticəsiz qalmayacaq. (Gülür). Bu tək mənim deyil, bütün sənətçilərin bəlasıdır. Təkcə Azərbaycanda deyil, bütün dünyada piratların sənətçilərin yaradıcılığı üzərində biznes qurub sərvət qazanması adi hal alıb.

- Yaxşı, bəs bu kampaniya hansı effekti verəcək? Bir konsertlə piratlar tövbə edəcək?

- Artıq konsert planı öz səmərəsini verib. Əvvəla, dövlət qurumları tərəfindən mənim və prodüserim Hüseyn Cavadzadənin birgə işlədiyimiz layihə diqqətə layiq görülüb. Artıq Mədəniyyət və Turizm Nazirliyi və Müəllif Hüquqları Dövlət Agentliyi ilə görüşlərim olub. Mətbuatda da artıq informasiya yayılıb, Müəllif Hüquqları Dövlət Agentliyi konsertə dəstək verir. Azərbaycan Televiziyası çəkilişi və yayımı üzərinə götürüb. Mədəniyyət və Turizm Nazirliyi isə layihənin davamında bizdən öz köməkliyini əsirgəməyəcəyinə vəd verib. Lakin bir düzəliş etmək istəyirəm, bu konsertin xərcləri şəxsi büdcəm və “STS” musiqi şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir.

- Dövlət qurumlarının layihəni dəstəkləməsi normaldır, müğənnilərin bu konsertdə iştirakının səbəbi təkcə mübarizəyə qoşulmaq anlamındadır, yoxsa onlar konsertdən maddi gəlir götürəcəklər?

- Qətiyyən. Maşallah, bu aksiyaya çox sayda, həqiqətən də sevilən və musiqiləri dinlənilən populyar ifaçılarımız qoşulub. Təmənnasız. Ümumiyyətlə, bu konsert həm də tamaşaçılarımıza təmənnasız təqdim olunur. Bizi sevənlərə hamımız bir məqsədlə bu konserti təqdim edirik. Əvvəla, xalqı, bizi sevənləri diqqətli olmağa çağırırıq, ikincisi də bu da bir həmrəylik formasıdır da! Həmişə musiqi səhnəsində dava-dalaş olmayacaq ki!

- Piratlarla mübarizədə bir qədər gecikmiş sayılmırsınız ki? Niyə əvvəl bu ideya yox idi?

- Məni qeyri-qanuni əməl, oğurluq həmişə narahat edib. Hətta elələri olub ki, yaxınlaşıb özləri etiraf ediblər ki, sizin mahnılarınız mənə filan qədər gəlir gətirib. Bax, beləsinə nə deyəsən?
Təsəvvür edin, illər öncə el şənliyində iştirak edirdik. Bizim Türkiyədə çalışan balamız Günel də toyda idi. Birlikdə məclis boyu canlı ifa ilə tandem qurub gözəl bir musiqili ziyafət etdik. Rusiyada olanda həmin toyun səsyazmasını, o səsi diskdə eşidəndə hirsimdən elə bil məni cərəyan vurdu. Sən demə, burada olan bütün azərbaycanlıların əksəriyyətinin evində bu disk var imiş. Təsəvvür edirsiniz, toyda olan ifanın səsyazması hansı keyfiyyətdə ola bilər? Niyə məni tanımayanlar ifamı bu şəkildə tanımalıdır? Bu məni həmişə düşündürür. Əvvəllər göz yumurdum. Müsəlmansayağı fikirləşirdim, deyirdim, onlar da ailə sahibləridir, evlərinə çörək aparır. Amma sonradan fikir verib gördüm ki, hər şeyin bir həddi var. Prodüserim Hüseyn Cavadzadə ilə məsləhətləşdik və nəhayət...

- Yeri gəlmişkən, piratlarla ayrı-ayrılıqda mübarizə aparan həmkarlarınız da var. Gələcəkdə onlarla mübarizəyə qoşulmaq arzunuz yoxdur ki?

- Birlikdə, ya da ayrı-ayrı... Bizim hamımızın bir məqsədimiz var. Keyfiyyətli iş təqdim edib, zəhmətimizin bəhrəsini görmək. Görün, həmrəy olan nə qədər sənət dostlarım var. Onların gələcəkdə sayının artması pis deyil ki, müsbət haldır.

- Adətən konsertlər sürprizli olur. Ulduzlu gecənin sürprizləri olacaq?

- Var. Bu, bizim tamaşaçılarımız üçün özəl bir şey olacaq. Bütün tamaşaçılara hədiyyələr olacaq. Bunun nə olacağını konsertin tamaşaçıları görəcəklər.

Lalə Yusifqızı
# 911

Oxşar yazılar