Sürətlə silahlanma İranı təhlükə altında qoyur
25 avqust 2010 15:48 (UTC +04:00)

Sürətlə silahlanma İranı təhlükə altında qoyur

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Filipp Krouli deyib: «Bu fakt, İranın qonşularında olduğu kimi, bizi də ehtiyatlanmağa səsləyir». Onun sözlərinə görə, hər bir dövlət suverendir və müdafiə qabiliyyətini gücləndirmək haqqına sahibdir: «Ancaq başqa bir tərəfdən biz diqqəti ayrılıqda həmin dövlətlərin bölgənin və ya dünyanın sabitliyinə potensial təhlükə olduğuna da yönəldirik».

Krouli qeyd edib ki, İranın imkanları qarşılığında ABŞ da bölgədəki dövlətlərlə hərbi sahədə əməkdaşlığı artırıb: «Biz əminik ki, İran bu ruhda silahlanarsa, o zaman ən az qorunan İslam Respublikasının təhlükəsizliyi olacaq».

Yada salaq ki, ötən həftə İran «Kərrar» adlı pilotsuz bombardmançı təyyarəni silahlı qüvvələr sırasına daxil etdiyini, habelə «Zülfüqar» və «Sirac-1» adlı yeni raket-torpedolu katerlərin kütləvi istehsalına başladığını elan edib. Bundan başqa, İran KİV-in hakimiyyətdəkilərə istinadən yaydığı xəbərlərə əsasən, yaxın günlərdə Tehran özünün istehsal etdiyi S-300 zenit – raket qurğusunu və s. iri hərbi layihələri gerçəkləşdirəcəyini bildirib.

İranın belə silahlanması ölkə iqtisadiyyatının tezliklə çökəcəyini ehtimal etməyə əsas verir. Bununla bağlı «yeni velosiped» icad etməyə ehtiyac yoxdur. Keçmiş SSRİ-nin başçılıq etdiyi Varşava Müqaviləsi NATO-ya qarşı hərbi blok sayılırdı. O vaxtkı Moskva «Varşava»-nın bütün maliyyə xərclərini az qala tək ödəyirdi. Bu isə sovet iqtisadiyyatının böhranına səbəb oldu. Yaranmasının 20 illiyini müharibə, 30 və 40 illiyini aclıqla qarşıladı. 60 illik yubileyində isə «Ərzaq proqramı»nı qəbul etdi…

Sədrəddin Soltan
# 612

Oxşar yazılar