<b>Elina ilə bağlı Vüqar Məmmədov da danışdı:<span style="color:red;"> “İcazə verilmirsə, …” </b>
17 may 2019 18:44 (UTC +04:00)

Elina ilə bağlı Vüqar Məmmədov da danışdı: “İcazə verilmirsə, …”

“Mənə bu barədə təklif gəlmişdi və razılığımı bildirmişdim”.

Bu sözləri Lent.az-a açıqlamasında Elinanın anası Sevil Hacıyevanın məhkəmə-tibbi ekspertiza prosesində iştirakını istəyən Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru, tibb elmlər doktoru Vüqar Məmmədov deyib. O bildirib ki, bu barədə vəsatət verilməyindən xəbəri var, ancaq nəticədən xəbərsizdir:

 

“Əgər rədd edilibsə, buna səbəb göstərilməlidir. Bu gün Azərbaycan qanunvericiliyinə görə, çətin və mürəkkəb ekspertiza işlərində tərəflərə hüquq verilir ki, onlar seçdiyi ekspertlər prosesə cəlb olunsun. Bunun qəbul edilməməsi üçün xüsusi səbəblər olmalıdır. Səbəblər aydın olmasa, bu mənim üçün də qaranlıq qalır.

Son qərarı isə istintaq verir. Əgər buna icazə verilmirsə, iştirak edə bilmərəm, ancaq qəbul olunsa, əlbəttə ki, iştirak edəcəm. Çünki bu prosesdə baş verənlər elə mənim üçün də maraqlıdır və istəyərəm ki, hər şey obyektiv olaraq araşdırılsın. Həmçinin tibb elmləri doktoru kimi mən də bu işə töhfə vermək istəyərəm. Ancaq yenə də deyirəm ki, əgər bunun üçün razılıq olmasa, bununla razılaşmaqdan başqa çarəm qalmır”.

Qeyd edək ki, məsələ ilə bağlı Elinanın vəkilləri saytımıza hazırda müstəntiqin sözügedən vəsatəti rədd etməsi ilə bağlı şikayət hazırladıqlarını bildirmişdilər.

Əlavə edək ki, Elinanın anası Sevil Hacıyeva Lent.az vasitəsilə Prezidentə müraciət ünvanlayaraq istintaqın gedişatından narazı qaldığını, həmçinin ekspert Vüqar Məmmədov barəsində verilən vəsatətin rədd edilməsindən də söz açıb.

Xatırladaq ki, Elinanın ölümü ilə əlaqədar aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

Həmçinin bildirək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

# 3375
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar