[b]Baş nazirin müavini: "Ölkəmizin keyfiyyətləri etiraf edilir..." [/b]
14 may 2019 12:54 (UTC +04:00)

[b]Baş nazirin müavini: "Ölkəmizin keyfiyyətləri etiraf edilir..." [/b]

Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələrinə münasibət bildirib.
 
ONA-nın xəbərinə görə, Baş Nazirin müavini deyib ki, Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən, o cümlədən idman yarışlarından istifadə edirlər.
 
Onun sözlərinə görə, bu, ilk belə hal deyil: "Azərbaycanda siyasətlə əlaqəsi olmayan çox mötəbər tədbirlər keçirilən zaman Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və ölkəmizin imicinin üzərinə kölgə salmağa çalışırlar. Bu, Azərbaycanın dünyada artan nüfuzu və əhəmiyyəti ilə bağlıdır. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahat olur və çirkin əməllərindən qalmırlar. Burada erməni lobbisinin çirkli fəaliyyətini də qeyd etmək lazımdır. Onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşür və Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var". 
 
Ə. Əhmədov qeyd edib ki, bütün bunlar Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsinə əngəl ola bilməyəcək: "Avroliqanın finalı da yüksək səviyyədə keçiriləcək. Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər. Azərbaycana gələn qonaqlar da burada olmaqlarından həzz alacaqlar. Avroliqanın finalını izləmək üçün Bakıya qonaqların gəlməsi ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə olacaq. Azərbaycan sabitliyi, inkişafı və təhlükəsizliyi ilə dünyada tanınır. Ölkəmizin keyfiyyətləri etiraf edilir və heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək". 
# 1170
avatar

Oxşar yazılar