Var olmaq manifesti
28 dekabr 2009 15:00 (UTC +04:00)

Var olmaq manifesti

Biz ya var olacağıq...
Ya bizim cizgilərimizi silə biləcəklər, biz də sadəcə mövcud olacağıq...
Ya da bizi tamamən tarixdən siləcəklər!


Sevdiyim və xüsusi qiymətləndirdiyim yazar - Alber Kamyu…
“Sizif haqqında əfsanə”sində qürurlu İNSANI məhv etmək məntiqini çox
mükəmməl ifadə edir.
“Yüksəkliyə ucalmaq uğrunda mübarizə insan qəlbini, onun həyatına və
ölümünə yetərli məna vermək üçün kifayətdir.
Bu məntiqdən – Sizif... dünyada ən bəxtiyar insana veriləcək mükafatla cəzalandı.
Allahlar Sizifə cəza kəsdilər - o, azman bir daşı dağın ən yüksək zirvəsinə
qaldırmalı idi. Sizif bu ağır qaya parçasını nə zillətlə qaldırsa da, daş ora çatar-çatmaz yenidən... üzüaşağı yuvarlanırdı.

Bu, sadəcə fizika qanunları ilə izah ediləsi məsələ deyildi.
Bu cəza növü qəsdən seçilmişdi.
Daşın geriyə qayıtması da, allahların iradəsindən idi.
Çünki... Allahlar əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət kimi ikinci bir ağır cəza yoxdur.
Amma nə vaxtsa... bəlkə də... ümid tükənənə qədər, Sizifin o daşı o zirvəyə qaldırması da istisna deyil axı.

Həddindən artıq dözümlülük də... insanı məzlum və çarəsiz edir.

Tarixi dürüstlüyü öz çirkin məqsədləri üçün istifadə edən... tarixi həqiqətləri təhrif edənlər... tək tarixin deyil, bəşəriyyətin qəsdinə durur. Belələri öz keçmişinin qaranlıq olduğunu bir daha təsdiq edir.
Xalqımızın kökəni türk soylarındadır. Türklərin isə tarix səhnəsində nəyə qadir olmasını... hansı yürüş və qələbələrə imza atmasını bilmək üçün tarixi xüsusi cəhdlə vərəqləməsək də görünəndir. Sadəcə, Atillanı, Mete Bahadırı, Əmir Teymuru, Şah İsmayılı, Atatürkü xatırlayaq... milli kimliyimizdə onların izini görəcəyik.
Tarix boyunca iqlimdən-iqlimə... coğrafiyadan coğrafiyaya adlayan, on altı imperatorluq quran ulu türk xalqı...

Bilgə Xaqan – “Ey türk! Yuxarıda mavi göy çökmədisə... aşağıda qara yer dəyişmirsə... sənin əlini və törənini kim poza bilər?”

Türklərin tarixi düşməni yoxdur.

Türkü özünə tarixi düşmən hesab edənlər isə var.

“Türk sənin düşmənindir!” - ifadələri altında böyüyənlər, türklər tərəfindən işgəncənin, mütləqliyinin qorxusu - onları kimə olursa-olsun nökərçilik etməsindən asılı olmayaraq məhz türkü məhv etmək israrında tərbiyə edərək... formalaşdırdı. Öz tarixi keçmişi ilə öyünə bilmədiyindən... kökənlərinin yurd yerinin bəlli olmamasından yeni sərhədlər, yeni uydurma tarix yazmaq ehtiyac və xəstə istəklərini reallaşdırmaq naminə bütün şərəfsiz yollardan belə istifadə etməkdən çəkinmirdilər. Böyük dövlətlərin kiçik nökərçiliyini məmnuniyyətlə qəbul edənlər başqa xalqların torpaqlarından dırnaqlarıyla belə torpaq qopartmaq ...yad torpaqlar hesabına özünə yurd yeri qurması... arxadan dost dediyinə xəncər vurmaqla özünün yalançı soyqırımlarına məruz qalmasını dünyaya bəyan etməsi... ən əsası isə bunu məharətlə bacarması, əslində böyük ölkələrin saxta tarix ideologiyasına xidmət etməsi ilə üst-üstə düşür. Bu ideoloji, həm də əməli müharibələr tarixi müharibələrə çevrildi.

Demək ki... SƏBR ETMƏK- heç də tabe olmaq deyil. Səbr etmək... həm də mücadilədir - əlbət ki, zaman və sonuc varsa.


Nələr baş verir ətrafımızda? Dünyada?
Anlaya bilirikmi? Əslində baş verənlərin necə təkrar-təkrar cəhdlər olduğunu görmək heç də çətin deyil. Bir balaca tarixə səyahət etməyi bacaran, şəksiz bütün bu olayların ona tanış gəldiyini təsdiq edəcək.

TARİX - əslində müharibələr, mübarizələr və inqilablar tarixidir. Bu tarixi yaşayan hər xalq, hər dövlət, hər imperiya… onu təkrar olaraq nə gözlədiyini bilməsi nədənindən - ondan vaxtında dərs almağı da bacarmalıdır.
Məlum… amma dəqiq ifadələrdir. Həmçinin faydasızdır. Bəhrələnmək bizlik olmadı.
Amma doğruların qalib gələcəyinə ümidin indiki, tamamən yoxa çıxdığı bir zamanda, bu təkrar cəhdləri nə qədər gözləsək də, ona qarşı mübarizə aparması, yaxud onun qalib gəlməsini əngəlləməsi mümkünsüzdür.
Tarixdə xristianları məhv olmaq təlaşından qurtaran, məğlubiyyəti zatən sözsüz qəbul etdirən Osmanlı Yıldırım Bəyazidi məğlub edərək zərərsizləşdirən böyük sərkərdə Topal Teymurun (qərb ona məhz bu “qələbə”sindən sonra Tamerlan dedi) heykəlini ucaltmaq minnətdarlığına da şahid olduq. Qardaş qardaşa qənim kəsiləndə Avropa qalibiyyətinə daha da yaxınlaşdı. Teymur bir bu addımı ilə Avropanı Türk qorxusundan azad elədi. Yıldırım Bəyazidin sözü ilə desək, “Bütün islam aləmini başsız qoydu”.

Məni ilgiləndirən bu əbədi və əzəli gücə sahiblərin türk… əslində bu problemin adını Yaxın Şərq …müsəlmanlara məxsus ərazilər - adlandırmaq daha doğru olardı. Amma bu, böyük coğrafiyadır. Bir də, müsəlman anlayışı çox böyük anlayışdır. Bizim isə indi hədəfdəki bu böyük coğrafiyanın ancaq türklərə aid olanına dair planları və nəticələri nəzərdən keçirməmiz mümkündür.

XVI yüzil boyu Avropaya meydan oxuyan Osmanlı dövlətinə Qızılbaşlar hərəkatının ən böyük təhlükə olduğunu beyinlərə yeridən kimlər idi? Hansı tərəfin marağına aid idi bu siyasi vəziyyət?

Venesiya Respublikası elçiləri Domeniko Trevizano, Antonio Erişşə, Marino Kavelli, Markantonio Barbora ara vermədən bu təhlükədən yazırdılar: “Sultanın (l Süleymanın) bütün məmləkəti, Sofi (Səfəvi) vilayətinin hüdudlarından Skutariyə, yəni Konstantinopola qədər o dinə (qızılbaşlığa) açıq rəğbətlə yanaşdığına əmindir.
Amma… qorxudan susurlar. Çünki sultanın istənilən uğursuzluğundan və ədalətsizliyindən sonra, bu böyük xalqın Sofinin (Səfəvilərin) ardınca gedəcəklərini bilirdi. Bu səbəbdən də Səfəvilərlə savaşdan çox çəkinirdilər”.

Avropa monarxlarının təkidi ilə Səfəvilərlə müttəfiqlik üçün saraylara elçi yola salsa da, eyni zamanda Avropa dövlətləri Osmanlılara da vəd verməkdən çəkinmədi. Batı üçün hədəfdə hər ikisi vardı. Bu yanaşmada da görünən güclərin arxasındakı soyuq ağılla məqsədli plan indi tam aydın görünməkdədir.

Bu coğrafiyadakı böyük Səfəvilərdən sonra Nadir şah imperiyasının daha böyük imperiya vüsəti alması da, müəyyən zamandan sonra bu coğrafiyadakı gücün parçalanmasını mütləqliyə çevirdi. Coğrafi və siyasi qüdrət yenə azaldıldı.
Daha sonra Xanlıqlar mərhələsi… Bu mərhələdə gizli güclərin planı daha da rahat reallaşdı. Vahid dövlətçilik həvəsi və heyi qalmamış, Osmanlılarla ittifaq və müttəfiqlik tam mümkünsüz oldu.

Növbəti mərhələdə isə… “Türkmənçay müqaviləsi” adı altında 3 yerə bölündü. Artıq bu coğrafiya ilə deyil… digər mühüm coğrafiyalarda əbədi və əzəli “Yeni Dünya Düzəni” planlarının tətbiqinə keçdilər.

Elə bu zaman kəsiyində, bircə məktub - XlX əsrin əvvəllərində Rusiya ictimai fikrinin başlıca qaynaqları – bu ərazilərdə tətbiq edilən layihələri düşməncəsinə qarşılamaqla… məhz bu PLANIN – kimlərə məxsusluğunu müəyyən edir. Əslində, Böyük Qafqaz arxasındakı ölkələrin ələ keçirilməsi sona yaxınlaşdıqca… Rusiyanın siyasi və ictimai dairələri imperiyaya qatılan bu yeni torpaqların istismar yollarını düşünməyə başladılar. Çar Rusiyası isə çox bəsit bir baxışla “baş verən bütün dəyişikliklər” arxasında öz ticarət marağı ilə, Yaxın və Orta Şərqdə iqtisadi mövqeyini gücləndirməsi planını bəyan etdi.

Qafqazın yeni baş hakimi baron Q.V.Rozen və mürtəce rus hərbçisi – general N.S.Jukovski kəskin bir dəlil irəli sürdülər: “Bu layihə həyata keçirilərsə, Güney Qafqaz ölkələrində Birləşmiş Amerika Ştatları yarana bilər”. Demək, Rusiyanın digər güclərin tapşırığını bilərəkdən yerinə yetirməməsi aydındır. Bu kimi şəraitə Rusiyanın dəfələrlə məruz qalması isə - GİZLİ GÜClərin planında Rusiya ilə şərik olma məsələsini istisna edir.

Sonrakı kommunist-bolşevik-sovet hakimiyyəti də… gizli diktədən ifa və diktədən çıxlışın sonu “70 illik oyunun pozulması”na gətirib çıxardı. Bir düstur əbədi olaraq izsiz yazılır. İradə ancaq böyük gücündür. Bu gücə xidmətdə varsan. Hansısa şəxsi maraq və həyəcanınla artıq dişarıdasan.

V.İ.Lenin adı altında PARVUS maraqları….

Avropa planlarına qarşı hərbçi stratejisi ilə K.Atatürk qüdrəti də….
Xristianlıq-qardaşlıq pərdəsi ilə Vatikan da… gizli dərin dövlətin nəzarətindən çıxan kimi düzən pozulur - bu da tarixdir.
Bu olaylara münasibətdə dövrünün tarixini əli ilə yazan kişilərin belə aciz qalması normaldır. Və bu tək bu günün deyil, ən azı elə yaxın tarixdən - Şah İsmayılın zamanından…
XVI-XVII əsr - zamanın iki fatehin qarşıdurması kimi qəbul etdirdiyi bu qardaş savaşını təşkil edərək… onu gizli anlaşmalarla - Avropa müdaxiləsi ilə qidalandıraraq… ŞƏRQ-QƏRB diplomatiyası ilə sonuc alanların… yəni ki, dünyanı idarə edən “gizlinlərin” dağıdıcı, amma məqsədli izini görməkdəyik.

Qibtə ediləcək səbr nümayiş etdirən bu əbədi və əzəli GÜCLƏR, əsrlərlə doğru zamanı gözləyib, növbəti cəhdləri ilə ali məqsədlərinə doğru gedirlər.
Ali məqsəd - son nəticə… o zaman görünməsə də indi görünməkdədir.

Var olan hər bir şey hara getməsindən asılı olmayaraq, özünə qayıdır. Sadəcə, fərq ondadır ki, özünə qayıdanların hər biri kiçilib yaxud böyüyüb gəlir. Mükəmməl formada... yoxsa daha da bərbad olaraq gəlir.

İbrətamiz bir fikir var: “Atılan bumeranqların heç də hamısı, ilkin çıxış nöqtəsinə qayıtmır. Onların bəziləri azadlığı seçir”.

Əgər bumeranqın missiyası atılmış nöqtəyə qayıdışdırsa... onda birinci diaqnoz onun yanlışlığıdır. Yox əgər biz bir başqa - yəni fəlsəfi bucaqdan bu sonucu incələsək, onda ən mütləq qayıdış qanununa xidmətdə olan - bir başqa məna daşımayan, tapşırıqdan çıxmaqla-mövcudluğun sonu olsa da belə... hətta taxta da olsa, azadlıq seçimi var -deyərik.

Söyləmək, analiz etmək mümkündür, bu həyatı yaşamaq isə çətin. Əlbət ki, bu həyatın təkrar olmayacağı artıq yəqindir. Bu həyatı söysək də, bu həyatı mutluluq qazanmaqla tərk etmək istəyində də hamı israrlıdır. Ümid nə qədər tükənsə də, tamamən bitmir.

Amma... həqiqət, ədalət, nəhayət kimi məfhumlardan danışmayaq. Ərazilərdən, milli birliklərdən, qardaşlıqdan da danışmayaq. Çünki bunlar ancaq üzdə görünə bilən, səslənə bilən ifadələrdir. Bu pərdə arxasında tamamən başqa mətləblər həll edən Qərb, özü də əslində öz istəyinin sahibi deyil.

Dünyanı bir qütbdən idarə etmək istəyən Amerika da.

Pyotrdan sonra dirçəlmiş, özünə “böyük imperiya” deyəndə İngiltərəni qısqırdan Rusiya da.

Bəs kimdir SAHİB?

Sahiblik Yer və insan həyatında, güc və məkr ilə ölçülərsə... canlı ikən çox gizlindən bu dünyanı idarə edənlərdir SAHİB.
Onların çox qəribə işarə rəqəmləri də var. 01 və 10.
Kütlə içində 01 - yəni, hamıdan arxada... tarixi şəraitdə 10 - yəni, toplumu ardınca aparmağa qadir olanlardır. Onlar dünyanı bir hakimiyyətdə tanımaq istəyən, bir dini, bir məbədi, bir siyasəti olacaq insan toplusuna sahib olmaq məramındadırlar. Bu, əlbəttə, nəticədir. Dünya düzənini yenidən qurmaqdadır əsrlərlə yol gələn “məbəd qoruyucuları”.

Ən ciddi müharibə - səssiz müharibədir!

Bu müharibədə təmkinsiz, çılğın... yəni onların iradəsinə tabe ola bilməyənləri... yəni öz cizgilərinə sadiq qalanları sıradan çıxarandan sonra daha başqa şərtləri... səssiz-küysüz yerinə yetirmək mərhələsi başlayır. Təkcə elə bu mərhələyə əsrlərlə zaman ayırıb, tələsmədən çalışanların kimliyinin bəlli olması mütləqliyi ilə irəliləyirlər. Nə qədər gizlin olsa da... varlıqları və missiyalarının da aşkarlığı artıq şübhəlidir. Bəllidir ki, ya səslənən versiyalar dəyişib, ya məqsəd, ya da taktika.
Hər kim olur olsun... necə olur olsun, dünyada baş verən HADİSƏlərdə onların gizli əlləri... gizli məqsədləri artıq sezilməkdədir.
Və bütün müqavimət və mübarizələrin tək sonucu ola bilir. Qalib gəlmək - O GÜCÜ dərk edən hər insanda acı gülüş doğursa da, vəziyyətdən çıxış yolu var. Ən yaxşı halda HADİSƏyə səbəb olacaq “vəsilənin” dondurulmasıdır.
Bu, dünən də belə idi... bu gün də belədir. Sabah... sabahı isə bilmək olmaz.
Lap elə bil TURP nağılıdır - baba nənədən, nənə nəvədən, nəvə itdən, it pişikdən, pişik siçandan tutur... sonda turp çıxır.

Dünyada türklərlə haqq-hesab çəkməsi kimi yozulan OLAYLARIN... reallığa çevrilən “zamanı” yenə başlayıb. Buna istər “açılım” deyin, istər “sərhəd məsələsi”, istərsə də “terrorçular bəsləyən ifrat islamçılara” Qərb nifrəti...

Demək... GÜClərin növbəti addımı üçün, indi doğru zamandır.
Və bu reallıqdan bizə də zaman-zaman dəyən zərbələr artıq görünəcək qədərdir.
Müstəqilliyini bir dəfə qurub böyük təzyiq və güclərə tab gətirməyərək onu itirməyə... 70 il vassallığında olduğumuz Sovet İmperiyasından gördüyümüz manqurt dərisində yaşamağa da... Dözülməsi mümkünsüz olan isə etnik tərkibimizə görə edilən vəhşiliyə, milli kimliyimizin qəbahətə çevrilməsinə də, etirazımızın böyük insan qırğınına da...
Ərazilərimizin, dövlətimizin, sərvətlərimizin talan dərsinə də... dözüb, tab gətirmişik...
bu qədər zaman VAR olmuşuq.
Amma... artıq səssiz müharibə zamanı keçib. İdeoloji savaş dövrü bitdi. Biz onsuz da,
bu savaşı apara bilmədik, o ki qaldı böyük güclərə təsirə...
İndi necə və nədən qorunmalı? Nədən və necə başlamalı?
Sual çox qəlizdir. Bəlkə də bu sualın cavabını axtarmaqdan çox, olacaqların mahiyyətini düşünməyə başlayırsan. Və....

Dünya çox qədim bir formulaya - “Parçala,hökm et!” ifadəsinə sadiq qalanlar...
(şüurlara hakim kəsilən bu vəsiyyətə nəsilbənəsil əməl edənlər) nəzərlərini elə hey türklər yaşayan torpaqlara dikir... nədən?
Coğrafi baxımdan çox əlverişlidir?
Ya qədim tarixindən və etnik tərkibindən doğan ayrı bir mətləb var ki... bizim
əcdadlarımız onu qoruya bilməyəcəyimizdən kodlaşdırıblar? O kodları da onlar bilir?

Vaxtı ilə İngiltərə İraq sərhədində, ancaq onun nəzarətində ola biləcək bir BUFER
dövlət yaratmaq istəyirdi. Məhz buna görə də İngiltərə Türkiyə ərazisində kürd separatçılarına meydan, həvəs verib, imkan yaratmışdı.

TAKTİKA bizə tanış gəlir. DEYİLMİ ?

Təpədən-dırnağa antitürk olan lord Kerzon israrla, dönə-dönə deyirdi: “...Türkiyə müsəlmanları ilə digər Şərq ölkələrinin müsəlmanları arasında bir zolaq yaratmaq zəruridir. Belə bir zolaq yeni... xristian icması - erməni dövləti formasında da ola bilər”.

Daha tanış gələn - yaxın tariximizdəndir.

I Dünya müharibəsindən sonra qalib dövlətlər arasında qarşısı alınmaz “yeni torpaqlar həvəsi” başladı. Müxtəlif müharibələr, işğallar, toqquşma və soyqırımları... ən vəhşi sahiblik hərisliyi ilə bizə də “pay” düşdü.
Anadolu torpaqları... Qərbi Azərbaycan... Naxçıvan son dərəcə əhəmiyyətli, vacib, qiymətli bir tikə idi. Bu qənimət uğrunda artıq qalib dövlətlər öz aralarında mübarizə aparır, gizli sazişlərlə, daha möhtəşəm işğalçılıq planlarıyla bir nəticə - Osmanlı imperatorluğunu məhv etmək məqsədini güdürdü. Bu müxtəliflikdən fikir ayrılığı da yaranmalıydı. Diqqət yetirməli olduğumuz məqam:

ABŞ prezidenti V.Vilsonun müşaviri olan polkovnik Haus, 1917-ci ilin aprelində
İngiltərə XİN-i A.Balfurla görüşərkən Osmanlı imperatorluğunun bölüşdürülməsini çox mənfi qarşılamaqla, gələcəkdə yeni bir müharibəyə yol açacaqlarını da söyləmişdi.

İngiltərənin baş naziri Lioyd Corc, 1918 il yanvarın 5-də belə bir fikir səsləndirdi:
“...Biz Türkiyəni paytaxtından və əhalisinin əksəriyyəti türk olan Anadoludakı zəngin və şanlı torpaqlarından məhrum etmək üçün müharibə aparmırıq... Biz Türkiyənin paytaxtı İstanbul olmaqla yaşamasına əngəl olmaq niyyətində deyilik”.

Mondros müqaviləsinə imza atan Türkiyə, Antanta dövlətlərinə inandı. I Dünya müharibəsindən sonra qalib dövlətlər Paris Sülh Konfransında Osmanlı imperatorluğunu bölüşmək niyyəti və hətta müqavilə şərtləri ilə gəlmişdilər. Gizli bağlanmış sazişlər çox az sonra aşkar oldu. Müqavilə qəbul olunmasa da, Yunanıstanın Türkiyədən torpaq tələbi konfrans katibliyinə təqdim edildi. Mondros müqaviləsinin 7-ci maddəsinə əsasən, Antanta dövlətlərinin Mosula, İsgəndəruna, İstanbul və Çanaqqala boğazına qoşun çıxarmalarına baxmayaraq, Qərbi Anadolunun Yunanıstana verilməsini də qərara aldılar. 1919-cu il mayın 15-də konfransın qəbul etdiyi qərara əsasən, yunan qoşunları da Türkiyə ərazisinə daxil olaraq, İzmiri işğal etdi. 48 saatlıq hücumda görünməmiş vəhşiliklər törədən yunanlar, 2 mindən çox türk öldürdü.

Daha sonra ... “Böyük Yunanıstan” yaratmaq istəyirdi DÜNYA.

İngilislər də Türkiyənin bu məğlubiyyətdən sonra Anadolunun Yunanıstan tərəfindən qalan, türk imperatorluğunun torpaqlarının da Antanta tərəfindən bölüşdürüləcəyini düşünürdü.
Atatürk Mustafa Kamal Paşa öndə olmaqla, türk xalqı bir nəfər kimi ayağa qalxdı. Bu, tək milli azadlıq savaşı deyildi. Bu həm də əyilmiş sahiblik hissinin yiyəlik hissinə çevrilməsi idi. Yunanıstan-Türkiyə savaşında yunanları ən çox dəstəkləyən İngiltərə idi. Əslində bütün Antanta yunanların tərəfini saxlayırdı. Çünki Türkiyəni diz çökdürmək öz maraqları baxımından onların xeyrinə idi. Böyük Yunanıstan, sadəcə, bir vasitə, alət idi.
...Və indi axtardığımız ALİ məqsədlərin ANA xətti daha tanış gəlir.
Qafqazda türk, müsəlman əhalisinin çoxluğu qorxusu Rusiyanın özünə “tarixi vətən” axtaran erməni faktoruna ciddi önəm verməsinə səbəb oldu. Rus imperiyası da separatçı ermənilərdən faydalanmağa önəm verdi.
Sonradan... Avropa da bu yolu bir az fərqli, yunan faktoru ilə qət etməyə üstünlük
versə də, yenə dahiyanə tapılmış erməni faktoru öndə idi.

Elə erməni Vartanyan da yazırdı: “Ermənilər üçün Qafqazın Türkiyədən fərqi yoxdur. Bunların ikisi də Turandır”.

Sovetlər hakimiyyəti dövründə həyata keçirilmiş “müstəqil respublikalar” siyasəti,
məhz bu TURANın elə öz əlləri ilə, 15 fərqli dil və din ayrılığı ilə bölünməsi işini görmüşdülər.
Birinci təhlükəli sayılan faktor türkçülük, onun dəf edilməsi üçün ən mühüm tapşırıq isə beynəlmiləl, yəni “hibrid” kütlə yaratmaq idi.
Bu sonuc üçün türk kökənində israr göstərənləri sadəcə xalqına düşmən elan edərək, məhz “pantürkist” ittihamı reallaşdırıldı. (Bu ifadələrin biz daha çox məşum 1937-ci illərdə hansı aktuallıqla hansı nəticələr verdiyinə şahidik). Həqiqətdə elə ifratçı slavyanların... istər iqtisadi, istər siyasi, istərsə də hərbi birliyindən qorxduğu Türk Birliyi idi.
Və mənə gəlincə... qarşılarına mütləq bir plan kimi qoyduqları “Türklərin torpaqlarını parçalamağa” xidmət edən müxtəlif bəhanələr... yəni ermənilər, yunanlar, kürdlər ALƏT kimi seçildilər. Bu alətlər bizim əsas hədəfimiz yox, əsas yolda maneə kimi rədd edilməli obyektdir. Onu dəf etdikdən sonra əsas EHTİYAT edilən nəticəyə aparan hadisələri dondurmamız gərəkdir. Bütün səy və gücümüz də bu məqsədə cəlb edilməlidir. Dondurmaqla zaman əldə etmək, zamandan doğru faydalanmaq gərəkdir.
Vaxtı ilə GİZLİ ANLAŞMA kimi qəbul edilən, indi isə internetdə axtarışla əldə edilməsi mümkün olan bir məlumata diqqət yetirək.
Bu şaşırdıcı informasiya 2003-cü ildə 3 aprel tarixində Türkiyənin xarici işlər naziri olan Abdulla Güllə, ABŞ dövlət katibi Kolin Pauelin anlaşması kimi yozulur. Qəbul edilən qərarlarda (qısa olaraq) göstərilir:

1. Türk əsgəri Şimali İraqdan çəkiləcəkdir.
2. Sərhəd yanı müdaxilələrə son veriləcək.
3. Yurd içində PKK-ya hərbi müdaxilə üçün ABŞ-dan icazə alınacaq.
4. Türk Silahlı Qüvvələri PKK-KADEKə qarşı ABŞ hərbi qüvvələrinə bilgi
vermədən əməliyyat keçirməməli və izin almadan Kürd xalqına qarşı şiddət işlədilməməlidir.
5. ABŞ-ın İran və Orta Şərqə tətbiq edəcəyi hərbi müdaxiləyə aktiv dəstək veriləcək.
6. Türk ordusunda (canlı qüvvə ilə bərabər silah-sursat) kəskin ixtisarlar tətbiq ediləcək.
7. Şimali İraqda qurulacaq kukla dövlət - Türkiyə tərəfindən rəsmən tanınacaq.
8. PKK/KADEK mənsublarına geniş miqyasda əfv veriləcək.
9. PKK/KADEKə qarşı edilən bütün yasaqlar yox edilərək, ölkə qanunları ilə rəsmiləşdiriləcəkdir.
10. Məmləkətlərdə bələdiyyə sistemi tətbiq edilərək, onlara müstəqillik veriləcək.
11. 4 il ərzində mütəmadi olaraq federasiya mərhələsinə keçid hazırlanacaq.
12. Şimali Kiprdə Denktaş planı tam kənar edilərək, “Adnan planı” müəyyən dəyişikliklərdən sonra reallaşdırılacaqdır.
13. Egedə Yunanıstan tələblərinə baxılacaq.
14. Ermənistana yönəlmiş şərt sanksiya, qadağa və tələblər tamamən qaldırılacaq.

Əslində, son 2-3 ildə, xüsusən son bir ildə baş verən siyasi hadisələr, əsrlərlə inkişaf etmiş məntiqin məzmunundan şüurlu şəkildə qoparılmış hissə-bəndlərdir.
Dünya düzənində dünənə qədər reallaşması mümkünsüz olaylar, ağlagəlməyən formatda həyata keçirilir. Hətta izahı mümkün olan şəkildə addım atılır və açıq-açığına aşıqlama da verilir. Və artıq qaradan tünd rəngin üstündə mübahisəyə lüzum olmadığına əmin olursan.
Bu baş verən olayların hansısa ZORA, İŞĞALA söykənə bilməsi də mütləq olduğu qədər, “sivil dünya”nın şərtlərinə heç də müvafiq deyil. Bir də bütün dünyaya SİVİL şərtlər, insanın ali faktor olması dərsi verən böyük və qüdrətli ölkə imici buna mane olduğundan müvafiq manevrlər, maska və oyunlar tətbiq etmək gərək olur. Bunu da tətbiq edir.
Sadəcə, bunu türk kökənli, geniş mənada türklərin əli ilə, özü də, çılpaq formatda tətbiq etmək qəti mümkün deyil! - deməyə də çəkinmirəm.

Və burda “xoş sonluq” da mübahisə mövzusu deyil...
# 1722

Oxşar yazılar