[b]Qan ağladan yol nişanı...[/b]
18 may 2019 17:00 (UTC +04:00)

[b]Qan ağladan yol nişanı...[/b]

27 il... İnsan ömrü üçün çox azdır. Doğma yurdun İşğal altında qalması üçün çoxdur, uzundur, dözülməzdir. 
1992-ci ilin yayı idi. Tələbə idim, imtahanlarımı verib atəş altında ölüm-dirim mübarizəsi aparan rayonumuza getmişdim. Cəbrayıl hündürlükdə yerləşdiyi üçün qan-qada onu tez tutmuşdu. Kəndimiz Arazkənarıdır, o qədər də atəşə tuş gəlməmişdi hələ. Hamı elə bilirdi ki, buralara heç gəlib çıxa da bilməz düşmən. Nə yazıq ki, cəmi bir il sonra Cəbrayıl, il yarım sonra Arazkənarı kəndlərimiz getdi əldən. Yaşamamışdıq, hələ ağlımıza sığışdıra bilmirdik. 
Kəndimizlə eyni xətt üzərində yerləşən qonşu Horadizdə İran bazarı açılmışdı. Yaxşı Türkiyə, İran malları satılırdı. O vaxt hər tərəf ger-geyimlə dolu deyildi, yaxşı paltarı çətin tapırdın. Tələbəlikdi də sentyabrda dərsə gedəndə adam hamı kimi qəşəng geyinmək istəyir. Qardaşıma dedim gedək Horadizə bazara, özümə pal-paltar almaq istəyirəm.  
 
Getdik, bazarın ucu-bucağı görünmürdü, nə desən vardı. İndi xatırlayanda anlayıram ki, o vaxt Azərbaycanın hər yeri ucsuz-bucaqsız bir bazar imiş. Satışa qoyulan isə yalnız İrandan, Türkiyədən gələn pal-paltar deyilmiş...
 
O ucsuz-bucaqsız bazarda satan kimdir, alan kim, heç bəlli deyildi. Qardaşımla çox gəzdik, axırda o vaxt dəbdə olan “kavrovka” deyilən bir üst geyimi alıb geri qayıtdıq. Heç mövsümü deyildi, yayın cırhacırında qış üst geyimi almışdım. Qara rəngdə, üstündə də muncuqları vardı. Qışda göydəndüşmə oldu, həm də dəbli. Təbii ki, gənc qız üçün qəşəng bir paltar sevincli olur. Qışın gəlməsini, o “kavrovka”nı əynimdə özümü universitetə gedən təsəvvür edib sevinirdim. 
Qayıdırdıq. Gedəndə bilmirəm ya o yoldan keçməmişdik, ya da fikrimi çəkməmişdi. Qayıtdığımız yolda bir yolayrıcından keçdik. Sağı göstərən yol nişanın üstündə  “Laçın” yazılmışdı. Nişandan gözümü çəkib həmin yola baxdım. Yolun başlanğıcında iri bir beton hissəsi dolaylanıb yolu bağlamışdı. Laçına gedən yoldu, qabağını betonla kəsmişdilər ki, birdən maşınlar azıb o tərəfə dönər. Mənim yurdumdu, amma mən sükanı o tərəfə çevirə bilmərəm, yol bağlıdır, üzümə bağlanıb o yol. Getsəm əsir düşə bilərəm düşmənə. Düşüncəmdən keçənləri ağlıma sığışdıra bilmədim. Gücüm gözümün yaşına çatdı. Yol boyu ağladım. Evə çatanda da özümə gələ bilmirdim, o yol nişanı və o beton maneə yadımdan çıxmırdı. Heç görmədiyim Laçın yolunun üzümə bağlandığını qəbul edə bilmirdim.
 
 
İllər sonra Cocuq Mərcanlıya getdim. Bizim postumuz qoyulan yerdən üstündə “Cəbrayıl 40 km” yazılmış nişanın qarşısında durub içim qara qan ağlayanda həmin ağrını hiss etdim. O vaxt mən əslində həm də Cəbrayılı ağlamışdım...
27 il... İnsan ömrü üçün çox azdır. Doğma yurdun İşğal altında qalması üçün çoxdur, uzundur, dözülməzdir. 
# 3300
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar