<b>Sənədsiz evlər problemi nə vaxt həllini tapacaq? - <span style="color:red;">AÇIQLAMA </b>
17 may 2019 13:17 (UTC +04:00)

Sənədsiz evlər problemi nə vaxt həllini tapacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayonunda sakinlərlə görüşündə bildirib ki, Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb və evlərin sənədləşmə işlərini bir anda həll etmək mümkün deyil:

"Bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri bir anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır".

Mövzu ilə əlaqədar Lent.az-a Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, insanları rahatsız edən bu vacib məsələ yaxın zamanlarda həllini tapa bilər:

“Neçə müddətdir hökuməti kommunikasiya xəttinin üzərində olmayan və illərdir məskunlaşılmış evlərin özəlləşdirilməsinə çağırış etmişəm. Burada söhbət 200 mindən artıq həyət evindən gedir. Bu vətəndaşı çölə atmamalıyıq ki... Ya zəlzələdən, ya vəlvələdən gəlib qeyri-rəsmi pul verib evini tikib, neçə illərdir ki, burada yaşayır, uşaqları doğulub, məktəbə gedir, lakin adamın mülkiyyət sənədi yoxdur. Bu addımdan həm dövlət büdcəsinə vəsait qazanılacaq, sənədli evlər olduğuna görə bələdiyyələr əmlak vergisi ala biləcək, vətəndaş da öz evində oğurluq yaşamayacaq, daha huzurlu həyat sürəcək. Həllini gözləyən ən vacib məsələlərdən biri məhz budur. Komissiyanın işlərini yaxın zamanda yekunlaşdıracağına ümid edirəm”.

Lent.az-ın suallarını cavablayan iqtisadçı-ekspert Rəşad Həsənov isə qeyd edib ki, əslində problemin kökündə səriştəsiz idarəetmə dayanmışdı:

“Faktiki olaraq həm yerli İcra Hakimiyyəti orqanları, eyni zamanda bələdiyyələr, ayrı-ayrı strukturlar öz öhdəliklərini zamanında düzgün yerinə yetirmədilər. Bunu hamı bilir ki, müxtəlif qeyri-rəsmi ödənişlər tələb edərək bu qurumlar faktiki olaraq illeqal məskunlaşmanın, qeyri-rəsmi fərdi yaşayış məskənlərinin salınmasının və tikilməsinin qarşısında dayanmadılar və bu prosesə göz yumdular. Son nəticədə çox ciddi problemin formalaşmasına mülkiyyət hüququnun təmin edilməməsi və illeqal yaşayış yerlərinin yaranmasına gətirib çıxarıldı.

Hazırda qəbul edilmiş sərəncam isə bu istiqamətdə mövcud problemin həllinə yönəlib. Yəni, əvvəlki dövrlərdə, kimlərinsə yaratdığı problem bu gün müvafiq qərardan sonra öz həllinə çatmalıdır. Burada nəzərə almaq lazımdır ki, vətəndaşlardan çox, bu prosesə göz yumanlar günahkardır. Bu gün də onlar müxtəlif bəhanələrlə, yaşayış evləri üçün mülkiyyət hüququnun tanınmasından imtina edirlər. Bu mümkün deyil, çünki burada kifayət qədər böyük - 500 mindən artıq sənədsiz yaşayış evlərindən söhbət gedir”.

İqtisadçı-ekspert əlavə edib ki, bununla bağlı bir neçə dəfə müvafiq qərarlar, tapşırıqlar verilsə də, bu qərarın icrası baş tutmayıb:

“İndiki ortaya qoyulan mövqe bu problemin birdəfəlik aradan qaldırılmasına gətirib çıxaracaq, çünki vətəndaşın mülkiyyət hüququ mütləq tanınmalıdır. Onu da nəzərə almalıyıq ki, əksər hallarda illeqal fərdi yaşayış evlərinin alınması əhalinin daha az təminatlı sosial qrupları tərəfindən həyata keçirilib ki, bu gün onların hüquqlarının tanınması onların vəziyyətinin xeyli yaxşılaşmasına, rahatlamasına ən əsası mənzil təminatının dayanıqlılığına gətirib çıxara bilər.

Eldar Əzizovun da dediyi kimi bu bir anda öz həllini tapa biləcək məsələ deyil, amma aidiyyatı qurumlar bu problemi hansısa formada qabardaraq həll edə bilərlər”.

 

 

 

 

 

# 2145
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar