1 milyon sahibsiz it: <span style="color:red;">HƏYATIMIZ TƏHLÜKƏDƏ  - <span style="color:red;">vaksinimiz varmı?
17 may 2019 12:52 (UTC +04:00)

1 milyon sahibsiz it: HƏYATIMIZ TƏHLÜKƏDƏ - vaksinimiz varmı?

Bakı şəhərinin istənilən küçəsində bir-iki, hətta sürü ilə itlərə rast gəlmək mümkündür.

 

Şəhər sakini Mənsurə Quliyeva Lent.az-a ünvanladığı şikayətində bildirib ki, itləri şəhərin küçələrindən tamamilə yığışdırmaq mümkün olmadığından, çarə heyvanları zərərsiz hala gətirməyə qalır: “Məsələn, qonşu Türkiyədə itlər şəhərin müxtəlif məkanlarında rahat şəkildə gəzib-dolaşır. Fərq ondadır ki, orda ortalıqda gəzən itlər kiməsə hürmür, hücum etmir, zərər toxundurmur. İtlər üçün pulsuz təcili yardım maşınları belə fəaliyyət göstərir. Xəsarət alan, yaralanan heyvanlarla bağlı məlumat verildiyi təqdirdə onlara pulsuz yardım göstərlir, lazım olduqda xəstəxanaya aparılır”.   

 

“Toplan” bu işi görməyə başlayıb

 

Mətbuatda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin araşdırmalarının nəticəsinə istinadən Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu ilə bağlı məlumat yayılıb. Monitorinq qrupunun üzvləri bildiriblər ki, təcili tədbir görülməsə, sahibsiz küçə itləri Bakı sakinlərinin təhlükəsizliyi üçün böyük problemə çevriləcək. Bu səbəbdən də Mərkəz tərəfindən küçə itlərinin toplanması işləri sürətləndirilib, briqadaların sayının artırılması qərara alınıb.

 

Mərkəzin Facebook səhifəsində yayılan məlumata görə, “Toplan" briqadaları ərazilərə səfərləri vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirirlər: “Bütün səfərlər aktlaşdırılır. Dövlət müəssisəsi olan "Toplan"ın məqsədi paytaxtda sahibsiz itlərin sayının yerli və beynəlxalq qanunvericilik çərçivəsində, həmçinin xarici ölkələrin aparıcı təcrübəsi əsasında tənzimlənməsidir. "Toplan"a hər gün şəhər sakinlərindən bir çox müraciət daxil olur. Bizimlə əlaqə saxlamaq üçün (012) 565 47 41, 1921 telefonları və ya office@toplan-qm.az elektron poçtuna, həmçinin Facebook səhifəmizə müraciət edə bilərlər. Bütün müraciətlərə növbə ilə baxılır”.

 

Qeyd edək ki, “Toplan” Mərkəzindən Lent.az-a verilən məlumata görə, Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olması ilə bağlı onlar tərəfindən xəbər yayılmayıb.

 

Quduzluğa qarşı vaksin problemi

 

Yeri gəlmişkən, bəzi rayonlarda it hücumuna məruz qalan sakinlər yerlərdə quduzluğa qarşı vaksinasiya olunmaq üçün vaksin tapılmamasından şikayətlənirlər. Məsələn, bugünlərdə it hücumuna məruz qalan Ucar rayon sakini Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. ONA-nın məlumatına görə, xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T.İbrahimova bildirib ki, xəstəxanada vaksin yoxdur.

 

Rayonda fəaliyyət göstərən apteklərdə quduzluğa qarşı vaksin satılmadığından zərərçəkən sakinlər çıxılmaz duruma düşüblər. 

 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumatda isə ölkə ərazisində zərdab çatışmazlığı probleminin olmadığı vurğulanır: “İlin əvvəlində, hər birində 5 ədəd olmaqla 15 min qutu quduzluq əleyhinə vaksin sifariş olunub. Hazırda 11 min qutu ehtiyatda quduzluq əleyhinə vaksin var. İl ərzində istifadə olunması nəzərə alınaraq sentyabr ayında keçiriləcək növbəti tenderdə lazımi qədər zərdab sifariş ediləcək”.

 

Qeyd edək ki, Taun Əleyhinə Stansiyada 2018-ci ildə sahibsiz itlər və vəhşi heyvanların dişləməsi səbəbindən xəsarət almış 22 minədək insan qeydiyyatdan keçib.

# 1295
avatar

Aygün İbrahimli

Oxşar yazılar