Moskvadan Təbrizə, “Hicran”ın uğuru, ata – oğul Xalq artisti
23 may 2020 15:00 (UTC +04:00)

Moskvadan Təbrizə, “Hicran”ın uğuru, ata – oğul Xalq artisti

Bu gün görkəmli aktyor və rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin vəfatı etdiyi gündür. Səhnədə yüzlərlə tamaşaya quruluş verməsəydi belə, təkcə  Sabit Rəhmanın “Hicran” əsərinin quruluşuna görə teatr tarixinə adını yazardı.

Lent.az xəbər verir ki, Şəmsi Bədəlbəyli Azərbaycan teatr tarixində iz qoyanlardandır. Müxtəlif illərdə Akademik Milli Dram Teatrında, Dövlət Filarmoniyasında rejissor, bədii rəhbər və direkto vəzifələrində çalışıb. Rejissor kimi neçə -neçə tamaşalara quruluş verib. Müəllimi dahi Üzeyir bəyin yolunu davam etdirərək Musiqili teatr sahəsində böyük uğurlara imza atıb. Bu janrda teatrın əsasını qoyanlardandır.

Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23- də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlib.

İbtidani təhsilini Bakıda orta məktəbdə alır. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır.

1927-ci ildə – Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur.

1927-1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur.

Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının "Od gəlini" və "Sevil" tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi.

Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C.Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır.

1930-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında "İncəsənət və ədəbiyyat" şöbəsinin müdiri vəzifəsində çalışır, həmin qəzetin səhifələrində bir sıra tamaşalar haqqında məqalələri dərc olunur.

1932-ci ildən (may ayından başlayaraq) 1942-ci ilə kimi – Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir.

1933-cü ildə Ş.Bədəlbəyli Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya rejissorluq üzrə təcrübə işinə göndərilir. Moskvada Malı Teatrda Şillerin "Don Karlos" əsərinin hazırlığında görkəmli rejissor K.Marcanaşvilinin rəhbərliyi altında rejissor assistenti kimi təcrübə keçir. Həmçinin, İnqilab teatrında rejissor A.Popovun yaradıcılıq emalatxanasında öz təcrübəsini zənginləşdirir, dramaturq N.Poqodinin "Mənim dostum" əsərinin tamaşasının hazırlanmasında iştirak edir.

1939-cu ildə Azərbaycan Dövlət Dram Teatrında Şəmsi Bədəlbəylinin C.Məmmədquluzadənin "Ölülər" əsərini tamaşaya qoyur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur.

1941-ci il, 19 yanvar - həmin teatrda Ş.Bədəlbəylinin rejissorluğu ilə S.Rəhmanın "Xoşbəxtlər" əsərinin premyerası olur.

1941-ci ildə, iyunun 16-da – V.Şekspirin "Kral Lir", iyulun 8-də Lermontovun "İki qardaş" əsərləri Ş.Bədəlbəylinin rəhbərliyi ilə səhnədə oynanılır.

 Sonrakı illərdə Ş.Bədəlbəyli digər teatrlarda çalışsa da Azərbaycan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini davam etdirir, bu səhnədə yeni əsərləri tamaşaya qoyur.

1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir, "Qırmızı Şərq", "Vətən uğrunda" qəzetlərinin müxbiri kimi Təbrizdə fəaliyyət göstərir. Burada Ş.Bədəlbəylinin rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin "Arşın mal alan", Z.Hacıbəyovun "Evliykən subay", "Əlli yaşında cavan" musiqili komediyaları tamaşaya qoyulur.

 1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. Həmin illərdə Ş.Bədəlbəylinin rejissorluğu ilə bu teatrın səhnəsində bir sıra Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqili komediyalarının premyerası olur.

1946-cı il, 17 iyul - Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində F.Əmirovun "Gözün aydın" musiqili komediyası Ş.Bədəlbəyli tərəfindən tamaşaya qoyulur.

1948-ci il, 31 dekabr - Ş.Bədəlbəyli həmin səhnədə S.Ələsgərovun "Ulduz" musiqili komediyasına quruluş verir.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ş.Bədəlbəyli 1947-ci ildə Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 1956-cı ildə "Arşın mal alan" musiqili komediyalarına yeni quruluş verib.

 1949-1956-cı illərdə Ş.Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışır.

 “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi beş filmdə aktyor kimi çəkilib. Bu gün sənətdə yolunu oğlu, Xalq artisti Fərhad Bədəlbəyli davam etdirir.  

Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 1987-ci il mayın 23-də 76 yaşında dünyasını dəyişib.

 Sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

 

# 46918
avatar

Oxşar yazılar