Hadı Rəcəblidən şok açıqlama
08 yanvar 2010 14:30 (UTC +04:00)

Hadı Rəcəblidən şok açıqlama

“Ünvanlı sosial yardım alanların sayı təxminən 4-5 dəfə aşağı düşə bilər”

“Baxmayaraq ki, biz uşaq pulu deyilən məfhumdan ünvanlı sosial yardıma keçəndə maliyyə vəsaitini iki dəfə artırdıq, ancaq bununla belə, bu gün ünvanlı sosial yardım almaq istəyənləri sayı daha da çoxalıb”.

Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib.

Hadı Rəcəbli ilk dəfə bir məsələni də açıqlayıb. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2009-cu ildə ünvanlı sosial yardım üçün nəzərdə tutulan vəsait artıq ötən ilin oktyabr ayında qurtarıb: “Qeyd edim ki, ayrılan vəsait o zaman proqnozlar hesabına müəyyənləşdirilmişdi. Proqnozlar da belə idi ki, filan qədər ailə ünvanlı sosial yardım ala bilər. Lakin sosial işçilər gedib yerlərdə iş aparanda gördülər ki, nəzərdə tutulandan 30 faiz çox həmin kriteriyalara düşən adamlar var. Belə olan təqdirdə də ünvanlı sosial yardımların verilməsi dayandırıldı. Üç ay ünvanlı sosial yardım üçün bu məqsədlərə ayrılan vəsait olmadı. Düzdür, biz bunu müxtəlif cür yozmağa çalışdıq, ancaq əslində mahiyyət yuxarıda qeyd etdiyim kimi idi”.

Komitə sədri qeyd edib ki, indi bu il üçün nəzərdə tutulan vəsaitlərdən həmin məqsədlərə pul yönəldilməsi nəzərdə tutulur: “Beləliklə, demək, bu ilin vəsaitində də, ünvanlı sosial yardımların verilməsində də ola bilər ki, problemlər yaransın. Amma, əslində belə hesab edirəm ki, ölkədə ünvanlı sosial yardım alanların miqyası azalması tendensiyası getməlidir”.

Hadı Rəcəbliyə görə, bu gün kasıb görüntüsü yaradan adamlar əslində kasıb deyillər. Bu gün işləməyib pul almaq istəyən adamlar daha çox bu ünvanlı sosial yardımlardan yararlanır və yaxud yararlanmaq niyyətindədirlər. Bu isə, heç şübhəsiz, insanlarımızı ələbaxımlılığa öyrədir: “Ona görə çox haqlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı ilə birlikdə bu məsələnin, daha doğrusu, yeni sistemin tətbiqi üzərində işləyir. Onlar düşünürlər ki, elə kriteriyalar tapılsın ki, daha çox ehtiyacı olan adamlara ünvanlı sosial yardımlar verilsin. Ona görə düşünürəm ki, bu sistem tətbiq olunandan – təxminən cari ilin ortalarından sonra ölkədə ünvanlı sosial yardım alanların sayı indikindən təxminən 4-5 dəfə aşağı düşəcək”.
Ramiz
# 603

Oxşar yazılar