Hidayət Orucov mətbuatdan şikayətləndi
24 dekabr 2009 12:55 (UTC +04:00)

Hidayət Orucov mətbuatdan şikayətləndi

“Ölkə mətbuatında bəzi maraqlı qüvvələrin mənafeyindən çıxış edən yazılar çap olunur. Biz onların kim olduğunu, kimə və hansı məqsədlərə xidmət etdiklərini, kimlər tərəfindən idarə olunduqlarını bilirik”.

Lent.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dini icmalara dövlət qeydiyyatına dair şəhadətnamələrin təqdim edilməsi mərasimindəki çıxışında belə deyib. Komitə sədri bildirib ki, rəhbərlik etdiyi ölkədəki dini durumu gərginləşdirməyə çalışan qüvvələrə qarşı mübarizə aparır. Ancaq onlar geri çəkilmək istəmirlər: “Çünki belə yazılarla çıxış edənlər onları idarə edənlərin qarşısında pis vəziyyətdə qalacaqlarından, maliyyələrinin kəsiləcəyindən qorxurlar. Doğrudur, son dövrlər bizim dini icmalarla sıx əməkdaşlığımız nəticəsində qəzetlərdə və müxtəlif informasiya vasitələrində belə yazıların sayı azalıb. Amma bəziləri yenə də kimlərinsə maraqlarından çıxış edərək dini mövzuda şişirdilmiş məqalələr yazmaqda davam edir. Çox təəssüf ki, həmin yazılarda dini sahədə guya problemlərin olduğu qeyd edilir”.

Komitə sədri dini icmaların rəhbərlərinə müraciət edərək onların kifayət qədər hüquqlarının olduğu xatırladıb. O, icma rəhbərlərini bu hüquqlardan bacarıqla istifadə etməyə çağırıb.

Elxan SALAHOV
# 987

Oxşar yazılar