<b>Bir milyarda qız, Xomeyninin bağışladığı torpaq, “Qarabağ” gəlsə, ürəyimiz partlar... - <span style="color:red;">Səbuhi Məmmədli yazır  -  <span style="color:red;">REPORTAJ </b>
15 may 2019 19:30 (UTC +04:00)

Bir milyarda qız, Xomeyninin bağışladığı torpaq, “Qarabağ” gəlsə, ürəyimiz partlar... - Səbuhi Məmmədli yazır - REPORTAJ

- Sən də ilk dəfədi gedirsən? Mən birinci dəfədir. Yox, həkimə getmirəm. Elə-belə, gəzməyə.

Əslən Şəmkirdən olan Yusif iki dostuyla birgə əvvəl Ərdəbilə, sonra Təbrizə gedəcəklər. Özləri demişkən, gəzməyə.

İlqar isə birbaşa Təbrizə gedəcək.

- Axşam saat səkkizə qədər çatmalıyam.

Sən demə, “Traktorsazi”nin oyununa gedirmiş. “Pers Canoobi Jam”la matça.

 

Biləsuvar. Azərbaycan-İran sərhədi. Səhər saat 8.00.

 

(əvvəli burda http://lent.az/news/314557)

 

…Çox maraqlı kişidir Mahmud dayı. Əslində həyatı maraqlı keçib. Əslən Biləsuvardandır. Elə Biləsuvar - Ərdəbil yolunda yolçu daşıyır. Deyir, gündə bir reys o yan, bu yana bəsimdi.

 

- Dörd nökəriniz, bir kəniziniz var (Yəni 4 oğlum, bir qızım. Düzü bu cür müraciəti ilk dəfəydi eşidirdim – S.M.). Dördü də Biləsüvar-Təbriz işləyir. Elə mənim kimi yolçu daşıyır. Hamsını yerbəyer etmişəm. Torpağım vardı, düz ortadan çəkib dedim ki, dədə malınızdır, tən bölək.

 

Deyir, oğlanlarının üçünü evləndirib. Sonuncu oğlu Höccəti də evlənidirəcək bir az pul düzəldib.

 

 - Qız bahadı, sənə qurban. 1 milyarda yaxındı.

 

- Necə bir milyard?

Tümənlə deyirəm. Sizin pulla iki min manat. Bu il də Həccə pul yığmışam. 4 min dollar verib xanımımla gedəcəm. Hərəmizə ha. Səkkiz min dollar. Höccətə dedim ki, oğul, sən gözlə gələn ilə.

Və gülür…

 

Hə, torpaqdan danşırdıq, axı. Mahmud dayı danışır ki, bu torpağı ona İmam Xomeyni şəxsən bağışlayıb.

 

 - Mən əsgərlikdən təzə gəlmişdim. İnqilab baş verdi. Orduda da əsasən şah tərəfdarlarıydı. Bir göz qırpımında dağıldı ordu. Əsgərlər, zabitlər silahlalrını atıb qaçırdılar. Çox böyük bir boşluq yaranmışdı. Elə Səddam da bundan istifadə etdi. Başladı müharibəyə. İlk hücum etdiyi yer də Əhvaz oldu. Çox ağır döyüşlər gedirdi Əhvazda. Əhvaza da elə-belə qoşun yürütmədi ha? Əhvaz nöyütün çox olduğu yerdi. Səddam da oranı tutmaq istəyirdi.

 

 - Səddamın nöyütü yox idi ki?

 

- Əraqda nöyüt bəlkə bizdən də çoxdu. Amma Əmrikə onu işə saldı da. Dedi, baba, İranı tut, xəttini çək, verim bu torpaqları da sənə. İran böyük kişvərdi, baba. Sənə zarafat gəlməsin.

 

Hə, ondan danışırdıq, axı. Müharibə başlayan kimi ciddi əsgər və zabit çatışmazlığı yeni hökuməti səfərbərliyə məcbur edir. Əsgərlikdən təzə qayıdan, yaşı 45-ə kim var, orduya çağrılır. Elə 23 yaşlı Mahmud da göndərilir ən qaynar nöqtəyə, Əhvaza. Topçu imiş Mahmud. Deyir, əsasən gecə döyüşlərində iştirak edirdim.

 

- Sərrast atırdım. Boşa çıxan mərmim az olardı. Çox ağır döyüşlər oldu, çox. Nə qədər şəhid verdik. Amma sonda qalib gəldik. Əraqı qovduq. Bağdada qədər gedib çıxardıq. Əmrikə qoymadı. Məni 6 aydan sonra ordudan buraxdılar. Qayıtdım kəndimizə. Torpaqla məşğul idim. Əkin-biçinlə. Bir gün ostandarlığa çağırdılar. Ərdəbilə. Dedim, yəqin yenə cəngə aparırlar. Amma içəri girəndə gördüm çiynində böyük ulduzları olan biri mənə yaxınlaşdı. Türk idi. Təmiz bizim dildə dedi ki, ayətüllah İmam Xomeyni cəngdə qəhrəmanlıq etmiş xeyli adama torpaq bağışlayıb. Biri də sənsən. Dedim mən heç yaralanmamışam da. Şəhidlərin ailələrinə verin, mən neyləmişəm ki, top atmışam da. Dedi Mahmud, Ağamız səni qiymətləndirib. Bura qol çək, sənədini götür. Ağamıza canım fəda deyib qol çəkdim.

 

Mahmud dayıdan soruşuram:

- İndi hamı şah dövrünü tərifləyir.

-  (Sözümü kəsir) Qurban, niyəsini soruşursan? Nəyini tərifləyirlər? Şahın vaxtında zülm ərşə çıxmışdı. İndi əmin-amanlıqdı. Adamlar adam balası kimi yaşayır. Pul var, hər şey var, işlə, qazan da, kim mane olur. Şahın vaxtında adi məmur belə özünü şah hesab edirdi. İndi kimin haqqı var camaatı incitsin.

 

Mahmud dayı danışır ki, şahın vaxtında azərbaycanlılar iki qat zülmdəydilər.

 

- Bizi adam yerinə qoyan yox idi. Şahın üçüncü xanımı Fərəh, Allah eləməmiş guya azərbaycanlıydı. Amma nə xeyri. Bu torpaqlara – Təbrizə, Ərdəbilə, Zəncana gəlməyi özünə sığışdırmırdı. Fərəh yıxdı şahın evini. Başına tac qoydurdu . O, azərbaycanlıları sevməzdi. Allah da bəlalarını verdi. İndi hardadı o?

 

- Mən nə bilim, ay Mahmud dayı?

- Bəs söz cəmləyən deyilsən? Bilməlisən, axı.

 

 Buyurun, bu da sizin üçün təzə ifadə. Jurnalistə həm də belə deyirmişlər buralarda.

 

***  

…Balaca bir restorandı. Mahmud dayı məni bura qoyub bir saatlığa aralanır. Çox qələbəlikdi. Sən demə, bir azdan matç başlaycaq. Keçən dəfə dedik axı. “Traktorsazi” oynayacaq bu gün. Bu klub doğrudan da İranın Azərbaycan vilayətlərinin qürur yeridir.  Bu gün “Traktorsazi” İranda ən çox və ən coşqun azarkeşləri olan komanda kimi tanınır. Mərəzi Təbriz şəhər stadionunda boş yer tapmaq olmaz “Traktorsazi”nin oyunu günü. Yeri gəlmişkən, “Traktorsazi”nin oyununa bilet bizim pulla 50-60 qəpikdir. Yerli azarkeşlərin öz komandarını dəstəklək şüarları da maraqlıdır. Hamısı boyunlarında komandanın şərfi bir ağızdan qışqırır: “Azərbaycan yurdumuz, Traktror boz qurdumuz!”,- “Gedəcyik inşallah, Bakı-Təbriz-Ankara”.

 

Təbrizli azarkeşlər təkcə öz şəhərlərində fəal deyillər. Təsəvvür edin, İranın ən məşhur klubları olan Tehranın “Persepolis” və “İstiqlal” komandaları ilə oyunların keçirildiyi və 100 min nəfər tamaşaçı tutan “Azadi” stadionunun yarısından çoxu “Traktorsazi” tərəfdarları ilə dolur. Çılğın təbrizliləri Tehranda belə ram etmək mümkün deyil. Bir qədər əvvəl məlum olub ki, “Traktorsazi” tərəfdarlarının getdikcə çoxalması, həmçinin onminlərlə azarkeşin komandanın qələbəsi və ya məğlubiyyətini alqış və şüarlarla qarşılaması hakim rejimin başağrısına çevrilib. Komanda və onun tərəfdarları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilib, yaranmış vəziyyətdən çıxış yolu kimi klubun əslən Xoy şəhərindən olan sahibi Nasir Şəfəqinin əlindən alınaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli “Sepah-e Aşura” korpusunun idarəetməsinə verilib. Klubun rəhbərliyinə gətirilən mühafizəkar hərbçilər “Traktorsazi”nin zəifləməsi və dağılması üçün əllərindən gələni əsirgəməyiblər. Elə yerli hakimlər də “Traktorsazi”nin məğlub olması üçün əllərindən gəlnəi əsirgəmirlər.

Həmid deyir ki, onların ən böyük arzusu “Qarabağ”ın “Traktorsazi”ylə Təbrizdə yoldaşlıq görüşü keçirilməsi olar.

 

 - Sizə bir söz deyim, ağam. İnanın bütün Təbriz gələr stadiona. Bütün Azərbaycan. Oyun bir qırağa e, bu, baş versə, sevincdən ürəyi partlar nə qədər insanın. Biirsən nə fəxarətdi bizə. Qurban olduqlarım Qurbanla bir gəlsinlər Təbrizə, əlimizdə gəzdirərik bütün şəhəri. Qarabağ canımızdı. Həm torpaq, həm də futbolçuları.

 

- Bəs “Traktorsazi” Bakıya gəlsə, “Qarabağ”la oyuna.

- Ağam, sizin o yekə stadion var ha, təyyarə yolunun üstündə, - Olimpiya stadionunu deyir- mən onu görmüşəm, həmin stadionu elə təbrizlilər doldurar. Bütün İran axışar ağa, o stadiona, sən nə danışırsan? Ürək dözər səncə, həmin oyuna? Dözməz ağa, dözməz. Bəlkə də olmasa, yaxşıdır.

 

Bunu deyib də durur. Xüdafizləşib ayrılır. Elə Mahmud dayı da gəlib çıxır. 3 stəkan çay içmişik. Ofisiant pu götürmək istəmir. 1 manat atrıq.

- Ağa, bu, çoxdur. 20 qəpik bəs edər.

Hə, təsəvvür edirsiniz? 20 qəpik. Bizim metal 20 qəpiyimiz. Keçən dəfə də dediyim kimi bizim manat ən azı İranın Azərbaycan ostandarlıqlarında tam keçərliyindədi. Hansı dükana, hansı restorana girirsən gir, manatla rahat alver edə bilirsən. Elə Ərdəbil bazarında da. Burda yerli tümən və ya dollardan daha çox manata etibar edirlər. Təsəvvür edin, qızım Sədəfə bir don bəyənirəm. Adam manatla qiymətini deyir. Hətta o qədər kəskin endirim edir ki, almamaq mümkün deyil. Ərdəbil baharı isə sözün əsil mənasında memarlıq nümünəsidir. Yaşı yüz illəri ötən bu bazarı gəzməklə qurtarmır. Allah bir az əvvəl yananTəbriz bazarının aqibətindən qorusun.

Ümumiyyətlə, Allah Azərbaycanı qorusun, o taylı, bu taylı...

 

Bakı-Ərdəbil-Bakı

 

# 3626
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar