Nəsiminin 650 illik yubileyi qeyd edildi
16 may 2019 14:22 (UTC +04:00)

Nəsiminin 650 illik yubileyi qeyd edildi

Mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının təşkilatçılığı ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəffəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili” elan olunması haqqında imzaladığı 15 noyabr 2018-ci il tarixli sərəncama əsasən həyata keçirilib.
 
Mərasimdə universitetin rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova, professor-müəllim heyəti və tələbələr iştirak edib.
 
Tədbirin iştirakçıları əvvəlcə 43 il ömür sürmüş və 3 dildə - Azərbaycan, fars və ərəb dillərində zəngin ədəbi irs yaratmış İmadəddin Nəsiminin həyat və fəaliyyətindən danışıb. 
 
Daha sonra, Nəsiminin Azərbaycan ədəbiyyatı ilə yanaşı, bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazmalar şəklində dünyanın bir sıra kitabxanalarında saxlanıldığını söyləyiblər.
 
Tələbələr “Nəsimi” filmindən bir parçanı canlandırıblar. Gənclərin yaratdığı bu kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb olub. Bundan sonra tələbələr dahi şairin şeirlərinə bəstələnən mahnılar ifa ediblər. Tədbiri yaddaqalan və mötəbər edən başqa bir məqam o olub ki, tələbələr bir neçə dildə - rus, fransız, fars və ingilis dillərində Nəsiminin müxtəlif şeirlərini səsləndiriblər.
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Mahmud Allahmanlı isə Nəsiminin mənəvi-əxlaqi məzmun daşıyan, yəni insanı kamilliyə səsləyən, pis əməllərdən çəkindirən qəzəllərindən söhbət açıb. 
 
Tədbirin digər iştirakçıları da Nəsiminin həyat yolundan bəhs ediblər.
 
Sonda xatirə fotosu çəkilib.
 
# 901
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar