Azərbaycana gətirilən köhnə maşınların fəsadları - <span style="color:red;">Nazirlikdən açıqlama
14 may 2019 16:29 (UTC +04:00)

Azərbaycana gətirilən köhnə maşınların fəsadları - Nazirlikdən açıqlama

“Azərbaycanda atmosfer havasının çirklənməsində avtonəqliyyatın payı gündən-günə artır.

Hazırda Azərbaycanda  avtomobillərin sayı 1 milyon 400 minə yaxındır. Onların  təxminən 77 faizinin 10 ildən yuxarı yaşı var. Təxminən 20 faizinin isə 30-dan yuxarı yaşı var. Təzə-yaşı  iki ildən az olan maşınların sayı isə sadəcə bir faiz təşkil edir”.

Bu açıqlamanı Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə verib.

R.Səttarzadə bildirib ki, Azərbaycana idxal olunan avtomobillərin böyük əksəriyyətinin 10-20, bəzən 30 il istifadə olunmuş maşınlar olması bir sıra problemlər yaradır: “Köhnə maşınların mühərriklərindən çıxan işlənmiş qazlarda zəhərli maddələrin miqdarı təzə maşınlara nisbətən qat-qat artıq olur. Bu da atmosfer havasının çirklənməsinə, insan sağlamlığına mənfi təsir edir. Burda problem təkcə ətraf mühitin çirklənməsində deyil, həm də təhlükəsizlik məsələsidir. Uzun müddət istismarda olmuş avtomobillər təhlükəsizlik standartlarına cavab vermirlər. Son zamanlar faciə ilə nəticələnən yol qəzalarının sayı kifayət qədər artıb. Həmin qəzaların demək olar ki, hamısı köhnə avtomobillərdə baş verir. Köhnə maşınların təkcə mühərrikləri deyil, “kuzoları”  da çox aşınıb”.

Şöbə müdiri qeyd edib ki, gələcəyimizi düşünməli,  hamımızın nəfəs aldığımız havanın təmizliyini, yollarımızın təhlükəsizliyini qorumalıyıq: “Müxtəlif xəstəliklərin artması hava çirkliliyi ilə bilavasitə bağlıdır. Atmosferin çirklənməsinin 70-80 faizini avtomobillərdən atılan tullantılar, zəhərli maddələr təşkil edir. Yerdə qalan 20 faiz fabrik-zavod, stasionar mənbələrin üzərinə düşür”.

Nazirlik rəsmisi problemin azaldılması istiqamətində müvafiq qurumlarla tədbirlərin görülməsindən danışıb. Qeyd edib ki,  standartlara cavab verməyən avtomobillərin mühərriklərinin nizama salınması və s. işlər görülsə də,  istənilən effekti vermir: “İdxal olunduğu ölkədə istismar müddəti bitmiş,  həmin ölkələrdə metallom kimi  nəzərdə tutulmuş avtomobillər 1000-2000 avroya satılır.  Onların istismarı həmin ölkələrdə ya qadağan olunub, yaxud müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq olunur.  Həmin maşınları Azərbaycana gətirirlər. Xüsusilə də köhnəlmiş dizel mühərrikli avtomobillərin gətirilməsi.

Bunun qarşısını almaq üçün rüsum,  vergi, gömrük rüsumlarının tətbiqi siyasətində dəyişiklik etmək lazımdır. Dah yaxşı avtomobillərdən istifadə olunması reklam olunmalıdır”.

# 2847
avatar

Aygün İbrahimli

Oxşar yazılar