Prezident əhalinin qaz borclarını sildi
29 dekabr 2009 20:00 (UTC +04:00)

Prezident əhalinin qaz borclarını sildi

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fərmanda qeyd edilir ki, respublikada təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə dövlət başçısı qərara alıb:

1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.

2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;
4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
# 2086

Oxşar yazılar