“Tarix Muzeyi Tağıyevin evindən köçürülməlidir” - akademik Nailə Vəlixanlı

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının ONA-ya müsahibəsi
 
- Nailə xanım, 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin yaranmasının 100-cü ildönümü tamam olacaq. Yubileylə bağlı hazırlıq işləri hansı səviyyədədir?
 
- Muzeyin 100 illiyi nəinki bizim üçün, həmçinin ictimaiyyət üçün çox mühüm hadisədir. Çünki muzey tariximizin güzgüsüdür. Buna görə də onun yubileyinin qeyd edilməsi əlamətdardır. Mən möhtərəm Prezidentimizə də təşəkkürümü bildirirəm ki, bizim səsimizə səs verdi, muzeyin 100 illiyinin dövlət səviyyəsində keçirilməsini tapşırdı. Onun birbaşa razılığı ilə hazırda muzeydə təmir işləri gedir.
 
- Təmir işləri nələri əhatə edir?
 
- Muzeydə hələ 2004-cü ildə Prezidentin tapşırığı ilə əsaslı təmir-bərpa işləri aparılmışdı. O vaxtadək təmir işləri aparılsa da, muzeyin görkəminə xeyli xələl gəlmişdi. İlk tapşırıq o oldu ki, binanın əvvəlki görkəmi bərpa edilsin. Siz bilirsiniz ki, muzeyin zəngin irsi var. Sözsüz ki, bu irsin nümayiş edilməsi üçün daha geniş məkan lazımdır. Lakin hazırda bu binada həm Hacı Zeynalabdin Tağıyevin ev muzeyi, həm də Milli Azərbaycan Tarixi Muzeyi yerləşir.
 
- Muzeyin binasının dəyişdirilməsi ilə bağlı təkliflərlə çıxış etmisinizmi?
 
- Sözün düzü, yüz illiklə əlaqədar müraciət edəndə o məsələni də irəli sürmüşdüm. Hacı Zeynalabdin Tağıyevin mülkü olan bina muzey kimi tikilməyib, yaşayış binası olub. Ona görə də muzey kimi formalaşması üçün ciddi dəyişikliklərə ehtiyac var, binanın memarlığına toxunmamaq üçün bu dəyişiklikləri edə bilmərik. Burda elə eksponatlar yerləşir ki, onlar üçün xüsusi temperatur rejimi, rütubət, işıq lazımdır. Fondların yerləşdirilməsi məsələsinə gəlincə, mən deyərdim ki, bizim ekspozisiyamızda fondlarda olan materialın heç 10 faizi sərgilənmir.
 
- Sərgilənməyən eksponatlar anbarlardadır?
 
- Anbar deyəndə ki, fondlarda yerləşdirilir. O da bir növ anbar kimidir. Tariximizə şahidlik edən hər hansı bir eksponatın anbarda və ya fondda qalması düzgün deyil, nümayiş etdirməliyik. Təəssüf ki, yerimiz darısqaldır. Hazırda Cümhuriyyət dövrü də daxil olmaqla ən qədim dövrdən 1920-ci ilə qədərki dövrü nümayiş etdirmək imkanımız var. 1920-ci ildən sonrakı dövr ekspozisiyada əksini tapmayıb. Əminəm ki, Tarix Muzeyi üçün onun adına layiq, özünə layiq, oradakı sərvətimizə layiq bina tikiləcək. Bu qaçılmazdır. 
 
- Son illərdə bizdə tematik muzeylər açılıb. Xalça Muzeyini, Müasir İncəsənət Muzeyini nümunə gətirmək olar. Yəqin Tarix Muzeyi üçün də belə bir fərqli və tam təchiz olunmuş binaya ehtiyac var...
 
- Bu, təkcə bizim istəyimiz deyil. Mən bilirəm ki, dövlətimizin də belə bir arzusu var. Sözsüz ki, yerinə yetiriləcək. Tarix muzeyləri elə bir məkanda yerləşməlidirlər ki, ölkənin tarixini lazımınca ifadə edə bilsinlər. Bina özü də görkəmcə tarixi əks etdirməlidir. Çox böyük bina olmalıdır. Hazırda cənab Prezidentin tapşırığı ilə arxeoloji qazıntıların sayı artıb. Yeni tapıntılar olur, bu tapıntıları nümayiş etdirmək lazımdır. Bir də görürsən ki, muzeyə xaricilər gəlirlər, onlar orta əsrlər dövrü ilə bağlı zəngin eksponatlarımızı görəndə heyrət edirlər ki, məgər sizin belə qədim tarixiniz olub? Biz bu tariximizi sözsüz gizlətməməliyik, onu nümayiş etdirməli, özümüzü tanıtmalıyıq. Özümüzü tanıtmasaq, heç kəs bizə qiymət verməz.
 
- Sizcə, Milli Azərbaycan Tarixi Muzeyinin binası harada və necə olmalıdır?
 
- Tarix Muzeyi şəhərdən kənarda yerləşə bilməz. Mütləq mərkəzdə olmalıdır. Bizim köhnə Sovet küçəsi vardı, indi oranı söküblər. Mən çox arzulayıram ki, elə bir açıqlıq yerdə muzey tikilsin. Necə ki, İçərişəhərə gələn adam darvazalardan girəndə açıq səma altında muzeyə düşür, Tarix Muzeyinin qapısından da içəri girən o cür hiss yaşamalıdır. Hazırkı binamız gözəl olsa da, dörd tərəfi dar küçələrlə əhatə olunub, avtomobillərlə doludur. Hətta bizim binaya yaxınlaşmaq belə qeyri-mümkündür. Çox vaxt məktəblilər, turistlər avtobuslarla ekskursiyaya gəlirlər, amma maşınların əlindən binaya yaxınlaşa bilmirlər.
 
- Hazırda eksponatların qorunması üçün lazımi şərait varmı?
 
- Arxeologiya fondumuz muzeyin zirzəmisində yerləşir. Əlbəttə, bina təmir olunanda çalışmışıq ki, orda münasib temperatur rejimini saxlayaq. Orda hətta xüsusi cihazlar qurulub, rütubəti özünə çəkir. Amma elə eksponatlar var ki, onlara, əksinə, rütubət lazımdır. Bir sıra eksponatlar isə yalnız 5 dərəcəli temperaturda qalmalıdır.
 
- Belə çıxır, bütün eksponatlar üçün münbit şərait təmin olunmayıb?
 
- Yox, əlbəttə. Siz dediyiniz şəraiti təmin edə bilməmişik. Ekspozisiya zallarında temperatur 18 dərəcədən çox olmamalıdır, bəzən hətta onu belə təmin edə bilmirik. Bura tarixi binadır deyə, korlamamaq üçün burda müasir soyuducu sistemlər quraşdıra bilməmişik. Əlbəttə, çalışırıq, amma ürəyimiz istəyən kimi eksponatları qoruya bilmirik.
 
- Muzeyin mühafizəsi necə həyata keçirilir?
 
- Muzey elə bir məkandır ki, təhlükəsizliyi qorumaq üçün mütləq müəyyən işlər görülməli, siqnalizasiya sistemi və mühafizə olmalıdır. Bundan başqa, ən vacib cəhət - ehtiyat qapılar olmalıdır. Sözsüz, bizdə də fövqəladə hallar üçün təxliyə qapıları var. Ancaq biz təxliyə qapılarını aça bilirikmi?
 
- Niyə aça bilmirsiniz?
 
- Çünki muzeyin dörd dövrəsini avtomobil dayanacağı ediblər. Uzun illər davam edən şikayətimizdən sonra yalnız guya muzeyin qarşısındakı pullu avtomobil dayanacağını götürdülər. Amma muzeyin üç tərəfində yenə də pullu avtomobil dayanacağı qalmaqdadır.
 
- Bu, sizə niyə mane olur ki?
 
- Sabah bir qəza, fövqəladə hal yaşansa, heç yanğınsöndürən maşınlar binaya yaxın düşə bilməyəcək. Siz özünüz gördünüz ki, “Diqlas” ticarət mərkəzində yanğın zamanı yanğınsöndürənlər necə çətinliklə binaya yaxınlaşdılar. Burda elə bir hadisə baş versə, insanları belə çıxarmaq çətin olar, nəinki eksponatları.
 
- Bu barədə əlaqədar təşkilatlara müraciət etməmisiniz?
 
- Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Eldar Əzizov hələ Səbail Rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə bu vəziyyətlə tanış idi deyə, Bakının icra başçısı olandan sonra onun tapşırığı ilə muzeyin qarşısındakı parkomatları götürdülər. Lakin bu kömək eləmədi. Səhər gəlib görürük ki, kimlərsə gecədən maşınlarını saxlayıb gediblər. Bəzən hətta iki cərgə maşın saxlayırlar. Bu barədə Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik. Onlardan da cavab gəlib ki, sizin məktubunuzu Səbail Rayon İcra Hakimiyyətinə və Səbail Rayon Polis İdarəsinə yollamışıq. Hazırda onlardan cavab gözləyirik. Bir məktub da Bakı Şəhər İcra Hakimiyyətindədir, hələ ki, ona da cavab yoxdur. Bu, bizim ən yaralı yerlərimizdən biridir.
 
- Muzeydə oğurluq halları baş verirmi?
 
- Şükür Allaha, artıq neçə illərdir, oğurluq halları ilə rastlaşmırıq. Mən 21 ildir muzeyin direktoruyam, mənim vaxtımda belə bir hadisə yaşanmayıb. Cari təmir zamanı siqnalizasiya sistemini bir az da təkmilləşdirmişik, mühafizə idarəsi ilə müqaviləmiz var. Amma keçmişdə oğurluq halları olub. Mən muzeyə direktor gələndə inventarizasiya apardıq. Məlum oldu ki, bir neçə xalça oğurlanıb. Bilirsiniz, doxsanıncı illər ağır dövr idi, qarışıqlıq idi. Xalçalar o dövrdə oğurlanmışdı. Biz bunu aşkar etdikdə, hüquq-mühafizə orqanlarına müraciət etdik, uzun müddət bunu axtardılar. Lakin heç bir nəticə əldə olunmadı.
 
- Bir vaxtlar muzeyin tərkibində incəsənət, biologiya, geologiya şöbələri də vardı. Sonradan həmin şöbələr ayrıca muzey kimi fəaliyyət göstərdilər. Yenə də belə bir bölünməyə ehtiyac varmı? Misal üçün, İkinci Dünya müharibəsi ilə bağlı ayrıca muzeyin yaradılması necə olardı? Bildiyim qədəri ilə İkinci Dünya müharibəsi ilə bağlı muzeydə kifayət qədər eksponat var.
 
- Muzey 1920-ci ildə yaranda İstiqlal Muzeyi kimi fəaliyyətə başlamalı idi. Lakin Azərbaycan işğal olunduqdan bir müddət sonra Bakı ziyalıları məsələ qaldırdılar ki, Bakıda heç olmasa tədris muzeyi olsun və 1920-ci ilin iyunun 15-də tədris muzeyi yaradıldı. Həmin ilin oktyabrında isə muzeyin adını dəyişdirib Azərbaycan SSR Dövlət Muzeyi qoydular. 1936-cı ilə qədər belə davam etdi. Sonralar Muzeyin tərkibindən ədəbiyyat, coğrafiya, botanika, biologiyaya aid eksponatlar çıxarıldı və ayrı-ayrı muzeylər yaradıldı. Ədəbiyyat, Təbiət, Teatr, İncəsənət muzeylərinin hamısı bu muzeyin şinelindən çıxıb, Tarix Muzeyi demək olar ki, onların anasıdır. Bəli, İkinci Dünya müharibəsinə aid bizdə kifayət qədər eksponat var. Hazırda buna Qarabağ müharibəsi ilə də bağlı eksponatlar əlavə olunub. Əlbəttə, İkinci Dünya müharibəsi və Qarabağ müharibəsinə aid ayrıca muzey açmaq olar. Ancaq muzeyimizin binası yenilənsə, tariximizi təqdim etmək üçün kifayət qədər imkan olacaq, ayrıca muzeyə də gərək qalmayacaq.
 
- Cümhuriyyət dövrü ilə bağlı eksponatlarınız necə, varmı?
 
- Ötən il AXC-nin 100 illiyi ilə bağlı bir kataloq da çap etdirmişdik. O kataloqda Cümhuriyyətlə bağlı muzeydə olan eksponatların hamısının adı və fotosu var. Cümhuriyyətlə bağlı eksponatlarımız az deyil, amma çox da deyil. Çünki Cümhuriyyətə aid eksponatlar Sovet dövründə İnqilab Muzeyinə göndərildi. Biz Moskvada və Sankt-Peterburqda yerləşən İnqilab muzeylərinə müraciət etsək də, onlardan pozitiv cavab ala bilmədik. Dedilər ki, bizdə yoxdur.
 
- Muzeydə bərpa laboratoriyası fəaliyyət göstərir. Onun işləri hansı səviyyədədir?
 
- İki il əvvəl Elmin İnkişafı Fondunun dəstəyi ilə Bərpa laboratoriyası üçün xeyli avadanlıq aldıq. Bərpa laboratoriyası çox yüksək səviyyəli laboratoriyadır. Düzdür, mütəxəssislərimiz az olsa da, bütün sahələr üzrə bərpaçılarımız var. Rəssamlıq Akademiyasında təəssüf ki, bərpaçı ixtisası yoxdur. Keçən il Akademiyanın bir neçə məzunu gəlmişdi. Baxmayaraq ki, magistraturanı da bitirmişdilər, amma biz onları işə götürmədik. Çünki, demək olar, heç nə bacarmırdılar. Bu çox mühüm məsələdir. Xüsusilə tekstil üzrə bərpaçılarımız azdır. Çünki bizdə elə parçalar var ki, az qala 2 min il yaşı var. Xanlıqların bayraqları var ki, yaşları 200 ili ötüb. Bəziləri Sovet dövründə çox pis şəraitdə saxlanıldığına görə əksəriyyəti korlanıb, bərpa etmək istəsək də, mütəxəssis çatışmazlığı yaşayırıq. Bir neçə il əvvəl bəzilərini bərpa etmək istədik, amma yaxşı nəticə almadıq. Xaricdə bərpa etmək üçün də çoxlu vəsait lazımdır. Bilirsinizmi, xanlıqların bayraqları bizim dövlətçilik ənənəmizin yadigarıdır. Bizdə Gəncə, Şəki, Bakı, İrəvan xanlıqlarının bayraqları var. Çar hakimiyyəti tərəfindən Mehdiqulu xana verilən bayraq bizdə saxlanılır. Bu fakt özü göstərir ki, Qarabağın işğalı zamanı ruslar məhz Mehdiqulu xanı Qarabağ hakimi kimi tanıyıb, bayrağı ona veriblər, o ərazidə yaşayan erməni məliklərini yox.
 
- Mehdiqulu xana verilən bayrağın vəziyyəti nə yerədir?
 
- Saxlamışıq, qoruyuruq, amma yaxşı vəziyyətdə deyil. Onu hətta ekspozisiyada nümayiş etdirə bilmirik. Ümumiyyətlə, xanlıqların bayraqlarının heç birini nümayiş etdirə bilmirik. Yalnız mulyajlarını sərgiləyirik.  
 
- Bərpaya ehtiyacı olan eksponatlarınız çoxdur?
 
- Bilirsiniz, Azərbaycanın torpağı Misir torpağı kimi quru deyil, ona görə də tapılan arxeoloji materialların əksəriyyəti çox pis, dağılmış, əyilmiş, sınmış, metaldırsa, korroziyaya uğramış vəziyyətdə çıxır. Bunların hamısını bərpa etmək lazımdır.
 
- Muzeyin saytının fəaliyyəti sizi qane edirmi? Nə əcəb virtual ziyarətlər təşkil etmirsiniz? Dünyanın bir çox muzeyləri buna keçiblər...
 
- Muzeyin saytını artıq yeniləmək lazımdır. Bu barədə Milli Elmlər Akademiyasına müraciət etmişəm. Ümidvaram ki, 100 illiyə qədər bu problem də aradan qalxacaq.
 
- Muzeyə ziyarətə gələnlər çoxdur?
 
- Deməzdim ki, az gəlirlər. Amma düşünürəm ki, qənaətbəxş deyil. Biz çalışırıq orta məktəblərlə, ali məktəblərlə əməkdaşlıq edək. Deyim ki, xaricilər çox gəlirlər. Əvvəllər az idi. İndi xeyli artıb: ərəblər, iranlılar, ruslar və s.
 
- Mayın 18-i də Beynəlxalq Muzey günüdür...
 
- Adətən, hər il 18 may - Beynəlxalq Muzey günündə və 1 sentyabr - Tağıyevin anım günündə açıq qapı günü elan olunur. Çox təəssüf ki, muzeyimiz təmirlə bağlı işləməyəcək. Yəqin ki, təmir işləri ilin sonuna yaxın yekunlaşacaq.
 
- 21 ildir muzeyə rəhbərlik edirsiniz. Eyni vəzifədə 21 çalışmaqdan yorulmursunuz?
 
- Adam yorulanda, adətən, heç nə eləmək istəmir, əli-qolu sustalır, amma burda yorulanda da işləmək istəyirsən. Fiziki cəhətdən yorulsam da, mənəvi cəhətdən yorulmuram.

LENT

26 May 2019
25 May 2019

Digər xəbərlər >>>