Azərbaycanla Türkiyə razılaşmayıb
06 yanvar 2010 17:45 (UTC +04:00)

Azərbaycanla Türkiyə razılaşmayıb

Azərbaycanın Türkiyəyə satdığı qazın qiymətinin razılaşdırılması barədə xəbərlər təkzib edilir. Hazırda danışıqlar davam etdirilir və indiki halda Azərbaycanın təbii qazı Türkiyəyə neçəyə satacağı məlum deyil.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, Türkiyə mətbuatında təbii qazın alqı-satqısı üzrə qiymətlərin razılaşdırıldığı barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Biz bu məlumatı təkzib edirik. Danışıqlar davam etdirilir, hələlik qiymət barədə heç bir razılıq əldə olunmayıb. Nə vaxt razılıq əldə olunsa, özümüz ictimaiyyətə məlumat verəcəyik”.

Xatırladaq ki, təbii qazın qiymətinin razılaşdırıldığı barədə məlumatı Türkiyə mətbuatı yayıb. Həmin məlumatda deyilir ki, Türkiyənin "BOTAŞ" şirkəti Azərbaycandan 1000 kubmetri 120 dollara qaz aldığı dövrdəki qiymət fərqini aradan qaldırmaq məqsədilə 2009-cu ilin ilk ayları üçün 399 dollar ödəyəcək. Həmin ilin ortası və sonu üçün qiymət 230-280 dollar arasında dəyişəcək. 2010-cu ilin fevralında isə qazın qiymətinə yenidən baxılacaq.

Bununla belə, Türkiyə mətbuatının yazdıqları nə qardaş ölkədə, nə də Azərbaycanın özündə rəsmi təsdiqini tapmır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Türkiyə ilə bu danışıqların hələ bir müddət davam edəcəyini düşünür. O qeyd edir ki, ötən ilin mayından aparılan danışıqlar prosesi hələlik tərəflər arasında hüquqi sənədlərin imzalanmasına gətirib çıxarmayıb. Yalnız ilin son ayında tərəflər üç hissədən (“Şahdəniz” qazının qiyməti, “Mərhələ-II”dən Türkiyənin alacağı qazın həcmi və Türkiyə ərazisindən keçən Azərbaycan qazı üçün tranzit şərtləri və tarifləri) ibarət paket sazişdəki məsələlərin 95 faizə qədəri həll edilib: “Hətta hansısa prinsipial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılıb. Məsələn, Türkiyə tərəfi ötən ilin əvvəlində “Mərhələ-I”dən alınacaq qaz üçün bir qiymət, “Mərhələ-II”dən alınacaq qaz üçün isə başqa qiymət deyirdisə, ilin sonunda bu məsələ müsbət həll edildi. Yəni 2001-ci ildə müqavilə imzalanarkən aşağı qiymət 70, yuxarı qiymət isə 120 dollar həddində götürülmüşdü. Amma Azərbaycan tərəfi haqlı olaraq bildirdi ki, qazın hansı mərhələdən çıxmasından asılı olmayaraq, bir qiymət olmalıdır. Artıq bu məsələ razılaşdırılıb”.

İlham Şaban deyir ki, Türkiyənin öz ehtiyaclarını ödəmək üçün “Mərhələ-II”dən nə qədər qaz alacağı da artıq müəyyənləşib. Onun sözlərinə görə, Türkiyə bu mərhələdən 6 milyard kubmetr qaz alacaq.

O ki qaldı üçüncü paketdəki təkliflərin razılaşdırılmasına, İlham Şaban deyir ki, Türkiyə tərəfi öz ərazisindən müxtəlif istiqamətlərə gedən xətlər üçün ayrı-ayrı tariflər təklif edir. Azərbaycan tərəfi isə tranzit tarifləri və şərtlərinin qaz xəttinin marşrutlar üzrə deyil, daşınacaq qazın həcminə və müddətinə uyğun müəyyən edilməsinin tərəfdarıdır.

“Amma hansısa ölkənin Azərbaycan qazının real alıcısı olduğunu təsdiq edən hüquqi kontrakt hələ yoxdur. Bu, həm İtaliyaya, həm də Avstriya və Macarıstana da aiddir. Belə bir hüquqi razılaşma olmadığından tranzit tariflərini və şərtlərini müəyyən etməkdə fasilə yaranır” – deyə, İlham Şaban qeyd edib.

Elxan SALAHOV
# 663

Oxşar yazılar